Aybaşı qanaxması
Reproduktiv yaşda (15-49 yaş) qadınlarda hər ay menstruasiyanın olması təbii haldır. Axıntının miqdarı, tsiklin uzunluğu isə fərdi xarakter daşıyır. Aybaşı zamanı güclü qanaxma (hipermenoreya) müayinə və müalicə tələb edən ciddi xəstəliklərdən xəbər verir. Hipermenoreya – həcmi 150 ml-dən çox aybaşı axıntısıdır.
Aybaşı qanaxmasının səbəbləri müxtəlifdir. Onlar fizioloji və patoloji olmaqla 2 qrupa bölünür.
Aybaşı qanaxması – fizioloji amillər
- Uşaqlığın anadangəlmə anomaliyaları: ikibuynuzlu, yəhərvari forma, uşaqlığın ikiləşməsi, arakəsmənin dərin olması.
- Kontraseptivlər. Aybaşı qanaxması daha çox uşaqlıqdaxili spiraldan istifadə edən qadınlarda qeyd olunur.
- Dyufaston preparatının qəbulu. Bu hormonal vasitə yumurtalığın kistası və cinsi orqanların disfunksiyasının müalicəsində istifadə olunur. Dozalanma düzgün seçilmədikdə əvvəlcə tsikldə gecikmələr, daha sonra şiddətli qanaxma baş verir.
- Güclü stress. Uzunmüddətli fiziki və emosional gərginlik hormonal disbalansa səbəb olur. Bu hala qadın orqanizmi bir neçə formada reaksiya verir. Aybaşı qanaxması həmin reaksiyalardan sayılır.
- Kəskin iqlim dəyişikliyi.
Uşaqlığın anomaliyaları istisna olmaqla, yuxarıda sadalanan bütün faktorlar müvəqqəti xarakter daşıyır.
Aybaşı qanaxması – patoloji səbəblər
- Endokrin pozğunluqlar. Güclü qanaxma ilə yanaşı tsiklin periodikliyi dəyişir. Qadında yuxululuq, yorğunluq, halsızlıq, saçların tökülməsi, dırnaqların qırılması hormonal disbalansın nəticəsidir.
- Endometrioz. Endometrium hüceyrələrinin yayılaraq, uşaqlığın sərhədlərindən kənarda inkişaf etməsidir. Menstruasiya vaxtı şiddətli qanaxma bu xəstəliyin əsas əlamətidir. Bundan başqa güclü aybaşı ağrıları, qeyri-müntəzəm tsikl də endometriozun təzahürlərindən hesab olunur. Müalicənin gecikdirilməsi sonsuzluqla nəticələnir.
- Mioma. Uşaqlığın əzələ qatının – miometriumun xoşxassəli şişidir. Kiçik düyünlər heç bir əlamətlə özünü büruzə vermir. Endometriuma (uşaqlığın daxili qatı) yaxın yerləşən düyünlər isə böyüyərək, aybaşı qanaxması törədə biər. Belə qadınlarda hətta menstruasiyalar arası intervalda da qanaxma izlənilir.
- Endometriumun hiperplaziyası. Uşaqlığın daxili qatının normadan artıq qalınlaşmasıdır. Xəstələrdə menstruasiya zamanı endometrium qeyri-bərabər soyulur, qanaxma, laxtalanma və ağrı müşahidə olunur.
- Uşaqlığın polipləri. Əsasən endometriumda inkişaf edir. Daxili qatın soyulması zamanı polip zədələnir, qanaxma və iri laxtalar əmələ gəlir.
- Endometrit. Uşaqlığın daxili qatının iltihabıdır. Xəstəlik bakteriyalar tərəfindən törədilir. Kəskin dövr üçün qızdırma, qarnın aşağı hissəsində ağrılar və ürəkbulanma xarakterikdir.
Aybaşı qanaxması – risk faktorları
Qanaxmaya təkan verən amillərə aşağıdakılar aiddir:
- Tez-tez təkrarlanan abortlar;
- Düşük halları;
- Çətin doğuşlar;
- Təcili kontraseptiv vasitələrin qəbulu;
- Soyuqlama, isti havada çox vaxt keçirmə;
- Cinsi partnyorların tez-tez dəyişilməsi;
- Anemiya – qan azlığı;
- Ağır fiziki iş.
Aybaşı zamanı güclü qanaxma – diaqnostika
Qanaxmanın səbəbini aydınlaşdırmaq üçün aşağıdakı müayinə üsulları aparılır:
- Sidik və qanın ümumi analizi;
- Koaquloqramma (laxtalanmanın təyini);
- Cinsi və tiroid hormonların analizi;
- Onkomarkerlər;
- Ginekoloji ultrasəs müayinəsi;
- Histeroskopiya – xüsusi cihazla endometriumun struktur dəyişikliyinin yoxlanılması.
Aybaşı qanaxması ağırlaşmaları
- Qanda dəmirin səviyyəsinin azalması qadının ümumi səhhətinə mənfi təsir edir. Halsızlıq, yorğunluq, yuxululuq yaranır. Dəri əvvəlki təravətini itirir və quruyur.
- Qanaxma endometrioz mənşəli olduqda və heç bir tədbir görülmədikdə sonsuzluq əmələ gəlir.
- Çox miqdarda qan itkisi hemorragik şoka və ölümə səbəb ola bilər.
Aybaşı zamanı güclü qanaxma halları ardıcıl surətdə 2-3 tsikl müddətində təkrarlanırsa, mütləq ginekoloqun müayinəsindən keçib müalicə olunmaq lazımdır.