Doğuşdan sonra aybaşı pozğunluğu

14 Oktyabr 2019 Kateqoriya: Aybaşı pozğunluğu Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 8292
Doğuşdan sonra aybaşı pozğunluğu foto
5/5 - (1 vote)

Qadınların bir hissəsi doğuşdan sonra aybaşı pozğunluğu ilə rastlaşırlar. Ümumiyyətlə, uşaq dünyaya gəldikdən sonra zamanla menstruasiyanın müntəzəm vəziyyətə qayıtması qadın orqanizminin bərpa olmasının əlamətidir. Ancaq çox vaxt bu proses gecikmələrlə, hətta ağırlaşmalarla keçir.

Körpə doğulduqdan sonra aybaşı pozğunluğu niyə baş verir?

Uşaq doğulduqdan sonra menstruasiya tsiklinin bərpası endokrin sistemin və digər orqanların hamiləlikdən əvvəlki vəziyyətlərinə qayıtması ilə təmin olunur. Bu dövr 6-8 həftə çəkir.

Doğuşdan sonra aybaşı pozğunluğu nə ilə bağlıdır?

Hamiləlik boyu qadın orqanizmində yaranan fizioloji dəyişikliklər zahılıqda tədricən itməyə başlayır. Bu, bütün orqan və sistemləri əhatə edir.

Normada doğuşdan sonra aybaşı tsiklinin bərpası aşağıdakı ardıcıllıqla baş verir:

  • əzələ qatının aktiv yığılması nəticəsində uşaqlığın ölçüləri kiçilir. O, hamiləlikdən əvvəlki ölçülərinə qayıdır;
  • doğuşdan sonra ilk 10-12 gün uşaqlığın dibi gündə 1 sm enir;
  • 7-8-ci həftədə uşaqlığın vəziyyəti və ölçüləri norma səviyyəsinə qayıdır;
  • doğuşdan sonra 1-ci həftənin axırında uşaqlığın həcmi 2 dəfə kiçilərək 400 qram, zahılıq dövrünün sonunda isə 50-60 qram təşkil edir.
  • uşaqlıq boynu və daxili dəlik aktiv şəkildə bərpa olunur. Belə ki, genişlənmiş uşaqlıq boynu zahılığın 10-cu günündə öz əvvəlki ölçülərinə qayıdır. 3-cü həftədə isə daxili dəlik tam qapanır.

Proseslərin bu cür davamlılıq müddəti norma sayılır. Cüzi kənaraçıxma halları narahatlıq hissi doğurmamalıdır.

Doğuşdan sonra aybaşı pozğunluğu şəkil 1

Doğuş sonrası aybaşı tsiklinin bərpasının sürətli və ya gecikmiş olması bir çox səbəbdən asılıdır:

  • doğuş sonrası qadın orqanizmi çox zəiflədikdə;
  • 3-cü və ya daha artıq hamiləlik yaşandıqda;
  • ilk hamiləlik və doğuş zamanı qadının yaşı 30-dan yuxarı olduqda;
  • doğuş patologiya və ağırlaşmalarla keçdikdə;
  • doğuşdan sonra ginekoloq tərəfindən təyin edilmiş rejim pozulduqda;
  • ananın qidalanması zəiflədikdə;
  • qadın doğuş sonrası depressiya keçirdikdə.

Doğuşdan sonra aybaşı pozğunluğu – südvermə dövrü

Tsiklin bərpası adətən 6-8 həftə çəkir. Bu, 2 istiqamətdə baş verir:

  • süd verən qadında menstrusiya bir neçə ay bərpa olunmur;
  • süd verən qadında süd verməyənlərlə eyni müddətdə, yəni 6-8 həftədən sonra aybaşı bərpa olur.

Südün yaranmasına səbəb olan prolaktin hormonu yumurtahüceyrənin yetişməsini və ovulyasiyanı ləngidir. Körpə qarışıq qidalandıqda (süd və əlavə qidalar) tsiklin normallaşması 3-4 ay sürür. Uşaq süni qidalanmada olduqda isə tsikl doğuş sonrası 2-ci ay normallaşır.

Doğuşdan sonra aybaşı pozğunluğu şəkil 2

Doğuşdan sonra aybaşı pozğunluğu hansı formada olur?

  • qeyri-stabil tsikl və gecikmələr. Doğuş sonrası 6 ay ərzində menstrual tsiklin qeyri-müntəzəmliyi, ginekoloqun müayinəsindən keçməyə əsas verir.
  • normada aybaşı 3 və ya 5 gündən çox olmamalıdır. Doğuş sonrası hipomenoreya (aybaşı qanının azlığı), qısa aybaşı (1-2 gün), və ya hipermenoreya (5 gündən uzun) patologiya sayılır. Bəzi hallarda bunlar endometrioz və ya miomanın simptomu ola bilər.
  • normada aybaşı zamanı gələn qanın miqdarı 50-150 ml təşkil edir. Bu miqdardan kənaraçıxmalara laqeyd yanaşmaq olmaz. Bəs bu göstəricini necə müəyyən etmək olar? Deməli, zahılıq dövründə gigiyenik bezlər 5-6 saatdan bir dəyişməlidir. Bezin tez-tez dəyişdirilməsinə ehtiyacın yaranması patologiyadan xəbər verir.
  • qarın ağrıları. Doğuşdan sonrakı dövrdə qarında sancı və ya dartılan ağrılar müntəzəmdirsə və aybaşı olmasına baxmayaraq azalmırsa, belə vəziyyətlər endometrioz və ya endometrit, salpinqoooforit (uşaqlıq boruları və yumurtalıqların iltihabı) əlaməti kimi dəyərləndirlə bilər. Bu zaman dəqiq diaqnostika və müalicə aparılmalıdır.
  • Doğuşdan sonra aybaşı zamanı baş, bel və oynaq ağrıları, emosionallıq, süd vəzilərində şişkinlik, təzyiqin yüksəlməsi patologiyaya işarə edir.

Doğuşdan sonra aybaşı pozğunluğu – qanaxma halları

Doğuş sonrası uşaqlığın cift hissəciklərindən təmizlənməsi qanlı ifrazatlarla (loxiya) müşayiət olunur. Bu hal uşaqlığın daxili qişası – endometriumun üst qatı bərpa olana qədər davam edir. Normada uşaqlığın təbii doğuşdan sonra təmizlənməsi 30-45 gün çəkir. Qeysəriyyə əməliyyatından sonra isə çapıqlaşma ilə əlaqədar bu müddət xeyli uzanır. Həmin dövrdə uşaqlıq infeksiyalara qarşı çox həssas olduğundan gündəlik bezləri mütəmadi dəyişmək, şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.

Doğuşdan sonra aybaşı pozğunluğu ilə loxiyanı necə fərqləndirmək olar?

Loxiyanın forması və rəngi daim dəyişir. 1-ci həftənin sonunda qanlı ifrazatlar bir qədər solğunlaşır, 2-ci həftədən sonra isə selikli xarakter alır. Doğuşdan 1 ay keçdikdə onların miqdarı tamamən azalır. Qadınlar adətən bu prosesi menstruasiyadan çox asanlıqla fərqləndirirlər. Loxiyanın kəsilməsi ilə ilk aybaşı arasında 2 həftə interval olur.

Xülasə

Doğuşdan sonra aybaşı pozğunluğu ilə qarşılaşdıqda vaxt itirmədən ginekoloqa müraciət edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)