Aybaşı nədir?

07 Oktyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 4967
Aybaşı nədir? şəkil
4.6/5 - (12 votes)

Menstruasiya – hamiləliyin baş vermədiyi hallarda hər ay dövrü olaraq uşaqlığın daxili selikli qişasının soyulması nəticəsində 3-5 günlük qanaxmalarla xarakterizə edilir.

İlk aybaşı nədir?

Menarxe (ilk aybaşı) qızlarda orta hesabla 12-14 yaşında başlayır. Hipofiz, qalxanabənzər vəz, yumurtalıq patologiyalarında menarxe gecikir.

Aybaşı nədir – birinci (follikulyar) faza

Aybaşının mexanizmi baş beyində neyrohormonların sintezinə əsaslanır. Neyrohormonlar hipofizi stimulə edərək, onun fəaliyyətini gücləndirir. Hipofizin ifraz etdiyi hormonlar isə öz növbəsində yumurtalıqlara təsir edir. Nəticədə daxilində yumurtahüceyrə yetişən follikul əmələ gəlir.

Hər ay yumurtalıqlardan birində 1 ədəd follikulun ölçüləri böyüyür. O, dominant follikul adlanır. Maksimal ölçüsü 18-22 mm-ə bərabər olur. Digər follikulların isə təqribi ölçüləri 4-5 mm-dir. Follikulyar fazada estrogenlərin səviyyəsi yüksək, progesteronun miqdarı isə aşağı olur.

Aybaşı nədir? şəkil 1

Aybaşı nədir – ikinci (lütein) faza

İkinci fazada estrogenlərin artması orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Buna görə də menstrual tsiklin əvvəlində qadın bir qədər arıqlayır. Lütein fazada yetişmiş follikul partlayır və yumurtahüceyrə qarın boşluğuna atılır. Bu proses ovulyasiya adlanır. Partlamış follikulun yerində progesteron sintez edən sarı cisim formalaşır.

Lütein fazada predmenstrual (aybaşı öncəsi) sindrom müşahidə edilir. Həmçinin progesteronun təsirindən orqanizmdə su ləngiyir, iştah və çəki artır. Yəni qadının boyundan asılı olaraq, bədən kütlə indeksi 5 kq-a qədər yüksələ bilər.

Aybaşı nədir? şəkil 2

Aybaşı nədir – qanaxma günləri

Menstrual tsikldə estrogen və progesteronun təsirindən uşaqlığın selikli qişası qalınlaşır. Qarın boşluğundakı yumurtahüceyrə uşaqlıq borusunun kirpikcikləri tərəfindən tutularaq, borunun mənfəzinə doğru ötürülür. Mayalanma baş vermədikdə yumurtahüceyrə uşaqlığa düşür və onun selikli qişası soyulmağa başlayır. Yumurtahüceyrə aybaşı qanı ilə birlikdə orqanizmdən kənarlaşır.

Aybaşı qanaxması 4-5 gün davam edir. İtirilən qanın miqdarı təxmini 80-130 ml olur. Menstrual tsiklin uzunluğu 25-32 gün arasında dəyişir. Hər bir qadın bu günləri fərqli keçirir. Bəzilərində baş, bel, qarın ağrıları, digərlərində isə yanaşı olaraq, qusma və ürəkbulanma yaranır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (12 votes)