Hamiləlik həftəsi

10 Oktyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 4330
Hamiləlik həftəsi foto
Rate this post

Ana olmağa hazırlaşan qadınları maraqlandıran məqamlardan biri hər hamiləlik həftəsində döl və qadın orqanizmində hansı dəyişikliklərin baş verməsidir. Onu qeyd edək ki, ginekologiyada hamiləlik dövrü embrional deyil, mamalıq üsulu ilə hesablanılır. Mamalıq həftəsi axırıncı aybaşının 1-ci günündən sayılır. Embrional həftə dedikdə isə mayalanmanın baş verdiyi tarixdən sonrakı dövr nəzərdə tutulur.

İlk 4 həftədə nələr baş verir?

1-ci mamalıq həftəsi: qadın orqanizmi döl yumurtasının əmələ gəlməsinə və uşaqlığa yapışmasına hazırlaşır.

2-ci həftə: yumutahüceyrə uşaqlıq borusundadır və digər tərəfdən spermatozoidlər ona doğru hərəkət edir.

2-ci həftənin sonu 3-cü həftənin əvvəlində mayalanma baş verir. Valideynlərin genetik informasiyaları birləşir.

4-cü həftə: gələcək körpə sürətlə bölünən hüceyrə yığınından ibarət olur. Embrionun mikroskop altında görünüşü moruğu xatırladır.

Hamiləlik həftəsi şəkil 1

5-8-ci hamiləlik həftəsi

5-ci həftə: Ürək, magistral  damarlar, tənəffüs sistemi kimi həyati vacib orqanların təməli qoyulur.

6-cı həftədə dölün ətraflarının ilkin çıxıntıları, udlaq və daxili qulağın bəzi hissələri inkişaf edir.

7-ci  hamiləlik həftəsi: baş beyin sürətlə inkişaf edir, mədə-bağırsaq traktı və ağciyərlər formalaşmağa başlayır.

8-ci həftədə qulaqlar, burun, üst dodaq, əl barmaqları əmələ gəlir.

9-12-ci hamiləlik həftəsi

9-cu həftədə embrionun onurğası düzləşir, quyruğu isə itməyə başlayır.

10-cu həftədə süd dişlərinin bünövrəsi qoyulur. Embrion amniotik (dölyanı) maye ilə əhatə olunur.

11-ci həftədə gələcək körpədə cinsi orqanlar formalaşır. Valideynlər uşağın cinsiyyətini öyrənməyə çalışsa da, bu dövr bir qədər aldadıcıdır. Ultrasəs müayinəsinin köməyilə cinsiyyət hesablama əsasən 14-cü həftədə daha dəqiq məlumat verir. Bu müddətdə dölün gözünün rəngi artıq müəyyənləşir.

12-ci həftədə dölün bütün orqan və sistemlərinin əsası qoyulmuşdur. Zaman irəlilədikcə onlar böyüyüb inkişaf edir.

13-16-cı hamiləlik həftəsi

13-cü həftə: ilk trimestr sona çatdı. Cift tamamən formalaşmışdır. Dölün qidalanmasına və oksigenlə təminatına artıq cift (plasenta) cavabdehdir.

14-cü həftədə döl zərif xırda tükcüklərlə örtülüdür. Onların vəzifəsi kəsmiyəbənzər seliklə dölün dərisini xarici təhlükələrdən qorumaqdır.

Araşdırmalara görə 15 həftəlik dölün ürəyi 1 sutkada 20 litr qan dövran etdirir. Dölün dərisi qırmızımtıl və çox nazik olub, yenidoğulmuş körpənin dərisindən fərqlənir.

16-cı həftə: baş hissə döş qəfəsinə o qədər də sıxılmır, əksinə, yavaş-yavaş düzəlməyə başlayır. Üz əzələlərinin inkişafı bitir, döl mimikalarını göstərə bilir.

Hamiləlik həftəsi foto 2

17-20-ci hamiləlik həftəsi

17-ci həftədə visseral (daxili orqanlarda) piy toxuması toplanmağa başlayır. Dərialtı piy qatı isə hələ ki, olmur.

18-ci hamiləlik həftəsi: orta qulaq formalaşır, döl xarici mühitdəki səsləri eşidir.

19-cu həftədə ətrafların bədənə olan nisbəti normallaşır.

20-ci hamiləlik həftəsi: dölün bədənini örtən xırda tükcüklər tökülür. Baş hissədə seyrək saçlar, eləcə də əl və ayaq dırnaqları əmələ gəlir. Döl hərəkətli olur, əsnəyir, yumruğunu sorur.

21-24-cü hamiləlik həftəsi

21-ci həftə: orqanizmi infeksiyalardan qoruyan qan hüceyrələri formalaşır. Döl dilindəki məməciklərin köməyilə amniotik mayenin dadını hiss edir.

22-ci həftədə körpə öz əllərini, ayaqlarını tutur, barmağını sorur, uşaqlıq divarından ayaqları ilə itələnir.

23-cü hamiləlik həftəsi dərialtına piy toxuması yığılmağa başlayır.

24-cü həftə: dölün ölçüləri daha da böyüyür. O, uşaqlığın çox hissəsini tutduğundan hərəkəti çətinləşir.

25-28-ci hamiləlik həftəsi

25-ci həftədə sümüklər bərkiyir, oynaqlar formalaşır.

26-ci həftə: döl gözlərini açıb-yumur.

III trimestr 27-ci həftədən başlayır. Döüln çəkisi təqribən 1000 qramdır. Bütün həyati sistemlər tam formalaşmasa da artıq fəaliyyət göstərir.

28-ci həftədə beyin daha da böyüyür, beyincik inkişaf edir. Yeni sinir hüceyrələri əmələ gəlir.

29-32-ci hamiləlik həftəsi

29-cu hamiləlik həftəsi: döl bədən temperaturunu bir qədər tənzimləməyi öyrənir.

30-cu həftədə gözləri geniş şəkildə açılır, ananın qarnından keçən kontrast işıqları seçməyi bacarır.

31-ci həftə: döl uca səslərə və ağrıya reaksiya verir. Qadın onun hərəkətlərini hiss edir.

32-ci hamiləlik həftəsi döl ətraf mühitdəki səsləri: anasının ürək döyüntüsünü, bağırsaq hərəkətlərini, göbək ciyəsindəki qan dövranını mükəmməl formada eşidir. Buna görə də doğulduqdan sonra anası onu sinəsinə sıxdıqda alışdığı ürək vurğularını eşidib sakitləşir.

Hamiləlik həftəsi foto 5

33-36-cı hamiləlik həftəsi

33-cü həftədə uşaqlıqdakı yer daraldığından dölün hərəkəti məhdudlaşır.

34-cü həftə: dərialtı piy ümumi çəkinin 1/10 hissəsini təşkil edir. Bu da dəriyə çəhrayı rəng tonu və hamarlıq verir.

35-ci həftədən etibarən dölün çəkisi hər gün 200-220 qram artır.

36-cı həftədə üz cizgiləri tam şəkildə seçilir, yanaqlar bəlli olur.

Son bir neçə hamiləlik həftəsi

37-ci həftədə körpə artıq doğulmağa hazırlaşır və uşaqlıqdakı yekun vəziyyətini alır.

38-ci həftədə dərini bürüyən tükcüklər tamamən itir.

39-cu həftədə uşaqlıq yığılmağa başlayır.

40-cı həftədə körpənin bağırsağı mekonium (ilkin nəcis) ilə dolur. Bu dövrdə doğuş istənilən anda başlaya bilər.

Doğuş baş vermədikdə uşaqlıq yığılmalarının intensivliyi get-gedə artır. Anada bel ağrıları çoxalır. Döl artıq kiçik çanaqda olur.

42-ci həftədə uşağın əl və ayaq dırnaqları uzun olur. Doğuş vaxtı artıq gəlib çatmışdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post