Aybaşı pozğunluğunun müalicəsi
Aybaşı pozğunluğu əslində ümumi anlayışdır. Bura müxtəlif formalı menstruasiya pozulmaları daxildir. Məsələn:
– menstruasiya gecikməsi və aybaşı gününün az olması (oliqomenoreya);
– vaxtından əvvəl aybaşı olmaq;
– menstruasiya qanının çox gəlməsi (hipermenoreya);
– aybaşı qanının normadan az olması (hipomenoreya);
– dismenoreya (ağrılı aybaşı);
– tsiklin qeyri-müntəzəmliyi;
– aybaşılar arası qanaxma.
Menstruasiya pozğunluğunun müalicəsi onun formasından asılı olaraq seçilir.
Aybaşı pozğunluğunun müalicəsi necə aparılır?
Aybaşı pozğunluğunun müalicəsi özündə aşağıdakı istiqamətləri birləşdirir:
- Vitamin terapiyası. Qeyri-müntəzəm tsikli olan qadınlarda ciddi funksional problem aşkarlanmadıqda tətbiq edilir. Bəzən isə diaqnostika prosesində qadın cinsiyyət orqanı xəstəlikləri aşkarlandıqda əsas müalicə ilə yanaşı dəstəkləyici terapiya kimi vitamin və mineral maddələr təyin olunur.
- Qidalanma və fiziki aktivlik. Qadın orqanizmi qida rasionunun kaloriliyinə və orqanizmdəki piyin miqdarına çox həssasdır. Piylənmə ilə yanaşı anoreksiya (bədən kütlə indeksinin həddindən az olması) da aybaşı pozğunluğunun yaranmasına təkan verir. Bunun səbəbi piy toxumasının aktiv endokrin orqan olmasıdır. Böyrəküstü vəzilərin sintez etdiyi androgenlər məhz piy toxumasında estrogenlərə çevrilir. Piylənmə zamanı hiperestrogeniya – menstrual tsiklin normal gedişatını pozan estrogen artıqlığı müşahidə olunur. Bununla yanaşı artıq çəki uşaqlığın miomasının risk amillərindən sayılır. Mioma özü də aybaşı pozğunluğu törədir. O üzdən qadın sağlamlığının dəstəklənməsi məqsədilə sağlam qidalanma və fiziki aktivlik mütləqdir.
- Əvəzedici hormonal terapiya. Hormonal fonu şərti olaraq qısa müddətdə normallaşdıran və həkimlərin çox sıx istifadə etdiyi metoddur. Bu zaman yumurtalıqların və hipotalamo-hipofizar sistemin cinsi hormonların mübadiləsinə cavabdeh olan hissələri istirahət rejiminə keçir. Yəni sintetik əvəzedicilər orqanizmdə təbii hormonların təsirinə oxşar effekt yaradır. Əvəzedici hormonal terapiya endometrioz, yumurtalıqların polikistozu və digər qadın xəstəliklərində müsbət nəticələr verir. Ancaq bu preparatların əks göstərişləri və əlavə təsirləri çoxdur. Ona görə müalicəyə özbaşına deyil, yalnız ginekoloq tərəfindən qərar verilməlidir. Həmçinin yaşı 30-dan yuxarı, artıq çəki və tromblaşmaya meylli qadınlarda əvəzedici hormonal terapiya əks-göstəriş sayılır.
- Qeyri-ginekoloji xəstəliklərin müalicəsi. Əgər aybaşı pozğunluğu şəkərli diabet, hipofizin funksional çatışmazlığı, hipotireoz fonunda baş verirsə, ilk əvvəl bu xəstəlikləri müalicə etmək lazımdır. Ehtiyac yarandıqda cərrahi müalicənin aparılması zəruridir.
- Simptomatik metod. Aybaşı pozğunluğunun səbəbini aşkarlamaq mümkün olmadıqda və ya bunun orqanizmin fərdi xüsusiyyətləri ilə əlaqədar yarandığı təsdiqlənirsə, o zaman simptomatik müalicə təyin olunur. Belə vəziyyətlərə dismenoreya və ya patoloji fonda olmayan hipermenoreya misaldır.
Aybaşı pozğunluğunun müalicəsi – cərrahi müdaxilə
Dərman preparatlarından istifadə etməklə menstruasiya pozğunluğunun müalicəsi arzuolunan effekt vermədikdə, cərrahi müdaxiləyə ehtiyac yaranır. Sonda onu da qeyd edək ki, aybaşı pozğunluğunun müalicəsi gecikdirilməməli, vəziyyət ağırlaşmadan başlanmalıdır. Belə olan təqdirdə fəsadların qarşısını almaq mümkün olur.