Menstruasiya gecikməsi

01 Oktyabr 2019 Kateqoriya: Aybaşı gecikməsi Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2029
Menstruasiya gecikməsi şəkil
5/5 - (1 vote)

Aybaşı axıntılarının 35 gündən artıq müddətdə müşahidə edilməməsi menstruasiya gecikməsi adlanır. Əslində aybaşının 10 günə qədər gecikməsi norma sayılır. Tsikl orta hesabla 28-35 gün davam edir. Menstruasiya hesablama qanaxmanın birinci günündən başlayır.

Menstruasiya gecikməsi – səbəbləri

Menstrual funksiyanın pozulmasının bir çox səbəbləri vardır:

  • psixoloji gərginlik;
  • psixi və nevroloji xəstəliklər;
  • avitaminoz;
  • piylənmə;
  • kəskin arıqlama, anoreksiya;
  • infeksion patologiyalar;
  • sidik yollarının travmaları;
  • cinsiyyət orqanlarında cərrahi əməliyyat;
  • ginekoloji orqanların anadangəlmə inkişaf qüsurları;
  • endokrinolji xəstəliklər və s.

Bu faktorlara ayrı-ayrılıqda və ya cəm şəklində rast gəlinə bilər.

Yeniyetmələrdə menstruasiya gecikməsi

İlkin aybaşıdan sonra 1-2 il ərzində tsikl çox nadir hallarda müntəzəm olur. Yəni bu zaman intervalında məsələn, 1-2 ay normal tsikl, daha sonra menstruasiya gecikməsi, növbəti aylarda isə vaxtından əvvəl aybaşı olmaq mümkündür. Məsələ burasındadır ki, ilk 2 il müddətində yeniyetmə qızın hormonal fonu qeyri-stabil olur. Hormonların qanda səviyyəsi qəfil yüksəldiyi kimi də enir.

Menstruasiya gecikməsi şəkil 1

Qadın cinsiyyət orqanı xəstəlikləri zamanı menstruasiya gecikməsi

  • Qalxanabənzər vəzi hormonların sintezinə cavabdeh orqanlardan biridir. Bu vəzin fəaliyyətində kənaraçıxmalar hormonal disbalansa səbəb olur. Nəticədə yumurtalıqların fəaliyyəti pozulur – disfunskiya baş verir.
  • Cinsiyyət orqanlarında müxtəlif etiologiyalı şişlər, endometrioz menstruasiya gecikməsi törədir.
  • Yumurtalıqların polikistozu zamanı qanda testosteron hormonunun səviyyəsi yüksəlir, ovulyasiya baş vermir, aybaşı gecikir. Əslində qadın orqanizmində müəyyən səviyyədə kişi hormonları vardır. Eləcə də kişilərdə az miqdarda qadın hormonları mövcuddur. Qadında testosteron artıqlığı xarici görünüşdən də bilinir. Onlarda kökəlmə, tüklənmə, səsin qalınlaşması, dərinin yağlanması və aqressivlik müşahidə olunur. Belə vəziyyətlərdə müalicənin gecikdirilməsi sonsuzluğa gətirib çıxarır.
  • Follikul yetişməsinin pozulması onun atreziyası və persistensiyası şəklində təzahür edir.

Follikulun persistensiyası

Normada tsiklin 1-ci fazasında ovulyasiyaya qədər follikul yetişir və bu zaman lüteinləşdirici hormon (LH) yüksəlir. Persistensiya hallarında isə LH artmır, follikul partlamır. Orqanizmdə estrogenlər üstünlük təşkil edir.

Follikulun atreziyası

Follikul son yetişmə mərhələsinə çatmadan büzüşür, yəni atreziya olunur. Adətən bu patologiyada 1 deyil, 2 follikul birdən böyüməyə başlayır. Ovulyasiya olmadan büzüşürlər. Daha sonra yenə eyni proses təkrarlanır. Bu zaman da estrogen hormonal fon üstün olur.

  • Uşaqlığın daxili qatı – endometriumun hiperplaziyası (qalınlaşması) zamanı estrogenlərin təsirindən damarlar genişlənir və kövrəkləşir. Qalınlaşmış endometrium soyulmur, o üzdən aybaşı baş vermir.

Qadınların 70-80%-də 1-2 aylıq gecikmədən uşaqlıq qanaxmaları müşahidə olunur.

Menstruasiya gecikməsi şəkil 2

Menstruasiya gecikməsi – diaqnostika

Ginekoloq xəstənin şikayətlərini dinlədikdən sonra müayinə aparır. Onun nəticələrinə əsasən diaqnoz dəqiqləşdirilir.

Menstruasiya gecikməsi – fizioloji hal kimi

Fizioloji faktorlarla bağlı menstruasiya gecikməsi müvəqqəti xarakter daşıyır. Həmin amil aradan qaldırıldıqda tsikl normallaşır. Fizioloji səbəblərə aşağıdakılar aiddir:

  • Fiziki, emosional yüklənmə, stress, təhsil və iş şəraitində gərgin rejim;
  • Həyat tərzi və iqlimin dəyişməsi;
  • Anoreksiya;
  • Doğuş.

Doğuşdan sonra hipofizin sintez etdiyi prolaktin artdığından qadınlarda menstruasiya gecikməsi izlənilir.

Menstruasiya gecikməsi – stress vəziyyətləri

Stressin davam etmə müddətindən asılı olmayaraq, belə hallar baş beyində hipofizin fəaliyyətinin pozulmasını şərait yaradır. Hipofiz isə cinsi hormonların sintezinə cavabdeh olduğuna görə menstruasiya gecikməsi meydana çıxır.

Menstruasiya gecikmələri – abort

Hamiləliyin planlı şəkildə sonlandırılması, eləcə də küretaj əsnasında endometriumun toxumaları zədələnir. Uşaqlığın daxili qatı öz qalınlığını bərpa edənə qədər müəyyən zaman intervalı keçir. Bu isə menstruasiya gecikməsi ilə müşayiət olunur.

Xülasə

Aybaşı gecikmələri qadında əhval-ruhiyənin pozulması, qıcıqlanma, əsəbilik kimi emosional pozğunluqlarla nəticələnə bilər. Gözlənilən tarixdən 1 həftədən artıq gecikmə olduqda mütləq ginekoloqa müraciət edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)