Aybaşı zamanı nə yeməli?
Aybaşı tsikli qadın həyatının müəyyən bir hissəsini təşkil edir. Bu dövr orta hesabla 28 gün çəkir. Müxtəlif qadınlarda tsikl günlərinin sayı fərqli ola bilər. 28 günlük tsiklin 1-4-cü sutkasında bel və qarın əzələlərində küt xarakterli spesifik aybaşı ağrıları, halsızlıq, səbəbsiz qıcıqlanma meydana çıxır.
Bu narahatlıqları qidalanma rasionunda bəzi düzəlişlər etməklə azaltmaq olar. Elə isə aybaşı zamanı nə yeməli olduğunuzu tsiklin günlərinə görə aydınlaşdıraq.
Aybaşı tsiklinin 1-5-ci günlərində nə yeməli?
Bu period progesteron səviyyəsinin qanda kəskin azalması ilə xarakterizə olunur. Uşaqlığın daxili qişasının (endometrium) soyulması baş verir. Estrogenlərin qanda miqdarı tədricən artır.
Aybaşı zamanı nə yeməli – kalsium
Aybaşı tsiklinin 1-5 günləri qanda kalsiumun miqdarı azalır. Kalsium çatışmazlığı ilə əlaqədar maddələr mübadiləsi zəifləyir, əzələ və sinir sisteminin fəaliyyəti pozulur. Bu mikroelementin defisiti özünü ayaqda qıcolmalar və yüksək emosionallıqla biruzə verir.
Aybaşının ilk günlərində orqanizmin kalsium ehtiyacını ödəmək üçün rasiona süd məhsulları (kəsmik, yağsız pendir) və yaşıl rəngli tərəvəzlər əlavə etmək lazımdır. Gündə 1 stəkan süd içmək fayda verir.
Aybaşı zamanı nə yeməli – fol turşusu
Qanda estrogenin səviyyəsini tənzimləyən və şişkinliyin qarşısını alan fol turşusu brokkoli kələminin tərkibində daha çoxdur.
Aybaşı zamanı nə yeməli – E vitamini və təbii antioksidantlar
Ağrı siptomunu azaltmaq üçün antioksidantlarla (sərbəst radikalları neytrallaşdıran maddələr) zəngin qidalar – alma, gavalı, sitrus meyvələri, qırmızı kələm istifadə etmək məsləhətdir. E vitamininə isə bitki yağı və paxlalı bitkilərdə rast gəlinir.
Aybaşı zamanı nə yeməli – kalium və maqnezium
Əzginlik, yorğunluq, halsızlıq kimi hallara səbəb olan kalium və maqnezium çatışmazlığı banan, gündə 100 qram qoz-fındıq, kartof, günəbaxan tumları, ərik, qarpız ilə aradan qalxır.
Aybaşı zamanı nə yeməli – dəmir
Qeyri-stabil aybaşı tsiklinin səbəblərindən biri hemoqlobin azlığıdır. Bu, xüsusiilə uşaqlıqdaxili spiraldan istifadə etdikdə və aybaşı zamanı qan çox gəldikdə baş verir. Hemoqlobin itkisini tərkibində dəmir olan ərzaqlarla balanslaşdırmaq olar. Bunlara dəniz məhsulları, malın qaraciyəri, qarabaşaq sıyığı aiddir.
Aybaşı tsiklinin 5-14-cü günü nə yeməli?
Həmin günlərdə menstrual qanaxmalar kəsilir. Orqanizmdə estrogenlərin miqdarı maksimal səviyyəyə çatır. Bu dövr mayalanma üçün optimal sayılır. Tsiklin 13-cü günü yumurtahüceyrənin yetişməsini və yumurtalıqdan çıxmasını stimulə edən hipofiz hormonları pik həddə çatır.
14-cü gün ovulyasiya baş verir. Bu müddətdə qidalanma xüsussiyyətləri orqanizmin çəki atmasına və piylərin əriməsinə gətirib çıxara bilər. Fiziki məşqlər və düzgün tərtib olunmuş rasion sürətlə çəkinin azalması ilə nəticələnir. Bunun üçün gündəlik rasiona sinklə zəngin qidalar: ət və digər heyvani məhsullar əlavə edin.
Ovulyasiyadan sonra 15-23-cü günlərdə nə yeməli?
Mayalanma baş vermədikdə qanda estrogenlərin səviyyəsi tədricən azalır. Yumurtahüceyrədən azad olan follikul progesteron sintez edən sarı cismə çevrilir. Maddələr mübadiləsi zəifləyir. Pəhriz və idmanla istənilən nəticələri əldə etmək mümkün olmur.
Bu periodda orqanizmdə su ləngiyir, ödem, gözaltı torbacıqlar və çəkinin bir qədər artması müşahidə edilir. Dərinin yağlanması, menstruasiyaya yaxın dövrdə üzdə sızanaqlar, iltihabi proseslər müşahidə olunur. Sadalanan əlamətləri zəiflətmək üçün menyudan yağlı, duzlu, hisə verilmiş qidaları kənarlaşdırmaq tövsiyə edilir.
Yadda saxlayın ki, bu günlərdə Sizin ümumi vəziyyətiniz yediyiniz qidalardan asılıdır. Buna görə də rasionunuza yuxarıda qeyd olunan məhsulları əlavə etməyiniz məsləhətdir.