Hamiləlik neçə həftə olur?
Hamiləlik dövründə körpə adətən ana bətnində 40 həftə qalır. Ancaq bəzi hallarda doğuş vaxtından əvvəl baş verə və ya əksinə, gecikə bilər. Ona görə də qadın hamilə qaldıqda onu maraqlandıran suallardan başlıcası hamiləliyin neçə həftə davam edəcəyi olur.
Təxmini doğum tarixi elə ilk müayinə zamanı ginekoloq tərəfindən təyin edilir. Uşağın dünyaya gələcəyi gün barədə ultrasəs müayinəsindən sonra daha dəqiq məlumat verilir.
Hamiləlik adətən neçə həftə olur?
Ginekoloqun hesabatı ilə əsl hamiləlik müddəti hər zaman üst-üstə düşmür. Xəta payı 2 həftə təşkil edir. Bu fərq hamilə qadınları bəzən qıcıqlandırır, hətta təşvişə salır. Və demək olar ki, bütün hamilələr doğuş tarixini özbaşına hesablamağa səy göstərirlər.
Hamiləlik dövrü ümumilikdə neçə həftə olur?
Doğuş vaxtını hesablamaqda əsas çətinlik mayalanma tarixinin dəqiq bəlli olmaması ilə bağlıdır. Əksər hallarda mayalanma ovulyasiya vaxtına təsadüf edir. Bu dövrdə yumurtahüceyrə follikuldan çıxaraq, spermatozoidi qəbul etməyə hazır olur.
Ovulyasiya tarixini müəyyən etmək üçün Ultrasəs müayinəsi aparıla bilər. Spermatozoidlərin hərəkət sürəti və keyfiyyətindən asılı olaraq, mayalanma cinsi əlaqədən dərhal sonra deyil, bir neçə gün keçdikdə baş verə bilər.
Hamiləlik neçə həftə olur – vaxtından keçmiş hamiləlik
Yaxın qohumlarında uzun sürən hamiləlik və ya vaxtından əvvəl doğuşun rast gəlindiyi qadınlarda bu halın müşahidə edilmə ehtimalı yüksək olur. Bəzən qadın psixoloji cəhətdən özünü müəyyən bir doğuş tarixinə hazırlayır. Çox zaman bu proses onun proqramlaşdırdığı kimi həyata keçir.
Onu da qeyd edək ki, el arasında qız uşaqlarının oğlanlardan tez doğulması barədə deyimin tibbdə heç bir əsassı yoxdur.
Hamiləlik neçə həftə olur – ultrasəs müayinəsi
USM zamanı dölün ölçüsünə əsaslanaraq, doğum müddətini təxmin etmək mümkündür. Bunun üçün ultrasəs aparatına qadının son menstruasiya tarixinin ilk günü daxil edilir və doğuş vaxtı avtomatik şəkildə hesablanır.
Lakin bəzi hallarda dölün ölçülərinə görə aparatın göstərdiyi hamiləlik həftəsi aybaşı tarixinin hesablanması ilə alınan müddətlə üst-üstə düşmür. Bu vəziyyət 2 cür təzahür edir:
- Dölün ölçüləri avtomatik hesablanmış müddətə uyğun gəlmir (böyükdür). Bu hal qadının aybaşı tarixini səhv xatırlaması və ya ovulyasiyanın tez baş verməsi ilə bağlıdır. Bəzən isə uşaq doğulduqdan sonra öz yaşıdlarından daha böyük görünür. Bu, onun fərdi xüsusiyyəti olub, əsla patologiya sayılmır.
- Dölün ölçüləri avtomatik hesablanmış həftə ilə uyğunlaşmır – geridə qalır. Bu zaman dölün inkişafdan qalması və ya hipoksiyası, düşük ehtimalı, plasentar çatışmazlıq kimi hallara şübhə yaranır. Belə vəziyyətlərdə diaqnozun təsdiqlənməsi üçün bir sıra analizlər, əsasən üçlü test (XQ, E3, AFP) təyin olunur. Testin nəticələrindan asılı olaraq, digər genetik analizlər də lazım gələ bilər. Müayinənin cavabı qənaətbəxşdirsə, ən yaxşı halda dölün ölçüsünün kiçik olması gecikmiş ovulyasiya ilə izah edilir. Qeyd edək ki, XQ-xorionik qonadotrpinin, E3-qadın cinsi hormonu sərbəst estriolun, AFP isə alfa feto proteinin qısaldılmış adıdır.
Çoxdöllü hamiləlik neçə həftə olur?
Çoxdöllü hamiləlik döl sayının birdən çox olmasıdır. Bu zaman hamiləlik daha qısa, təxminən 32-34 həftə sürür. Çoxdöllü hamiləlik adətən Qeysəriyyə əməliyyatı ilə sonlandırılır. Çünki bəzən döllərdən biri baş deyil, sağrı gəlişli olur. Bu da doğuş prosesində qadın üçün çətinlik, eləcə də təhlükə törədə bilər. Döldə isə hipoksiya (oksigen çatışmazlığı) riski yüksəlir.