Cinsi yolla keçən infeksiyalar
Cinsi yolla yoluxan infeksiyalar fərqli mikroorqanizmlər tərəfindən törədilir. Onlar bir-birlərindən ölçüləri, həyat tsikli, müalicəyə həssaslığı, əlamətlərinə görə seçilirlər.
Törədicidən asılı olaraq qadın cinsi xəstəlikləri aşağıdakı qruplara bölünür:
Cinsi yolla keçən bakterial infeksiyalar
- Sifilis (Triponema pallidum);
- Qonoreya (Neisseria gonorrhaea);
- Yumşaq şankr (Haemophilus ducreyi);
- Zöhrəvi limfaqranuloma;
- Zöhrəvi qranuloma;
- Xlamidioz (Chlamydia trachomatis);
- Mikoplazmoz (Micoplasma);
- Ureplazmoz (Ureaplasma urealyticum);
Virus mənşəli cinsi yolla keçən infeksiyalar
- Genital və anorektal papilloma;
- Genital herpes;
- HİV (SPİD).
Cinsi yolla keçən parazitar infeksiyalar
- Trixomoniaz (ibtidailər tərəfindən törədilir);
- Qoturluq (gənə mənşəli);
- Qasıq pedikulyozu (bitlər tərəfindən formalaşır).
Bu xəstəliklərin bəziləri iltihab (xlamidiya və qonoreya), digərləri isə xoralaşma (sadə herpes, sifilis, yumşaq şankr) şəklində təzahür edir.
Cinsi yolla keçən infeksiyalar – risk faktorları
- Bir neçə cinsi partnyorun olması;
- İntim yaxınlıq zamanı kontraseptiv vasitələrdən (prezervativ) istifadə edilməməsi;
- Profilaktik müayinə və ya müalicə üçün kifayət qədər maddi vəsaitin olmaması;
- Hər iki partnyorun eyni zamanda müalicə olunmadığı təqdirdə təkrari yoluxma ehtimalının yaranması;
- Yarımçıq müalicə nəticəsində preparatlara qarşı daha davamlı mikroorqanizm ştammlarının formalaşması.
Cinsi infeksiyaların əlamətləri
Xəstəliklərin təzahürləri infeksiyanın növündən asılı olur. Ümumi əlamətlərə aşağıdakılar aiddir:
- Cinsiyyət orqanlarından gələn ifrazat və pis qoxu;
- Üz, dodaq və cinsiyyət orqanları nahiyəsində səpkilər;
- Cinsiyyət orqanlarının qızarması və şişkinliyi;
- Uşaqlıq yolunun qaşınması;
- Ağrı;
- Göynəmə;
- Limfa düyünlərinin böyüməsi və ya ağrılı olması.
Cinsi yolla keçən infeksiyalar – müalicə
- Simptomatik müalicə (əlamətlərin aradan qaldırılması);
- Mikrob və virus əleyhinə preparatlar;
Müalicə prosesində törədicinin növündən asılı olaraq, müxtəlif dərman vasitələrindən istifadə olunur. Bakterial mənşəli xəstəliklərin müalicəsi zamanı hər iki partnyorun tam sağalmasına qədər intim yaxınlıqdan imtina etmək gərəkdir.
Virus mənşəli infeksiyalar: HİV və sadə herpes orqanizmdən heç bir zaman təmizlənmir. Belə vəziyyətlərdə tətbiq olunan dərman preparatları sadəcə xəstəliyi idarə edir. Onun kəskinləşməsinə imkan vermir.
Sonda vacib bir məqamı nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan infeksiyalardan ən effektiv qorunma üsulu prezervativlərdir.