Hamiləlik

Hamiləlik – qadın cinsi orqanlarında dölün inkişaf etməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu proses uşaqlıq borusunda qadın və kişi cinsi hüceyrələrinin birləşməsi nəticəsində 46 xromosomdan ibarət ziqotanın əmələ gəlməsi başlanır. Xromosom – genetik zəncir olan DNT və zülallardan ibarət hüceyrəvi strukturdur. Qadın yumurtahüceyrəsində – XX, kişi spermatozoidində isə XY xromosomları mövcuddur. Ziqota bölünərək blastosist əmələ gətirir və mayalanmanın 7-ci günündə uşaqlığın divarına yapışır.

Döl kisəsi nədir? 

Uşaqlıq divarına yapışmış ziqota bölünərək embriona çevrilir. Zaman keçdikcə embrion döl kisəsində böyüyüb inkişaf edir. Döl kisəsi – döl, göbək ciyəsi, cift və amniotik mayedən ibarətdir.  

Cift və göbək ciyəsi nədir? 

Cift (digər adı plasenta) – qidalanma, ifrazat, müdafiə funksiyasını yerinə yetirən yumşaq strukturdur. Onun tam formalaşması ilk trimestrin sonuna təsadüf edir. Cift ana ilə körpə arasında əlaqə yaradır. Plasentanın mərkəzindən göbək ciyəsi damarları keçir. Normada bu damarların sayı 3, bəzən isə 2 olur. Dölün maddələr mübadiləsi və böyüməsi üçün lazım olan qan dövranı, eləcə də qida maddələri bu damarlar tərəfindən tənzimlənir.  Adından da görüldüyü kimi dölün göbək dəliyinə bitişir. Yəni göbək ciyəsi döl ilə plasenta arasında körpü yaradır. 

Hamiləlik şəkil

Amniotik maye nədir? 

Amniotik, sadə dillə desək dölyanı maye döl kisəsində yerləşir. Bu maye dölü hər tərəfdən əhatə edir. Onun sayəsində döl xarici zərbələrdən qorunur, amniotik mayedə rahat hərəkət edir. Dölyanı mayenin miqdarı hamiləlik həftəsinə uyğun olaraq artır. Doğuşa yaxın onun həcmi 1 litrə çata bilər. Dölyanı mayenin həddindən artıq olması və ya azalması patologiya hesab edilir. 

Döl sayı 

Hamiləlik tək və çoxdöllü olur. Çoxdöllü hamiləlik zamanı əkizlər dünyaya gəlir. Onlar tək və ya cüt yumurta əkizi ola bilər. Tək yumurta əkizləri -homoziqot adlanır. Belə uşaqlar eyni cinsdən olub, xarici görünüşcə bir-birlərindən fərqlənmirlər. Cüt yumurta əkizləri tibbdə heteroziqot kimi qeyd olunur. Onlar eyni və ya fərqli cinsiyyətə malik olub, aralarında bənzərliyin azlığı ilə xarakterizə edilir. 

Hamiləlik trimestrləri 

Hamiləlik dövrü 3 trimestrə (3 aylıqlar) bölünür. Ginekologiyada  I trimestr daha önəmli sayılır. Məhz bu dövrdə uşağın orqanlarının əsası qoyulur. 

Hamiləlik 1 şəkil

Uşağın bətndaxili inkişafı 

İnsanın bətndaxili inkişafı 2 dövrə bölünür: embrional və fetal.

Embrional dövr 

Embrional dövr mayalanma anından başlayaraq 8 həftəyə qədər olan perioddur. Embrional dövrdə körpənin orqanları formalaşmağa başlayır. Bu mərhələdə dölün ölçüsü 0.1 mmdən 3 sm-ə qədər böyüyür. 

Fetal dövr   

Fetal dövr 9 həftədən doğuşa qədər davam edən mərhələdir. Bu dövrdə formalaşmış sistem əsasında orqanların tam inkişafı gedir. Dölün ölçüləri artır. Fetal dövrlə müqayisədə embrional dövrdə düşüklərə 10 dəfə çox rast gəlinir. 

Hamiləliyin əlamətləri 

Hamiləlik zamanı qadın orqanizmində bir sıra dəyişikliklər baş verir. Bu əlamətlər birbaşa və dolayı olmaqla 2 qrupa bölünür. 

Birbaşa hamiləlik əlamətləri 

Bu təzahürləri həkim obyektiv müayinə zamanı müşahidə edir. Onlar qadında hamiləlik olmasının dəqiq göstəriciləri sayılır. 

Hamiləlik barədə

Həmin əlamətlər aşağıdakılardır: 

  • Dölün hərəkətini hiss etmək. Bu tərpənişlər birinci hamiləlik zamanı 18-20, ikinci hamiləlikdə isə 16-18-ci həftədə hiss edilir.
  • Amenoreya (aybaşının olmaması)
  • Süd vəzilərinin böyüməsi və onlardan mayenin axması. 
  • Xarici cinsiyyət dodaqları və uşaqlıq boynunun göyərməsi (sianozu)
  • Uşaqlığın forma, həcmi və konsistensiyasının dəyişməsi. 
  • Uşaqlığın ölçüsünün 5-6 hamiləlik həftəsindən etibarən böyüməsi
  • Horviç-heqar əlaməti: 6-8-ci hamiləlik həftəsində uşaqlığın yumşalması. Bu əlamət əllə müayinə əsnasında təyin edilir. 
  • Sneqiryov əlaməti: uşaqlığın konsistensiyasının dəyişməsi. Mexaniki qıcıqlandırıcı və ya manual müayinə zamanı uşaqlıq bərkiyir, yığılır, bir müddət sonra isə boşalır. 
  • Piskaçek əlaməti: erkən hamiləlik zamanı uşaqlığın asimmetrik olması. Yəni döl yumurtasının bərkidiyi hissə əllə müayinə apararkən qabarıq olur. 
  • Qubarev və Qaus əlaməti: erkən hamiləlik zamanı uşaqlıq boynunun hərəkətli olması. 
  • Henter əlaməti: erkən hamiləlik dövründə uşaqlıq boynunun yumşalması nəticəsində uşaqlığın bir qədər bükülməsi. 
  • Qanda xorionik qonadotropin analizinin hamiləlik həftəsinə görə nəticəsi.  

Dolayı hamiləlik əlamətləri

Bu əlamətlərə ürəkbulanma, qusma, başgicəllənmə, əhvalın tez-tez dəyişməsi aiddir. Ancaq sadalanan simptomlar qadında hər hansı bir xəstəlik olduqda da müşahidə edilə bilər. 

Daha öncə qeyd etdiyimiz kimi hamiləlik zamanı qadın orqanizmində bir sıra dəyişikliklər baş verir. Onlar da öz növbəsində qadının psixo-emosional fonuna təsir edir. Hamilə qadınlarda əsəbilik, səbəbsiz ağlama halları yarana bilər. Məhz buna görə gələcək ananın həyat yoldaşı (partnyoru) ilə yanaşı, digər ailə üzvləri də bu kimi halları normal qəbul edərək, qadına səbr və nəvazişlə yanaşmalıdırlar.