Aybaşı

Aybaşı, yəni menstruasiya cinsi yetişkənlik dövrünə çatmış qızlar və qadınlarda hamiləlik baş vermədiyi halda davamlı olaraq hər ay baş verən qanaxmadır. Menstruasiya zamanı uşaqlığın daxili qişası – endometrium soyulmağa başlayır. Bu da qanaxma ilə müşayiət olunur. Aybaşı dövrü orta hesabla 3-5 gün davam edir. 

Aybaşı tsikli nə zaman başlayır?

İlkin menstruasiya adətən 11-14 yaşlara təsadüf edir. Əksər qızlarda bu proses 12 yaşda meydana çıxır. Buna baxmayaraq, həkimlər menstrual tsiklin başlanması üçün 9 -15 yaş arasını optimal hesab edirlər. Tsiklin formalaşdığı müddətdən qadın orqanizmi mayalanmaya hazır sayılır. 45-55 yaşlarda aybaşı qanaxması kəsilir – menopauza (klimaks) dövrü başlanır. 

Aybaşı tsikli nədir? 

Menstrual qanaxmalar hər ay müntəzəm şəkildə baş verirsə, buna aybaşı tsikli deyilir. Onun müddəti hər dəfə müəyyən qədər dəyişə bilər. Bu da normal hal kimi qiymətləndirilir. Ən uzun menstrual tsikl adətən yeniyetmələrdə müşahidə edilir. Yaş artdıqca aybaşı tsikli qısalır və dəqiq intervallarda gedir. Adətən menstrual tsikl 21-35 gün davam edir. Qadın orqanizmində stress və ya digər faktorlarla əlaqədar hormonal dəyişikliklərin nəticəsi kimi menstrual tsikldə dəyişikliklər yarana bilər.  

Aybaşı şəkli

Aybaşı zamanı qanın rəngi niyə normal qandan fərqli olur?

Menstruasiya zamanı qanın rəngi damarlarımızda axan qanın rəngindən bir qədər tünddür. Bu da onun laxtalanmaması və tərkibində seliyin olması ilə bağlıdır. Menstruasiya vaxtı uşaqlığın selikli qişasında qanın laxtalanmasını azaldan fermentlər sintez olunduğundan aybaşı qanı laxtalanmır.

Aybaşı zamanı qanın rəngi 

Aybaşı zamanı qanın rəngi açıq-qırmızıdan tünd qırmızı və bəzən qəhvəyiyə qədər dəyişir. Bu, çox vaxt normal hesab edilir. Aybaşı qanının rəngi tünd qara olduqda, orqanizmdə hansısa patologiyanın inkişafından şübhələnmək lazımdır. 

Menstruasiya dövründə qan laxtası

Bəzi qadınlarda menstruasiyanın sonuna yaxın az miqdarda laxta müşahidə oluna bilər. Ginekoloqların fikrincə bu, normadır. Bəzən belə laxtalara qanaxmanın gur olduğu vaxtlarda və ya stress zamanı rast gəlinir. Laxtaların iri ölçülü və çox miqdarda olması müəyyən xəstəliklərə dəlalət edə bilər. Bunlara uşaqlığın mioması, simptomatik anemiya, hipotireoz və s. misal göstərmək olar.  

Aybaşı zamanı ürək bulanma   

Bəzi qadınlarda aybaşı zamanı ürəkbulanma, baş ağrısı, başgicəllənmə meydana çıxır. Sadalanan əlamətlər əsasən menstruasiyadan 1 gün qabaq və aybaşının 1-2-ci günlərində müşahidə edilir. Bu hal tibbdə predmenstrual sindrom adlanır. Menstruasiya zamanı ürək bulanma çox vaxt uşaqlığı bir qədər arxaya meylli və bükülmüş vəziyyətdə olan qadınlarda yaranır. Bu tip uşaqlıq qarın sinirlərinə təzyiqi etməklə, onları qıcıqlandırır.

Ürək bulanmanın əsas səbəbi aybaşı öncəsi onurğa beyninin artıq miqdarda serotonin hormonu ifraz etməsi ilə əlaqədardır. Bu hormon ürək bulanma və qusma refleksinə səbəb olur. 

Aybaşı 1 şəkil

Soruşmaqdan çəkinməyin     

Təəssüf ki, cəmiyyətdə aybaşı gizlədilən və haqqında danışmaq belə ayıb sayılan bir mövzüdür. Əslində isə menstruasiya tamamilə normal, təbii, bioloji prosesdir. Və burada utanmalı, çəkinməli bir şey yoxdur. Əgər Sizi menstruasiya ilə bağlı hansısa məsələlər narahat edirsə, mütləq ginekoloqa müraciət edin və məsləhətlər alın.    

Niyə bir çox insanlar bu mövzuda danışmağa çəkinir? 

Bu vəziyyət bir çox geridə qalmış ölkələrdə, hətta indiki zamanda da mövcuddur. Çünki orta əsrlərdə qadın və kişi arasında sosial qeyri-bərabərlik, kişilərin daha üstün olmasını vurğulamaq məqsədilə aybaşı bir “fürsət” kimi istifadə edilirdi. Qadınlar menstruasiya olduqlarına görə bir çox mədəniyyətlərdə “çirkli, mundar, natəmiz” sayılırdı. Bu isə qədim dövrlərdə insanların cahilliyindən irəli gəlirdi. Menstruasiyanın necə və hansı səbəbdən baş verdiyini bilmədikləri üçün onlar bunu gizli, qeyri-adi bir məqam kimi qəbul edirdilər.   

Xülasə

Sonda onu qeyd edək ki, menstrual tsiklin müntəzəmliyi daim nəzarətdə saxlanmalıdır. O üzdən təqvimdə hər ay 1-ci aybaşı gününü qeyd edin və tsikli izləyin. Bu yolla hər hansı bir kənaraçıxma baş verdikdə, vaxtında müalicə olunmaqla, ağırlaşmaların qarşısını ala bilərsiniz.