Menstruasiya hesablama

Hər bir qadın dövrü şəkildə aybaşı ilə rastlaşır. Menstruasiya prosesinin müntəzəmliyi qadın sağlamlığının ginekoloji və hormonal nöqteyi nəzərdən hansı səviyyədə olmasından xəbər verir. Məhz buna görə də qadınlar fərdi şəkildə özlərinə menstruasiya hesablama qrafiki qurmalıdır.
Menstruasiya tsikli
Menstruasiya tsikli 21-30 sutkadan bir mütəmadi şəkildə təkrarlanan mürəkkəb proseslərin toplusudur. Tsiklin optimal uzunluğu 28 gündür. Əslində bir çox qadınlar aybaşı ilə menstruasiya tsikli anlayışlarını səhv salır.
Menstruasiya 3-5 gün davam edən vaginal qanaxmalardır. Tsikl isə özündə ovulyasiya, aybaşı günləri və aybaşıdan sonrakı dövrü birləşdirir. Aybaşı adətən 12-13 yaşda başlayaraq, 45-55 yaşlara qədər davam edir. Hamiləlik və südvermə dövründə aybaşı müşahidə olunmur.
Menstruasiya hesablama necə aparılmalıdır?
Aybaşı qanaxması tsiklin 1-ci günüdür və təqvimdə bunu işarələmək lazımdır. Sonuncu gün isə tsiklin axırıncı sutkasıdır. Onun ardınca növbəti aybaşı başlayır. Tsiklin 1-ci və sonuncu günü arasında orta hesabla 25-30 sutkalıq inteval olmalıdır. Ovulyasiya (yumurtahüceyrənin follikuldan çıxması) menstrual tsiklin 13-15-ci sutkasında baş verir.
Menstruasiya hesablama metodları
Sizə aybaşı təqvimini təqdim edirik:
Cədvəldə uyğun hərfləri yazın: Z-zəif; İ-intensiv; O-ovulyasiya.
Ən sadə üsul kiçik təqvim alıb, permanent markerlə günləri işarələməkdir. Digər variant isə yuxarıdakı şəkili çap edib, üzərində qeydlər aparmaqdır.
Digər menstruasiya hesablama üsulları
Menstruasiya hesablama üçün növbəti metod telefona yüklənilən proqramdır. Əgər hamiləlik planlama niyyətiniz varsa, təqvim vasitəsilə mayalanmaya daha uyğun günləri seçə bilərsiniz. Övlad sahibi olmaq istəmirsinizsə, aybaşı tsiklini izləyərək, hamiləlik əleyhinə dərman qəbulunun sxemini qura bilərsiniz.
Həmçinin hamiləlik baş vermədən digər səbəblərdən menstruasiya gecikməsi təqvimin köməyilə dəqiqləşdirilə bilər. Belə vəziyyətlərdə aybaşı olmaq üçün dərman və ya digər üsulla gecikməyə vaxtında müdaxilə etmək mümkündür.
Aybaşı haqqında maraqlı faktlar
- Menstrual tsikl sadəcə insanlarda və insanabənzər meymunların dişilərində müşahidə olunur.
- Menstrual hesablama təqvimi doğuş tarixini təxmin etməyə imkan verir.
- Hamiləlik müddəti 280 ay sutkasına bərabərdir (1 ay sutkası 24 saat 48 dəqiqədir). Bu da 290 gün deməkdir.
- Aybaşı zamanı qadın orqanizmi maya göbələyini məhv edən xüsusi maddələr ifraz edir.
- Alt paltara yapışan gigiyenik bezlər 1971-ci ildə icad olunmuşdur.
Sonda isə nəzərinizə çatdıraq ki, menstruasiya hesablama təqvimi çox faydalı üsuldur. Çünki hər hansı ginekoloji patologiya ilə həkimə müraciət edərkən mütəxəssis ilk növbədə aybaşının gününü, tsiklin təkrarlanma müddətini soruşur.