Süni mayalanmadan sonra ağrılar

28 Sentyabr 2019 Kateqoriya: Süni mayalanma Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 6797
Süni mayalanmadan sonra ağrılar şəkil
4.7/5 - (34 votes)

Süni mayalanma – sonsuzluğun müalicəsi üsullarından ən müasiri və sonuncusudur. Müasir reproduktologiya süni mayalanma nəticəsində xeyli irəliləmişdir. Ancaq bəzi hallarda ilk cəhddən nəticə əldə etmək olmur. Bu bir çox səbəblərlə bağlıdır. O üzdən prosedurdan sonra qadının vəziyyətinə ciddi nəzarət etmək lazımdır.

Süni mayalanma – embrion köçürüldükdən sonra nələr olur?

Hər hansı vəziyyəti obyektiv dəyərləndirmək üçün qadın öz orqanizmində mayalanmış yumurtahüceyrənin köçürülməsindən sonra hansı dəyişikliklərin baş verdiyini bilməlidir.

Süni mayalanmadan sonra ilk mərhələ – implantasiya

Embrionun implantasiyası (uşaqlığın divarına yapışması) 7-ci sutkada baş verir və təxminən 40 saat davam edir.

Süni mayalanmadan sonra yaranan ağrılar

İmplantasiya mərhələsində dartılan ağrılar və qanlı yaxma şəklində axıntı gəlir. Bu əlamətlər hamiləlik müddətində normada bir daha təkrarlanmır.

Süni mayalanmadan sonra ağrılar şəkil 1

Süni mayalanmadan sonra ağrılar – embrionun inkişafı

Ana bətnində embrionun orqan və sistemlərinin əsası qoyulmağa başlayır. Daha sonra orqanların formalaşma mərhələsi gəlir. Normada bu dövrdə heç bir patoloji əlamət müşahidə olunmur.

Süni mayalanmadan sonra ağrılar – səbəb nədir?

Bəzi qadınlar süni mayalanmadan sonra ağrılar və qarın hissədə dartılmalardan şikayət edir. Bu vəziyyət həm fizioloji, həm də patoloji ola bilər. Fizioloji ağrılar – uşaqlıqdakı implantasiya ilə əlaqədar normal hal sayılır. Bəzən hamilələrdə uşaqlıq bağlarının dartılması nəticəsində asqırma və gücənmə əsnasında ağrı hissiyatı olur. Bu, uşaqlığın ölçülərinin böyüməsi ilə əlaqəlidir. Patoloji ağrılar isə düzgün diaqnostika tələb edir. Ağrı yalnız uşaqlıqla deyil, qarın boşluğu və çanaq orqanları ilə əlaqəli ola bilər.

Süni mayalanmadan sonra ağrılar – patologiya

  • Sancı şəklində ağrı spontan abort (düşük) və hamiləliyin sonlanmasının əlamətidir. Hamilə qadının bu vəziyyətində təcili tibbi müdaxilə gərəkdir.
  • Həmçinin hamiləlik zamanı tonusun artması da qarnın aşağı hissəsində ağrıya səbəb olur. Bu zaman qadın həkim nəzarətində qalmalıdır.
  • Qarın boşluğunun bəzi cərrahi patologiyalarında, məsələn kəskin pankreatit, appendisit, bağırçaq keçməməzliyi fonunda şiddətli sancı təhlükəli əlamətdir. Ağrı mexanizmi prostaqlandinlərin (hormonabənzər maddələrin) aktivləşməsi ilə bağlı olduğu üçün birbaşa olmasa da, dolayı yolla uşaqlıq qanaxmaları, ciftin vaxtından əvvəl soyulması, hətta dölün tələf olması ehtimalı yüksəkdir. Belə vəziyyətlərdə hospital şəraitində təxirəsalınmaz yardım göstərilməlidir.
  • Fiziki gərginlik halında süni mayalanma sonrası ağrı qarın əzələlərinin gərilməsindən yaranır.
  • Həmçinin pəhrizin pozulması və disbakterioz fonunda qarındaxili təzyiqin yüksəlməsi, bağırsaqların meteorizmdən (köp) şişməsi zamanı qarında sancı şəklində ağrılar xarakterikdir.

Süni mayalanmadan sonra ağrılar şəkil 2

Süni mayalanmadan sonra ağrılar nə vaxt normal hal sayılır?

Prosedurdan sonra dartılan ağrılar aşağıdakı mexanizmlərlə əlaqəlidir:

  • Punksiyadan sonra ağrılar

Yumurtalıqların punksiyası cərrahi manipulyasiyadır və bu əsnada toxumalar zədələnir. Yumurtalığa xüsusi iynə yeridilib, sonrakı mayalanma üçün yumurtahüceyrələr yığılır. Daha doğrusu hər follikul daxilindəki maye sorulur. Yumurtahüceyrə bu mayenin tərkibində mikroskopik ölçülərdə olur. İlkin mərhələdə ağrı simptomu normal hal olub, zədələnmə ilə əlaqədar meydana çıxır.

  • Yumurtahüceyrə köçürüldükdən sonra ağrılar

Yumurtahüceyrənin köçürülməsindən sonra dartılan ağrılar uşaqlığın normal reaksiyasıdır. Bu uşaqlığa kateterlə xüsusi maye və yumurtahüceyrənin yeridilməsi fonunda baş verir. Proses boyu uşaqlığın selikli qişasının xırda damarları zədələndiyindən, ağrı hissiyatı yaranır. Həmçinin uşaqlıq boşluğuna yeridilən mayenin təsirindən qeyri-intensiv diskomfort və ağrı meydana çıxır.

Süni mayalanmadan sonra ağrı hissiyatı olduqda, hər bir halda həkimə müraciət edilməlidir. Yalnız peşəkar mütəxəssis ağrının səbəbini üzə çıxara və ehtiyac olduqda tədbir görə bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.7/5 - (34 votes)