Hamiləlikdə qrip
Bütün hamiləlik boyu, yəni 9 ay ərzində qripə tutulmayan qadına nadir hallarda rast gəlinir. Əgər burnunuz axırsa, boğazınızda isə qıcıqlanma, qaşınma varsa, həyəcanlanmağa tələsməyin. Ola bilər ki, bu sadəcə soyuqdəymənin əlamətidir. Belə hallar uşağınız üçün heç bir təhlükə daşımır. Əgər qrip adlanan virusa yoluxmusunuzsa, bu zaman narahatçılığa əsas yarana bilər.
Hamiləlikdə qrip barədə bir qədər ətraflı
Bu xəstəliyin simptomları hər kəsə məlumdur: yüksək temperatur, zəiflik, burun axması, öskürək, baş ağrısı və s. Qripin törədicisi ortomiksovirus qrupuna aiddir. Bu, soyuqladıqda və ya tərlədikdə yoluxan xəstəlik deyil. Qrip hava-damcı infeksiyası olub, xəstə insan asqırdıqda, öskürdükdə və ya danışdıqda sağlam şəxsə keçir.
Qripə yoluxduqdan sonra nələr baş verir?
Qrip virusu orqanizmə düşdükdə sürətlə çoxalaraq, qan axını ilə bütün bədənə yayılır. Bu zaman tənəffüs yollarının selikli qişasının qoruyucu örtüyü zədələndiyindən öz müdafiə funksiyasını yerinə yetirə bilmir. Məhz bu səbəbdən qrip müalicə olunmadıqda, bir sıra fəsadlarla: pnevmoniya, bronxit, otit (orta qulağın iltihabı), sinusit (burunətrafı ciblərin iltihabı) ilə ağırlaşır.
Bəzən miokardın iltihabı yarana bilər ki, bu da zamanla ürək çatışmazlığına gətirib çıxarır. Sadalanan ağırlaşmalarla əlaqədar hamiləlik zamanı qrip ciddi problem hesab edilir.
Hamiləlikdə qrip olanlar üçün hansı təhlükələr mövcuddur?
Hamiləlikdə qrip olan qadınlar üçün ən qorxulu hal düşük və ya vaxtından əvvəl doğuş təhlükəsidir. Bundan əlavə hamiləlikdə qrip keçirtdikdə zəifləmiş orqanizmə bakterial infeksiyaların hücumu baş verə bilər. Çox vaxt hamiləlikdə qrip ürək-damar, bəzi böyrək xəstəlikləri, maddələr mübadiləsinin pozulması, xroniki bronxit, bronxial astma kimi xroniki patologiyaların kəskinləşməsi ilə nəticələnə bilər.
Hamiləlikdə qrip necə müalicə olunmalıdır?
Hamiləlik zamanı qrip yalnız həkim tərəfindən müalicə edilməlidir. Çünki onun terapiyasında fərqli dərmanlar və sxem tətbiq edilir. Belə ki, normal halda təyin edilən prepatlar hamiləlikdə qrip olan qadınlara əks göstərişdir. Bu qrupa aspirin, bəzi öskürək və virusəleyhinə dərmanları aid etmək olar.
Hamiləlikdə qrip zamanı ilk növbədə nə etməli?
Xəstə qadınlara maye qəbulunu çoxaltmaq məsləhət görülür. Tərkibində C vitamini olan turş meyvə şirələri, moruqlu, limonlu-ballı çay, itburnu dəmləməsi tövsiyə olunur. Hamiləlik haqqında ətraflı məlumatı olmayan insanlar elə düşünürlər ki, təkcə mayeni çox içməklə sağalma prosesini sürətləndirmək mümkündür.
Lakin maye ilə yanaşı ehtiyac yarandıqda digər vasitələrdən də istifadə olunmalıdır. Məsələn, hamiləlikdə qızdırma salan preparatlardan yalnız parasetamol qəbul etmək olar. O da ancaq həkimin təyin etdiyi dozada içilməlidir.
Öskürək əleyhinə çobanyastığı (romaşka), gülümbahar (kalendula), nanə, adaçayı (şalfey), evkalipt, dazı (zveroboy) dəmləmələri ilə inhalyasiya çox faydalıdır. Onu da vurğulayaq ki, hamiləlikdə qrip zamanı antibiotiklər təyin edilmir.
Hamiləlikdə qrip hansı fəsadlar törədir?
Hamiləlik həftəsindən asılı olmayaraq bütün qadınlar xəstəliyin uşağa zərər yetirəcəyinə görə narahatlıq keçirirlər. Təəssüf ki, heç bir ginekoloq hamiləlik zamanı qrip keçirtməyin uşağın (dölün) inkişafına təsir etməyəcəyinə 100% zəmanət verə bilməz.
Hamiləlikdə qrip üçün ən qorxulu zaman intervalı
Hamiləliyin 12-ci həftəsinə qədər müddətdə qripə yoluxmaq daha təhlükəli sayılır. Bu dövrdə uşağın gələcək orqan və toxumalarının əsası qoyulduğundan dölün inkişafına mane olacaq və ya hər hansı inkişaf anomaliyasına gətirib çıxara biləcək əlverişsiz şərait yaranmamalıdır. Hamiləlikdə qrip keçirtdikdən sonra dölün inkişafında ciddi problemlər baş verdikdə, əksər hallarda süni doğuşla hamiləlik dayandırılır.
Hamiləlikdə qrip keçirən qadınlarda 3-lü test
Əgər ultrasəs müayinəsində heç bir patologiya aşkar edilməzsə, o zaman 3-lü test adlanan hamiləlik analizi verilməlidir. 3-lü testə AFP (alfa-feto-proteinin), XQ (xorionik qonadotropin) və sərbəst estriolun (qadın cinsi hormonu) təyini daxildir. Bu testin cavabına əsasən hamiləliyin dayandırılması və ya davam etdirilməsi barədə qərar verilir. Analizin qeyri-qənaətbəxş nəticələri gələcəkdə döldə bəzi anomaliyaların inkişafına dəlalət edir. Belə vəziyyətlərdə hamiləliyin sonlandırılması tövsiyə olunur.
Hamiləlikdə qrip olmamaq üçün məsləhətlər
- Qrip virusuna yoluxmamaq üçün peyvənd vurdurun. Müasir dövrdə istehsal edilən peyvəndlərin tərkibində aktiv olmayan qrip virusu mövcuddur. O, döl üçün təhlükəsizdir. Belə peyvəndləri hamiləliyin 14-cü həftəsindən tez vurdurmaq olmaz.
- İmmunitetinizi gücləndirin. Bu məqsədlə fiziki aktivlik, piyada gəzintiləri, sağlam qidalanma məsləhət görülür.
- Evdən bayıra çıxmazdan əvvəl burnun selikli qişasına oksolin və ya viferon mazı çəkin.
- Kütləvi nəqliyyat vasitələrindən istifadə etdikdən sonra əllərinizi sabunla yuyun.
- İctimai yerlərdə xəstə insanlardan uzaq durun.
- Yaşadığınız ərazidə virus yayıldıqda, küçəyə çıxmazdan əvvəl ağız və burnunuzu maska ilə bağlayın.
- İş yerində birdəfəlik salfetlərdən istifadə edin. Əzgin, halsız görünən iş yoldaşlarınızla əl təması və sıx əlaqə qurmayın. Əks halda ağız, üz, göz və burun nahiyəsinə toxunmadan əlinizi antiseptiklə yaxışıca təmizləyin.
- İş otağınızı mütəmadi olaraq havalandırın.
- Yatmazdan əvvəl ağzınızı gülümbahar və ya evkalipt dəmləməsi ilə yaxalayın.
Son olaraq qeyd edək ki, hamiləlikdə qrip hər zaman fəsadlaşma, dölə (uşağa) ziyan verməsə belə anaya psixoloji sarsıntı yaşadan xəstəlikdir. Odur ki, profilaktika üsullarından istifadə edərək, özünüzün və gələcək övladınızın sağlamlığını qorumağa çalışın.