Aybaşı gecikməsi

Müasir dövrdə aktiv həyat ritmi, emosional və fiziki gərginlik, çirkli ekologiya, balanslaşdırılmamış qidalanma qadın orqanizmində hormonal pozğunluqlar yaradaraq, aybaşı pozğunluğu ilə nəticələnə bilər. Aybaşı gecikməsi qızlarda həmçinin tədris və təhsil həyatının çətinliyi səbəbindən formalaşan psixoloji gərginliklə də bağlı ola bilər. 

Normal aybaşı sikli neçə gün davam edir?

Sağlam qadında normal menstrual sikl 21-35 gün arasında dəyişir. Əksər hallarda 2 aybaşıarası interval eyni olur. Bəzən isə 1-3 gün uzanma ilə gedən “üzən sikl” müşahidə edilir. Aybaşı gecikməsi qızlarda siklin yenicə formalaşdığı dövrlərdə, qadınlarda isə klimaks mərhələsi yaxınlaşarkən baş verə bilər. Bu da normal fizioloji proses olub, orqanizmin yeni vəziyyətə uyğunlaşması ilə izah edilir. 

Menstrual siklin fazaları 

Aybaşı sikli xüsusi hormonlar tərəfindən idarə olunur. O, 2 fazadan ibarətdir: follikulyar və lütein. Bu fazaların hər ikisində qadın orqanizmi fol turşusu, C və E vitaminləri, maqnezium, sink kimi minerallara ehtiyac duyur. Araşdırmalara əsasən bəzi hallarda aybaşı gecikməsi birbaşa olaraq lütein fazada vitamin defisiti ilə əlaqədar yaranır. Məsələn, orqanizmdə C vitamini çatışmadıqda qadın cinsi hormonu – estradiolun səviyyəsi azalır. Odur ki, aybaşı gecikməsi hallarında vitamin qəbulu çox faydalıdır. 

Aybaşı gecikməsi şəkil

Menstrual gecikmənin növləri 

Aybaşı gecikməsi 2 formaya bölünür: fizioloji və patoloji. 

Fizioloji aybaşı gecikməsi aşağıdakı faktorlarla bağlıdır:

– klimaksın başlanması; 

– 13-14 yaş qızlarda yetkinlik dövrü;

hamiləlik

Patoloji aybaşı gecikməsi müəyyən xəstəliklər, hormonal pozğunluqlar və sair amillərin təsirindən baş verir. Onun 2 tipi mövcuddur: 

– oliqomenoreya: aybaşı 10 gündən -2 aya kimi gecikir;

– amenoreya: aybaşı gecikməsi 3 aydan çox davam edir. 

Aybaşı gecikməsi nədən yaranır? 

Menstrual sikl fərqli səbəblərdən pozula bilər. Onlara orqanizmin əlverişsiz şəraitə adaptasiyası, yəni uyğunlaşmasını misal göstərmək olar. Belə ki, insan orqanizmi şüurlu bir struktur olaraq əlverişsiz, keyfiyyətsiz həyat şəraitində hamiləliyin inkişafının qarşısını almaq üçün tədbirlər görür. Menstrual gecikmə də belə vəziyyətlərdə orqanizmin müdafiə reaksiyası sayılır. 

Aybaşı gecikməsi 1 şəkil

Yeri gəlmişkən, əlverişsiz həyat şəraitinə aşağıdakıları aid etmək olar:

  • ailədaxili problemlər;
  • daimi emosional stress;
  • vitamin, mineral, zülal defisitli qidalanma;
  • gərgin iş rejimi, həddindən artıq fiziki aktivlik, peşəkar səviyyədə idmanla məşğul olma;
  • ekoloji cəhətdən çirkli ərazidə yaşama, müxtəlif formalı zəhərlənmələr.

Əlavə olaraq, bəzi dərman preparatlarının qəbulu, genetik meyllik də menstrual gecikmənin səbəbləri sırasındadır.

Bir çox qadın arıqlamaq məqsədilə müxtəlif pəhrizlər saxlayır. Bu isə nəticə etibarilə orqanizmdə vitamin mineral və digər lazımi maddələrin defisitini yaradır. Lakin qeyd edək ki, təkcə arıqlama deyil, piylənmə də menstrual gecikməyə gətirib çıxara bilər. 

Həmçinin spirtli içkilər və tütün istifadəsi, sənayə tullantıları ilə zəhərlənmə qadın orqanizmində hormonal və maddələr mübadiləsində disbalans yaradır. 

Bəzi dərman vasitələri, məsələn oral kontraseptivlər, eləcə də endometriozun müalicəsi zamanı uzunmüddət qəbul edilən gestagenlər, prednizolon, qlikokortikoidlər aybaşı gecikməsi ilə sonlana bilər. 

Yuxarıda qeyd etdiyimiz kimi aybaşı gecikməsi fərqli səbəblərdən baş verir. Ona görə də bu məsələyə laqeyd yanaşmaq, özbaşına, yəni həkim təyinatı olmadan hormonal preparatlar içmək olmaz. Belə yanaşma mövcud vəziyyəti kəskinləşdirərək, qeyri-qənaətbəxş hallarla nəticələnə bilər.