Aybaşı neçə yaşda olur?

14 Oktyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 18248
Aybaşı neçə yaşda olur? şəkil
4.2/5 - (32 votes)

Menstruasiya yetkin qadınlar üçün hər ay təkrarlanan adi bir proses olsa da, gənc qızlarda ilk aybaşı qorxu yarada bilər. Bu səbəbdən analar qızlarına dəstək olmaq üçün aybaşı haqqında bir çox məlumata yiyələnməlidirlər. Məsələn, aybaşı neçə yaşda olur? Necə baş verir? Buna öncədən hazırlaşmaq lazımdırmı və s.

Aybaşı neçə yaşda olur – daha ətraflı

Statistikaya görə qızlarda menstruasiya 11-14 yaş arasında başlayır. Bəzən bu müddət 15 yaşa qədər uzana bilər.

Aybaşı neçə yaşda olur – ginekoloqa nə vaxt getmək lazımdır?

Aşağıdakı hallarda uşaq ginekoloqunun konsultasiyası tövsiyə olunur:

  • menstruasiya 11 yaşdan tez başladıqda;
  • 14 yaşdan sonra hələ də menstruasiya olmadıqda;
  • ikincili cinsi əlamətlər 9 yaşdan tez, 13 yaşdan gec müşahidə edildikdə. Həmin əlamətlərə süd vəzilərinin böyüməsi, qasıq və qoltuq altında tüklənmə aiddir.

Bir qayda olaraq bu hallar hormonal pozğunluq, qeyri-düzgün qidalanma, inkişaf anomaliyaları və s. səbəblərdən əmələ gəlir.

Aybaşı neçə yaşda olur? foto 1

Aybaşı neçə yaşda olur – bu prosesə hansı amillər təsir edir?

Gənc qızda ilk menstruasiya menarxe adlanır. Onun başlamasında aşağıdakı amillər böyük rol oynayır:

  • hormonal status;
  • fiziki inkişafın xüsusiyyətləri;
  • qidalanma vərdişləri və keyfiyyəti;
  • bədən quruluşu;
  • yaşayış yeri;
  • psixoemosional vəziyyət;
  • keçirilmiş xəstəliklər;
  • irsiyyət.

Həmyaşıdlarına nisbətən iri bədən quruluşuna malik qızlarda menstruasiya daha erkən vaxtlarda başlayır. Bununla yanaşı qeyri-sağlam qidalanma, xəstəliklər, stress aybaşı başlanmasını gecikdirir. Menstruasiyanın başlanmasında irsiyyət də önəmli rol oynayır.

Əgər nəsildəki qadınlarda, xüsusən ana və böyük bacılarda aybaşı normadan gec və ya tez başlayıbsa, qızda da həmin hadisələrin oxşar gedişatı ola bilər.

Aybaşı neçə yaşda olur – ilk əlamətlər

Menarxe orqanizmin cinsi yetişkənlik dövrünün təzahürüdür. İlk əlamətləri aybaşı başlamadan 2-3 il öncə görmək olar. Məsələn, qızlarda süd vəziləri böyüməyə başlayır, qasıq və qoltuq altında tüklər sıxlaşır, çanaq genişlənir, dərialtı piy toxuması artır.

İlk aybaşı cinsi yetişkənlik deməkdir

Aybaşı başlamazdan 6 ay əvvəl uşaqlıq yolundan selikli ifrazat axır. Bu axıntı rəngsiz, bəzən də sarımtıl rəngdə olur. Qoxusu bir qədər turşdur. Bununla yanaşı qızlarda qarnın aşağı hissəsində ağrı, əhvalın dəyişməsi, depressiya, yuxululuq, ürəkbulanma, iştahın dəyişməsi kimi simptomlar meydana çıxır.

Bu əlamətlər norma sayılır, narahatlıq üçün heç bir əsas yoxdur.

Aybaşı neçə yaşda olur? foto 4

Aybaşı neçə yaşda olur – fiziologiya

Əksər qızlar qanlı axıntını ilk dəfə görəndə qorxu keçirdirlər. Çünki bu vaxta qədər qan onlar üçün dəri tamlığının pozulması, travma əlaməti idi. Ona görə də yeniyetmə qıza öncədən izah etmək lazımdır ki, menstruasiya travma və ya qorxulu xəstəlik deyil.

Hormonların təsirindən 10-11 yaşdan etibarən reproduktiv sistem dəyişməyə başlayır. İlk növbədə uşaqlıq və yumurtalıqların ölçüləri böyüyür. Daha sonra isə uşaqlığın daxili qatı – endometrium qalınlaşaraq, soyulur, qanlı ifrazat ilə orqanizmdən xaric olur. Aybaşı bitdikdən sonra endometrium yenidən qalınlaşır.

Menstrual tsikl  neçə gün davam edir?

Qadın orqanizmində reproduktiv proseslər ciddi qrafikə tabedir. Bunlardan biri də ovulyator-menstrual tsikldir. O, adətən 28-30 gün davam edir. Bəzən isə normadan kənara çıxmaqla 21-35 arasında dəyişir. Tsiklin uzunluğu estrogen və progesteron hormonlarının nisbətindən asılıdır.

Yeniyetmə qızlarda tsikl 1-2 ilə tənzimlənir. 2 il ərzində tsiklin pozulması norma sayılır. Əsas odur ki, gecikmənin uzunluğu 3 ay, 1 menstruasiyanın davamiyyəti isə 10 gündən çox olmasın. Yeniyetmələrdə ilk aybaşı çox ağrılı keçə bilər. Belə vəziyyətlərdə iltihabəleyhinə qeyri-steroid dərmanlar (ibuprofen, naproksen) və ya ağrıkəsicilərdən istifadə etmək olar.

Xülasə

Hər bir ana yeniyetmə qızına ilk aybaşı və onun mexanizmi haqqında müəyyən qədər məlumat verib, övladını bu prosesə psixoloji olaraq öncədən hazırlamalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.2/5 - (32 votes)