Süni mayalanmanın ziyanı

Sonsuzluq diaqnozu qoyulmuş ailələrin əksəriyyəti 1-2 il müddətində aparılan uğursuz müalicədən sonra süni mayalanma metoduna əl atırlar. Bu üsulun kəşfi bir çox ümidsiz cütlüyə övlad sahibi olmaq imkanı yaratmışdır. Lakin bəzi fikirlərə görə süni mayalanmanın qadına ziyanı vardır. Bunun doğru və ya yalan məlumat olmasını araşdıraq.
Süni mayalanmanın qadın sağlamlığı üçün ziyanı nədən ibarətdir?
Süni mayalanma məqsədilə yumurtalıqların hiperstimulyasiyası mioma və kistalalara səbəb ola bilər. Belə ki, ekstrakorporal (süni) mayalanma zamanı mümkün qədər çox sayda yumurtahüceyrə əldə etmək məqsədilə hormonoterapiya tətbiq olunur.
Hər bir qadın üçün adekvat dozanı seçmək bəzən çətinlik törədir. Preparatların dozalanma sxeminə uyğun stimulyasiya aparılır. Bu zaman bir qadında 5, digərində isə 20 follikul yetişə bilər.
Süni mayalanmanın ziyanı – hiperstimulyasiya sindromu
Hormonal terapiyadan sonra bəzən mayalanmaya uyğun gələn yumurtahüceyrə yetişdirmək mümkün olmur. Belə halda stimulyasiyanı yenidən təkrarlamaq lazım gəlir. Nəticədə bütün reproduktiv sistem pozulur – yumurtalıq kistalarının formalaşmasına şərait yaranır. Bu törəmələr adətən hormonal fon normallaşdıqdan sonra sorulur.
Miomatoz düyünlər anamnezində 3 və daha çox ekstrakorporal mayalanma olan qadınlarda meydana çıxır. Onlar hamiləliyin baş verməsi və saxlanmasına çətinlik törədir. Çünki döl yumurtası uşaqlıq divarına normal qaydada yapışa bilmir.
Süni mayalanmanın ziyanı – erkən klimaks
Qadının prosedurdan sonra hamilə qalmadığı və ümumiyyətlə, heç bir övladı olmadığı təqdirdə ekstrakorporal mayalanmanın verə biləcəyi ən qorxulu fəsad erkən klimaksdır. Hər bir qadının yumurtalıqlarında follikulyar depo mövcuddur.
Bir neçə dəfə süni mayalanma cəhdindən, təkrarlanan superovulyasiyadan sonra qadının bu deponu boş-boşuna sərf etdiyi, yumurtalıqlarının tükəndiyi aydınlaşır. Bu hal 40 və ya 50 deyil, 30-35 yaşlarda müşahidə oluna bilər. Bəzən isə hiperstimulyasiyadan sonra təbii tsikldə də orqanizm bir neçə yumurtahüceyrə yetişdirərək, deposunu normadan 5 dəfə tez sərf edir.
Süni mayalanmanın ziyanı – yumurtalıqların tükənməsi
Yumurtalıqların hipofunksiyası yalnız ultrasəs müayinəsi ilə üzə çıxarılır. Təəssüf ki, itirilmiş yumurtahüceyrələri bərpa etmək mümkün olmur. Bu prosesi bəzi preparatlar ləngidə bilər. Erkən klimaks başladıqda əvəzedici hormonoterapiya ilə simptomları azaltmaq olar.
Süni mayalanmanın ziyanı – digər orqan və sistemlərə zərər dəyirmi?
Yüksək dozada qəbul edilən hormonal preparatlar qalxanabənzər vəzinin funksiyasını poza bilər. Belə vəziyyətlərdə diffuz və ya düyünlü zob inkişaf edir.
Süni mayalanmanın ziyanı – prosedurdan sonra qadınların şikayətləri
- çəki artması, bəzən piylənmə;
- əhval ruhiyyənin və emosional fonun tez-tez dəyişməsi;
- hiperstimulyasiya sindromu.
Kişilərə süni mayalanmanın ziyanı varmı?
Prosedurun fiziki olaraq kişilərə heç bir təsiri yoxdur. Onlarda psixoloji və emosional olaraq narahatlıq, boşa çıxan ümidlər, stress, gərginlik kimi arzuolunmaz nəticələr müşahidə oluna bilər.
Xülasə
Yuxarıda sadaladığımız zərərlər süni mayalanma fasiləsiz təkrarlandıqda təzahür edir. Yəni ilk dəfə süni mayalanma prosedurundan sonra erkən klimaksa girmək, yumurtalıqların tükənməsi fikri yanlışdır. Bu səbəbdən əsassız yerə qorxu keçirməyə dəyməz.