Süni mayalanmada cinsiyyət seçimi

29 Sentyabr 2019 Kateqoriya: Süni mayalanma Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 4550
Süni mayalanmada cinsiyyət seçimi şəkil
4.5/5 - (2 votes)

Süni mayalanma təbii yolla övladı olmayan ailələr üçün yeganə çıxış yoludur. Prosedura qərar verən bəzi cütlükləri gələcək uşağın cinsini seçməyin mümkün olub-olmaması maraqlandırır.

Süni mayalanmada uşağın cinsi nədən asılıdır?

Kişi cinsi hüceyrələri, yəni spermatozoidlər XY, qadın cinsi hüceyrəsi – yumurtahüceyrə isə XX xromosomun daşıyıcısıdır. Gələcək uşağın cinsi hansı xromosomu daşıyan spermatozoidin yumurtahüceyrəni mayalandırmasından asılıdır. Yəni, əgər mayalandıran spermatozoid X tərkiblidirsə qız, Y tərkiblidirsə oğlan olacaq. Bir sözlə, uşağın cinsi qadından deyil, tamamən kişidən asılıdır.

Cinsi orqanların erkən inkişaf mərhələsi

Dölün erkən inkişaf mərhələsində genetik informasiya əsasında müəyyən dəyişikliklər baş verir. Bu zaman nəinki uşağın cinsi, eləcə də göz və saçlarının rəngi və digər məlumatlar artıq bəlli olur. İlk əvvəl embrion qadın cinsi əlamətlərini daşıyır. Hamiləlik həftəsi irəlilədikcə orqanların differensasiyası bitir. Genetik koda əsasən kişi və ya qadına məxsus cinsi orqanlar inkişaf edir.

Süni mayalanmada cinsiyyət seçimi mümkündürmü?

Normalda uşaqlıq borusunda gedən proses süni mayalanmada xüsusi probirkada (sınaq borusunda) baş verdiyinə görə preimplantasion diaqnostika metodu ilə gələcək uşağın cinsini təyin etmək mümkündür. Uşaqlığa bir neçə embrion daxil ediləcəyinə görə valideynlərin istəyi ilə əvvəlcədən gələcək körpənin cinsi seçilə bilər.

Süni mayalanmada cinsiyyət seçimi şəkil 1

Süni mayalanmada cinsiyyət seçimi niyə önəmlidir?

Elə situasiyalar vardır ki, valideynlər cinsiyyət seçimini nəfsi istəklərinə görə deyil, uşağın sağlamlığını düşünərək edirlər. Belə ki, embrion köçürülməzdən əvvəl həyati keyfiyyəti yüksək olan formalar seçilir. Bu embrionlar Daun və Patau sindromları daxil olmaqla, 100-dən çox genetik patologiya, inkişaf anomaliyarına görə yoxlanılır. Diaqnostika proseduru bəzi hallarda zəruri hesab edilir.

Süni mayalanmada cinsiyyət seçimi kimlərə vacibdir?

  • Əvvəllər inkişaf anomaliyalı övladı doğulan və ya yaxın qohumlarında genetik xəstəliyi olan cütlüklər;
  • Minimum 2 uğursuz süni mayalanma keçirən ailələr;
  • Yaşı 35-dən çox olan cütlüklər. Yaş artdıqca körpənin patologiya ilə doğulma ehtimalı yüksəlir.
  • 2 dəfədən artıq spontan abort (düşük) keçirən qadınlar;
  • Xromosom anomaliyalarının daşıyıcısı olan şəxslər;

Embrion köçürülməzdən əvvəl diaqnostika həm də ana ilə döl arasında rezus faktor uyğunsuzluğunun qarşısını alır. Araşdırmalar embrioloq tərəfindən aparılır.

Süni mayalanmada cinsiyyət seçimi şəkil 2

Süni mayalanmada preimplantasion diaqnostikanın üstünlükləri

  • Preimplantasion diaqnostika (PİD) həkimə sağlam embrionu seçmək imkanı verir. Bu o deməkdir ki, süni mayalanma sağlam uşağın doğulmasına təminat verir.
  • PİD hamiləliyin pozulma riskini azaldır.
  • PİD uşağın cinsini öncədən seçmə imkanı verir. Adi süni mayalanma prosedurunda 3 embrion, PİD-dan sonra isə maksimum 2 embrion köçürülə bilər.

Süni mayalanmada cinsiyyət seçimi – çatışmayan cəhətlər

Preimplantasion diaqnostika metodu ilə cinsiyyət seçimi qiymət baxımından adi süni mayalanmaya nisbətən çox yüksəkdir.

Süni mayalanmada cinsiyyət seçimi – alternativ üsul varmı?

Preimplantasion diaqnostikanın yüksək maddi mahiyyət tələb etməsi ilə əlaqədar alternativ metodlar araşdırılır. Ən son cinsiyyət seçimi texnologiyası – Mikrosort-dur. Bu metod daha az travmatikdir. Mütəxəssislər kişi cinsi hüceyrələrindən X və Y xromosomlu olanları ayırır. Microsort texnologiyası ilə oğlan uşağının doğulma ehtimalı orta hesabla 60%-ə bərabərdir. Körpənin qız olma ehtimalı isə 95%-dir.

Süni mayalanmada cinsiyyət seçimi – planlama şansı

Yuxarıda qeyd edildiyi kimi süni mayalanma ilə uşağın cinsini planlaşdırılma ehtimalı PİD vasitəsilə 100%-ə çatır. Ancaq süni mayalanma ilə övlad sahibi olmağa qərar vermiş cütlüklər bilməlidirlər ki, ilk dəfədən müsbət nəticə almaq ehtimalı 30-35%-dir. Növbəti cəhdlərdə bu şans yüksək olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.5/5 - (2 votes)