Uşaqlıq qanaxmaları   

20 Sentyabr 2019 Kateqoriya: Qadın xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2973
Uşaqlıq qanaxmaları şəkil 1
Rate this post

Uşaqlıq qanaxmaları – menstruasiya ilə müqayisədə uzun müddətli olması, qan itkisinin həcmi və qatılığı ilə fərqlənən anormal ifrazatlardır. Normada menstrual tsikl 24-31 gün intervalında dəyişir. Aybaşı qanaxmaları 4-8 gün davam edir. Bu zaman orqanizmin ümumi qan itkisi orta hesabla 40-80 ml arasında olur. Qadınlarda qanaxmalar reproduktiv dövrdə 10-30%, klimaks öncəsi isə 50% hallarda müşahidə edilir. 

Uşaqlıq qanaxmaları nədən yaranır? 

  • qanın laxtalanma sisteminin irsi pozğunluqları və infeksiyalar. Uşaqlıq qanaxmalarının aşkarlandığı yeniyetmələrin 20%-də, reproduktiv yaşda olan qadınların isə 10%-də trombositopeniya, koaqulopatiyalar (qan laxtalanmasının pozulması) qeydə alınır;  
  • uşaqlığın daxili (endometrium) və əzələ qatının (miometrium) üzvi dəyişiklikləri (uşaqlığın submukoz mioması, adenomioz, uşaqlığın polipləri, endometriumun hiperplaziyası və bədxassəli şişi); 
  • qeyri-üzvi səbəblər – uşaqlıqdaxili spiral, xroniki endometrit, ovulyator disfunksiya;
  • bəzi dərman vasitələrinin: antibiotiklər, antidepressantlar, tamoksifen, kortikosteroidlər və s. qəbulu; 
  • endokrinopatiyalar və psixo-emosional gərginlik halları (yumurtalıqların polikistozu, hipotireoz, hiperprolaktinemiya, piylənmə, anoreksiya, ekstremal idman növləri ilə məşğul olma).

Endokrinopatiya – hormonal sistemdə olan patologiya mənasını verir. Hiperprolaktinemiya – qanda prolaktinin səviyyəsinin yüksək olmasıdır. Hipotireoz – qalxanvari vəzin funksional çatışmazlığıdır, sadə dildə zəhərsiz zob adlanır. Anoreksiya isə çəkinin birdən-birə kəskin şəkildə azalmasıdır.

Uşaqlıq qanaxmaları şəkil

Uşaqlıq qanaxmaları – kliniki əlamətləri 

– nizamsız, uzunmüddətli qanaxmalar (menometrorragiya);

– həcmi 80 ml-dən çox olan və 8 gündən uzun davam edən qanaxmalar (hipermenoreya);

 – aybaşılararası və nizamsız qanlı axıntı;  

– 24 gündən az intervallı menstruasiyalar (polimenoreya). 

Uşaqlıq qanaxmaları – diaqnostikası 

  • xəstənin şikayətlərini dəyərləndirməklə endokrinoloq-ginekoloq müayinəsi;
  • qanda koaquloqramma analizi; 
  • transvaginal (uşaqlıq yolundan daxil olmaqla) USM; 
  • endometriumun histeroskopiyası və biopsiyası; 
  • kiçik çanaq orqanlarının Maqnit Rezonans Tomoqrafiyası (MRT). 

Uşaqlıq qanaxmaları şəkil 2

Anormal uşaqlıq qanaxmaları zamanı müalicə 

Qanaxmanın səbəbi aydınlaşdırıldıqdan sonra müalicə 2 istiqamətdə aparılır: 

  • səbəb aradan qaldırılmaqla qanaxmanın dayandırılması;
  • residivin (təkrar qanaxmanın) qarşısının alınması. 

Qanaxma üzvi səbəblərlə bağlı olmadıqda, qeyri-cərrahi üsullardan istifadə edilir. Sonda onu da əlavə edək ki, ginekoloji stasionarlarda uşaqlığın amputasiyası (cərrahi yolla xaric edilməsi) keçirmiş xəstələrin 1/3 hissəsi gecikdirilmiş qanaxmalarla müraciət edən qadınlardır. Bu səbəbdən uşaqlıq qanaxmaları ilə rastlaşdıqda həkim qəbuluna yazılmağı ləngitməyin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post