Aybaşı zamanı qanın çox gəlməsi
Qadınlarda aybaşının çox olması ciddi əlamət sayılır. Belə halları qətiyyən gözdən qaçırmaq olmaz.
Aybaşı zamanı qanın çox gəlməsi qorxulu haldır?
Menstrual qanın çox gəlməsi bəzi qadınlarda orqanizmin fərdi xüsusiyyətidir. Ancaq aşağıdakı simptomlar müşahidə edildikdə bu, patologiya sayılır:
- vaxtından əvvəl aybaşı olmaq;
- menstruasiyanın 7 gündən çox davam etməsi;
- qarın nahiyəsində şiddətli ağrıların yaranması;
- tampon və ya bezin hər 1-1.5 saatdan bir dəyişdirilməsi;
- zəiflik və baş gicəllənmənin meydana çıxması.
Aybaşı zamanı qanın çox gəlməsi nə ilə bağlıdır?
- xoşxassəli şişlər. Belə vəziyətlərdə aybaşı zamanı ifrazatın çox olması ilə yanaşı tsiklin ortasında qanlı axıntılar müşahidə edilir;
- bəzi hormonal preparatların qəbulu. Bu halda həmin dərmanın dəyişdirməsi, alternativ variantın təyin edilməsi üçün ginekoloqa müraciət edilməlidir;
- uşaqlığın bədxassəli şişləri;
- yumurtalığın hormonal disbalans ilə müşayiət edilən xəstəlikləri;
- yeniyetməlik dövrü. İlkin aybaşı zamanı qanın miqdarı çox, davametmə müddəti isə 7 gündən uzun ola bilər. Zaman keçdikcə bu halın normaya düşməməsi müəyyən bir xəstəlikdən xəbər verir;
- klimaks öncəsi qanaxmalar;
- iltihabi proseslər;
- endometrioz;
- uşaqlıqdan kənar hamiləlik;
- qan xəstəlikləri;
- qanı durulaşdıran preparatların istifadəsi;
- aybaşı zamanı isti duş, vanna, sauna;
- qarında zədələnmə (travma).
Aybaşı zamanı qanın çox gəlməsi hallarında nə etməli?
- ağır fiziki məşqlərdən imtina etmək;
- kofe qəbulunu məhdudlaşdırmaq;
- isti vanna qəbulu və sauna xidmətini təxirə salmaq.
Aybaşı zamanı qanın çox gəlməsi vaxt keçdikcə anemiyaya səbəb ola bilər. Aşağıdakı siptomlardan bir neçəsi ilə qarşılaşdıqda, qanda hemoqlobin və ferritin səviyyəsini təyin etmək məsləhət görülür.
- tez yorulma;
- 8-9 saat yatdıqdan sonra yuxululuq;
- başgicəlllənmə;
- bayılma;
- açıq rəngli vaginal axıntı;
- dərinin elastikliyinin pozulması, quruması, parlaqlığın itməsi;
- dırnaqların sınması və soyulması;
- saş tökülməsi;
- diqqətin yayınması.
Aybaşı vaxtı qanın çox gəlməsi təcili yardıma səbəbdirmi?
Aybaşı qanının çox olması ilə uşaqlıq qanaxmalarını fərqləndirmək çox vacibdir. Çünki uşaqlıq qanaxmalarına vaxtında müdaxilə edilməzsə, həyati təhlükə yarana bilər. Uşaqlıq qanaxmalarının əsas fərqləndirici xüsusiyyətləri:
- menstruasiyadan kənar şiddətli qanaxmalar;
- al qırmızı qan;
- travmadan sonra başlayan qanaxma;
- qanaxmanın intensivliyinin get-gedə artması;
- menopauza sonrası qanaxma;
- nəbzin zəifləməsi;
- güclü başgicəllənmə və ürəkbulanma, dərinin solğunlaşması;
- soyuq tər.
Həkim gələnə qədər qanaxmanı necə zəiflətmək olar?
- uzanaraq ayaqların altına yastıq qoymaq. Bu üsul həyati vacib orqanlarda qanın sirkulyasiyasını təmin edir.
- qarnın aşağı hissəsinə dəsmala bükülmüş buz qoymaq. Soyuq kompresi 10 dəqiqə saxladıqdan sonra, 10 dəqiqə fasilə vermək, sonra yenidən təkrarlamaq lazımdır.
- çoxlu miqdarda su, şirin çay və ya çaytikanı dəmləməsi qəbul etmək.
Əgər Sizdə də yuxarıda sadalanan əlamət və xəstəliklər varsa, ləngimədən ginekoloqa müraciət etməyiniz məsləhətdir.