Süni mayalanma

Süni mayalanma – yumurtahüceyrənin ana orqanizmindən kənarda spermatozoid ilə birləşməsidir. Süni mayalanma sonsuzluq zamanı tətbiq edilən tibbi texnikadır. 

Niyə məhz süni mayalanma 

Bu üsul əvvəllər uşaqlıq boruları cərrahi müdaxilə zamanı çıxarılmış və ya ümumiyyətlə, anadangəlmə bu orqanı olmayan qadınlarda tətbiq edilirdi.  Bildiyimiz kimi uşaqlıq boruları olmadıqda hamiləlik baş tutmur. Çünki normada yumurtahüceyrənin spermatozoidlə mayalanması adı çəkilən orqanda gedir. Hazırda isə bu üsulun göstərişləri bir qədər genişləndirilmişdir.

Süni mayalanma haqqında 

Bu metod ilk dəfə 1977-ci ildə İngiltərədə həyata keçirilmişdir. Süni mayalanma texnikasını yerinə yetirən ginekoloq Patrika Steptou və embrioloq Robert Edvards bu texnikanın baniləri sayılır. Onu tibbdə ekstrakorporal mayalanma adlandırırlar. “Extra” – xaric, “corpus” isə bədən deməkdir. Bu söz birləşməsi mayalanmanın orqanizmdən kənarda baş verməsini ifadə edir.

Süni mayalanma 2 mütəxəssis: ginekoloq və embrioloq tərəfindən aparılır. Ginekoloq qadınlarla, embrioloq isə cinsi hüceyrələr və embrionlarla məşğul olur. Embrion – mayalanmış yumurtahüceyrənin bölünərək, əmələ gətirdiyi strukturdur.  

Süni mayalanma şəkil

Süni mayalanma öncəsi hazırlıq 

Prosedurdan əvvəl qadın hormonal preparatlar qəbul edir. Normada hər aybaşı tsiklində 1 ədəd yumurtahüceyrə yetişir. Bu say süni mayalanma üçün çox azdır. O üzdən həkim hormonal dərmanlar vasitəsilə bir neçə yumurtahüceyrənin yetişməsini stimulə edir (sürətləndirir).

Süni mayalanma üçün optimal yumurtahüceyrə sayı 6-8 olmalıdır. Ultrasəs müayinəsinin köməyilə həkim yumurtalıqlarda böyüyən follikullara nəzarət edir. Yumurtahüceyrə bu follikulların daxilində yerləşir. Yetişmiş follikullar orta hesabla 20 mm, yumurtahüceyrə isə 0.1 mm ölçüdə olur.             

Süni mayalanma üçün cinsi hüceyrələrin seçimi

Öncədən təyin edilmiş gündə yumurtahüceyrələr yığılır. Bu prosedur ümumi narkoz altında icra olunur. Ginekoloq uzun iynəli xüsusi şpris vasitəsilə follikullardakı mayeni çəkərək, onu embrioloqa ötürür. Follikulyar mayedə yumurtahüceyrələr yalnız mikroskop altında görünür.

Embrioloq yumurtahüceyrələri follikulyar mayedən ayıraraq, daxilində xüsusi mühit olan kasalara yerləşdirir. Mühitin tərkibi fizioloji komponentlər (duzlar, amin turşuları, şəkər, vitaminlər və zülallar) olan məhluldan ibarətdir. Belə mühitdə yumurtahüceyrələr, spermatozoidlər, embrionlar təbii şəraitdəki kimi inkişaf edirlər.

Kasalar inkubatorda (37°C temperaturu və 6 % karbon qazı olan xüsusi şkaf) saxlanılır. Süni mayalanma üçün spermatozoid götürülən formada istifadə edilmir. Çünki sperma mayesi mühiti korlaya və yumurtahüceyrəni məhv edə bilər. Bu kimi hallara yol verməmək üçün mütəxəssis əvvəlcə spermada hərəkətli spermatozoidlər seçir. Sonra isə onları sperma mayesindən ayıraraq, xüsusi mühitə daxil edir. 

Süni mayalanma 1 şəkil

Süni mayalanma metodu 

Süni mayalanma 2 metodla aparılır. 1-ci metodda spermatozoid suspenziyasını yumurtahüceyrələr olan kasalara daxil edirlər. Spermatozoidlər özbaşına hərəkət edərək, yumurtahüceyrələri mayalandırır. Proses adətən 2 saat davam edir. Belə halda yumurtahüceyrələr inkubatorda saxlanılır.  

Sperma keyfiyyətsiz olduqda, yəni spermatozoidlər öz-özünə hərəkət edərək, yumurtahüceyrəni mayalandıra bilmədikdə 2-ci metoda ehtiyac yaranır. Bu üsulda mikroskop altında ən keyfiyyətli spermatozoidi seçib, onu şüşə iynə ilə tutub yumutahüceyrəyə daxil edirlər. II metodla daha stabil nəticələr əldə etmək mümkündür. 

Mayalanmış yumurtahüceyrə ziqota adlanır. Bu, insanın 1 hüceyrəli inkişaf mərhələsidir. 12-15 saat sonra ziqotanın daxilində nüvə əmələ gəlir. Nüvənin tərkibində ata və ananın xromosomları mövcuddur. Nüvələr yarandıqdan 8 saat ərzində tam formalaşma gedir və buna embrion deyilir. Onlara mikroskop altında nəzarət edilir. Yalnız daxlində nüvə olan embrionlar qadının uşaqlığına köçürülür. 

Embrionun inkişafı 

5 gün ərzində inkubator və mühitdə embrionlar inkişaf edir. İnkişaf çox sürətlə gedir. Mayalanma sonrası 2-ci gündə embrion 4 hüceyrədən ibarət olur. Sonrakı günlərdə isə 2 dəfə bölünərək çoxalır. 5-ci gün hüceyrələrin sayı 50-80-ə çatır. Embrion bu hüceyrələrdən şarşəkilli struktur formalaşdırır. Nəticədə blastosist əmələ gəlir.

Həmin mərhələdə embrion qadının uşaqlığına yerləşdirilir. Uşaqlığa bir qayda üzrə 2 embrion yeridilir. Bu embrionlar bir sıra kateqoriyalar üzrə seçilərək, ən keyfiyyətliləri götürülür. Növbəti mərhələlərdə embrion uşaqlığın divarına yapışaraq, inkişafını davam etdirirsə, hamiləlik uğurlu sayılır.