Süni mayalanma nədir?

Təbii yolla döllənmənin mümkün olmadığı halda köməkçi reproduktiv texnologiya – süni mayalanma tətbiq edilir. Onun istifadəsi əksərən müsbət nəticələr verir. Süni mayalanma digər müalicə üsullarının effekt vermədiyi hallarda yeganə optimal variant sayılır.
Süni mayalanma nədir – onun mahiyyəti
Sonsuzluğun müalicəsi zamanı mayalanma prosesi qadın orqanizmində deyil, ondan kənarda aparılır. İlk öncə yetişmiş cinsi hüceyrələrin əldə olunması üçün spesifik preparatlarla tədbirlər görülür (ovarial stimulyasiya). Daha sonra ultrasəs müayinəsinin nəzarəti altında punksiya aparılır: yumurtalıqlardan maye ilə birlikdə hüceyrələr yığılır.
Laborator şəraitdə probirkada (sınaq borusu) spermatozoidlərlə yumurtahüceyrələr birləşdirilir. Alınan embrionlar xüsusi mühitdə yetişdirildikdən sonra əməliyyatla qadının uşaqlığına köçürülür.
Süni mayalanma nədir – mərhələləri
Süni mayalanma aşağıdakı mərhələlərdən ibarətdir:
- Yumurtalıqların stimulyasiyası və izlənilməsi;
- Yumurtahüceyrələrin dölləndirilməsi və embrionların xüsusi mühitdə yetişdirilməsi;
- Embrionların uşaqlığa köçürülməsi;
- Stimulyasiya olunmuş menstruasiya tsiklinin lütein fazasının dəstəklənməsi;
- Erkən müddətdə hamiləliyin diaqnostikası.
Süni mayalanma nədir – prosedurdan əvvəl
Prosedura başlamazdan öncə cütlük tam müayinə olunur. Sonsuzluğun səbəbləri aydınlaşdırılır. Əgər müayinələrdən sonra ginekoloq uşaq sahibi olmaq üçün süni mayalanma metodunu yeganə çıxış yolu kimi tövsiyə edərsə, müalicəyə hazırlıq görülür.
Süni mayalanma nədir – prosedura hazırlıq
- Hər iki valideyn alkoqol və siqaretdən imtina etməlidir. Çünki spirtli içki spermanın miqdarına və spermatozoidlərin hərəkətinə təsir edir. Alkoqoldan istifadə edən qadınlarda döldə patologiyaların yaranma ehtimalı yüksək olur. Siqaretin kimyəvi tərkibi qadın və kişinin reproduktiv qabiliyyətinə mənfi təsir göstərir. Prosedur əsnasında ananın siqaret çəkməsi stimulyasiyanın keyfiyyətini aşağı salır.
- Bədən çəkisinə fikir verilməlidir. Çəki azlığı və piylənmə terapiya zamanı preparatların təsirini azaldır. Artıq çəkili qadınların hamiləlikdə uşağı daşıması çətinləşir. Bədən kütlə indeksi 19-dan az, 30-dan çoxdursa, hamiləlik planlama gecikdirilməlidir.
- Süni mayalanma öncəsi və müalicə zamanı sağlam qidalanmaq lazımdır. Rasion balanslaşdırılmış, eləcə də vitamin və zülallarla zəngin olmalıdır. Karbohidrat və yağların miqdarı azaldılmalıdır. Genetik modifikasiya olunmuş (GMO) məhsullardan qaçmaq lazımdır. Gün ərzində 2 fincandan artıq qəhvə içmək arzuolunan deyil.
- Döldə mərkəzi sinir sisteminin defektlərinin qarşısını almaq üçün prosedurdan 3 ay əvvəl fol turşusu qəbul edilməlidir.
- Prosedurdan 1 ay əvvəl kalium yodid və E vitamini içilməlidir.
- İsti vannalar, sauna və solyariy təxirə salınmalıdır.
- Aktiv həyat tərzi keçirilməlidir.
- Məxmərəyə qarşı immuniteti yoxlamaq lazımdır. Çünki bu xəstəlik hamiləliyin bütün dövrlərində dölün inkişafı üçün çox təhlükəlidir. Məxmərək keçirtmiş qadınların körpələrində doğuşdan sonra karlıq və və ya əqli cəhətdən gerilik müşahidə olunur.
- Müalicə həkiminizi xroniki xəstəliklər, allergik reaksiyalarınız barədə məlumatlandırmağınız gərəkdir.
- Follikulların punksiyasından 3-4 gün əvvəl, həmçinin embrion köçürüldükdən sonra 2 həftə ərzində cinsi əlaqə qadağandır.
Süni mayalanmadan sonra ağrı, qanlı ifrazat, temperaturun yüksəlməsi və digər patoloji əlamətlər müşahidə edildikdə, mütləq həkiminizlə əlaqə saxlayın.