Sonsuzluq

1 il ərzində kontraseptiv vasitələrdən istifadə etmədən, yəni qorunmadan müntəzəm cinsi həyat yaşayan qadının hamilə qala bilməməsi sonsuzluq kimi qiymətləndirilir. Lakin qeyd edilən müddət şərtidir. Belə ki, qadının yaşı artdıqca, hamiləliyin baş verməsi ləngiyə bilər.

Həmçinin onu da vurğulamaq lazımdır ki, sonsuzluq yalnız qadınlara deyil, kişilərə də aiddir. Bu səbəbdən sonsuzluq ilə bağlı diaqnozu təsdiq və ya inkar etmək üçün ailənin hər 2 üzvü ətraflı müayinə olunmalıdır. 

Sonsuzluq hansı əlamətlərlə özünü büruzə verir? 

Əslində sonsuzluq birbaşa patoqnomik göstəricilərlə, yəni kliniki əlamətlərlə təzahür edən tipik bir gedişata malik deyil. Bu üzdən həkim-ginekoloq cütlükdə olan dolayı əlamətlər əsasında lazımi analizlərin aparılmasına göstəriş verir. 

Dolayı əlamətlərə aşağıdakıları misal göstərmək olar: 

  • Aşağı və ya həddindən artıq bədən çəkisi;
  • Üz dərisində endokrin (hormonal) disbalansı bəlli edən əlamətlər (sızanaqlar və s.);
  • Kiçik çanaq nahiyəsində bərkimə, gərginlik və ağrı; 
  • Zəif inkişaf etmiş süd vəziləri; 
  • Qadın cinsiyyət orqanı xəstəlikləri.  

Sonsuzluq fotosu

Bəzi sonsuzluq amilləri ancaq instrumental müayinələr və laborator analizlər nəticəsində aşkar edilə bilər. Bunlara aiddir:

  • Hormonal pozğunluqlar;
  • İnfeksion xəstəliklər;
  • Qadında qalxanabənzər vəzi və kiçik çanaq orqanlarının inkişaf pozğunluqları;
  • Uşaqlıq borularının bir və ya hər ikisinin keçməməzliyi (xalq arasında buna “boruların bağlı olması” deyilir);
  • Hipofizin xoşxassəli şişi.

Müntəzəm cinsi əlaqə və normal spermoqramma fonunda sonsuzluq törədən faktorlar:

  • Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri;
  • Genetik patologiyalar; 
  • Cinsiyyət orqanlarının anadangəlmə anomaliyaları; 
  • Reproduktiv (cinsi) sistemdə aparılan cərrahi müdaxilələr; 
  • Kəllə-beyin travmaları; 
  • Stress; 
  • Maddələr mübadiləsi pozulmaları; 
  • >35 yaş (qadının yaşının 35-dən çox olması ilə əlaqədar fizioloji proseslərin zəifləməsi)

Sonsuzluq 1 şəkil

Sonsuzluq xəstəliyi bir neçə tipə bölünür:

I tip – birincili sonsuzluq. Qadında heç bir zaman hamiləliyin müşahidə olunmamasıdır. 

II tip – ikincili sonsuzluq. Əvvəllər hamiləlik və doğuş baş versə də, qadının yenidən ana ola bilməməsi ilə xarakterizə edilir. 

Araşdırmalar və statistik nəticələr göstərir ki, qadınların 60%-də I tip sonsuzluq endokrin pozğunluqlar, 90%-də isə II tip sonsuzluq adətən cinsi orqanların xəstəlikləri ilə bağlı olur.   

Sonsuzluğun nadir rast gəlinən forması – III tip uşaqlıq və uşaqlıq borularının olmaması ilə bağlıdır.  

Sonsuzluq zamanı hansı hallarda süni mayalanma və surroqat analıq tətbiq edilə bilər?

Keçmiş zamanlarda boruların olmaması da sonsuzluq kateqoriyasına daxil edilirdi. Lakin müasir dövrdə tibbin sürətlə inkişafı bu problemi asanlıqla həll etməyə imkan verir. Uşaqlıq borularının formalaşmadığı qadınlar süni mayalanma ilə ana ola bilirlər.

Əslində uşaqlığın inkişaf etməməsi də nəzəri cəhətdən qadının uşaq sahibi ola bilməyəcəyinə dəlalət etmir. Azərbaycanda tətbiq olunmamasına baxmayaraq, bir çox ölkələrdə surroqat (daşıyıcı) ana metodundan geniş istifadə edilir. Əgər qadının yumurtalıqları normal fəaliyyət göstərirsə, onun yumurtahüceyrəsi cinsi partnyorunun (və ya həyat yoldaşının) spermatozoidi ilə mayalandırılır.

Növbəti mərhələdə embrion əvvəlcədən bir çox müayinələrdən keçmiş və xüsusi kateqoriyalara uyğun seçilmiş daşıyıcı ananın uşaqlığına yeridilir. Nəticədə uşaq öz valideynlərinin genlərini daşıyır. Bu metod süni mayalanmadan yalnız 1 mərhələ ilə fərqlənir. Belə ki, ekstrakorporal mayalanma zamanı uşaq bioloji ana tərəfindən daşınır. Surroqat analıqda isə bu vəzifəni kənar qadın yerinə yetirir.

Sözdə asan görünsə də, sadalanan üsullar uzunmüddətli, pilləli hüquqi və tibbi prosedurlar tələb edir. Bununla əlaqədar uşaq sahibi olmaq istəyənlər çox səbrli və təmkinli olmalıdırlar. 

Ən əsası sonsuzluq xəstəliyi günümüzdə həll olunan bir problemdir. Yetər ki, Siz vaxtında həkimə müraciət edib, diaqnozu dəqiqləşdirib, müalicəyə başlayasınız.