Qadın cinsiyyət orqanı xəstəlikləri

26 Sentyabr 2019 Kateqoriya: Qadın xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 8101
Qadın cinsiyyət orqanı xəstəlikləri şəkil
4.7/5 - (15 votes)

Qadın orqanizmi çox mürəkkəb və eyni zamanda həssasdır. Əksər ginekoloji xəstəliklər ilkin mərhələlərdə simptomsuz getdiyindən qadınlar yalnız ciddi problemlər ortaya çıxdıqda ginekoloqa müraciət edirlər. Lakin bu yanaşma tərzi düzgün deyil.

Qadın cinsiyyət orqanı xəstəlikləri arasında uşaqlıq və onun artımlarının iltihabı, endometrioz və aybaşı pozğunluğu daha geniş yayılmışdır. Ginekoloji xəstələr sırasında cinsi yolla keçən infeksiyalarla yoluxan qadınlar da az deyil.

Qadın cinsiyyət orqanı xəstəlikləri  – 3 əsas qrup

İnfeksion

Cinsiyyət orqanlarının funksional pozğunluğunun və patoloji əlamətlərin səbəblərindən biri cinsi infeksiyalardır. Onlara xlamidioz, trixomoniaz, qonoreya, göbələk xəstəliyi və s. aiddir. Cinsiyyət orqanı xəstəlikləri bir qayda olaraq gizli gedişə malikdir. Buna əsaslanaraq, ildə 2 dəfə ginekoloji müayinədən keçmək və uşaqlıq yolundan yaxma analizi məsləhətdir.

Endokrin   

Daxili sekresiya vəzilərinin (hipofiz, yumurtalıqlar, böyrəküstü vəz) fəaliyyətinin pozulması qadınlarda ovulyasiyaya, cinsi həyata, hətta xarici görünüşə təsir edir. Bu xəstəliklər anadangəlmə (irsi androgenital sindrom) və qazanılmış (yumurtalıqların polikistozu, hiperprolaktinemiya) olmaqla 2 formada təzahür edir. Son vaxtlarda həmin qrupa piylənmə nəticəsində menstrual tsiklin pozulması və sonsuzluq da daxil edilir.

Törəmələr

Xoşxassəli və bədxassəli şişlər həm cavan, həm də yaşlı qadınlarda inkişaf edir. Belə törəmələr qadın cinsiyyət orqanı xəstəlikləri arasında ən təhlükəli forma sayılır. Şiş erkən mərhələlərdə aşkar edildikdə onun yayılmasının qarşısını almaq mümkündür.

Qadın cinsiyyət orqanı xəstəlikləri şəkil 2

Cinsiyyət orqanı xəstəlikləri – əlamətləri

  • aybaşı pozğunluğu. Menstruasiya gecikməsi, axıntıların xarakter və davamiyyətinin dəyişməsi, aybaşı qanının normadan az və ya çox gəlməsi, qanaxma şəklində təzahür edir. Bu əlamətlər endokrin və şiş mənşəli patologiyalara xasdır.
  • ağrı. Kəskin və şiddətli ağrı – həyat üçün təhlükə törədən vəziyyətlərin (məsələn, yumurtalığın partlaması) göstəricisidir. Aybaşı və cinsi əlaqə zamanı göynəmə xarakterli ağrılar uşaqlıq yolu, uşaqlıq və onun artımlarının (yumurtalıq və uşaqlıq boruları) iltihabi xəstəlikləri üçün səciyyəvidir.
  • axıntı. Uşaqlıq yolundan çox miqdarda, süd kimi ağ, sarımtıl, irinli, xoşagəlməz və qeyri-adi qoxulu ifrazat patoloji əlamət sayılır.
  • uşaqlıq yolunun qaşınması. Qaşınma bir çox qadın cinsiyyət orqanı xəstəlikləri fonunda müşahidə olunur. Qaşınma ilə yanaşı ağımtıl, kəsmiyəbənzər, gur axıntı yaranarsa, bu kandidozun (göbələk xəstəliyi) təzahürlərindəndir.

Qadın cinsiyyət orqanı xəstəlikləri şəkil 1

Qadın cinsiyyət orqanı xəstəlikləri – müalicəsi

Müasir ginekologiya sidik-cinsiyyət sisteminin patologiyalarını müalicə etmək üçün geniş imkanlara malikdir. Hər bir terapiyanın əsas elementi dərman preparatlarıdır. Ancaq xəstəyə konservativ (dərman) müalicə ilə yanaşı fizioterapiya kimi digər köməkçi üsullar da təklif edilir. Konservativ müalicə effekt vermədikdə, ağırlaşmalar meydana çıxdıqda cərrahi yolla müalicə aparılır.

Qadın cinsiyyət orqanı xəstəlikləri – dərman preparatları ilə müalicə

Cinsiyyət orqanı xəstəlikləri zamanı farmokoloji preparatlar həb, kapsul, şam, vaginal tablet, inyeksiya, maz və ya krem şəklində təyin olunur. Problemin xarakterindən asılı olaraq aşağıdakı qrup dərmanlar məsləhət görülür:

  • qeyri-steroid iltihab əleyhinə dərmanlar. İbuprofen, diklofenak,indometasin və s. sidik-cinsiyyət sisteminin iltihabi proseslərində və ağrılı aybaşı zamanı təyin olunur.
  • antibiotiklər, antiseptiklər, göbələk və virusəleyhinə preparatlar cinsiyyət orqanlarının infeksion xəstəlikləri və onların fəsadlarının müalicəsində istifadə edilir.
  • hormonal preparatlar endokrin pozğunluqların müalicəsində tətbiq olunur.
  • vitaminlər köməkçi vasitə kimi qəbul edilir.

Son olaraq nəzərinizə çatdırırıq ki, konservativ müalicə hər zaman müsbət nəticə verməyə bilər. Belə hallarda cərrahi müdaxilə qaçılmazdır. Xəstəliyi ağırlaşma dərəcəsinə çatdırmamaq üçün ildə 2 dəfə profilaktik müayinələrdən keçmək tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.7/5 - (15 votes)