Vaxtından əvvəl aybaşı olmaq

Vaxtından əvvəl aybaşı olmaq menstrual tsiklin pozulması deməkdir. Normal tsikl 28-33 gün davam edir. İki menstruasiya arası interval orqanizmin fizioloji və fərdi xüsusiyyətlərindən asılıdır.
Vaxtından əvvəl aybaşı olmaq: səbəbləri
- Stress və gərginlik halları
Dünyada bir çox qadın bu problemlə rastlaşır. Daimi stress, əsəb, gərginlik adətən aybaşı pozğunluğu ilə nəticələnir. Belə ki, qeyri-stabil emosional fon sinir sisteminə təsir edirək, spazm törədir. Uşaqlığın hərəki aktivliyinin artması onun selikli qişasının soyulmasını tezləşdirir. Nəticədə aybaşı vaxtından bir neçə gün əvvəl başlayır.
- Hormonal fonda disbalans
Tsiklin pozulması hormonal preparatların qəbul edilməsi ilə əlaqəli ola bilər. Bu, həmin dərmanların cinsi hormonların sintezini pozması səbəbindən baş verir.
- Kontraseptiv vasitələrin təsiri
Hamiləlik əleyhinə dərmanlardan istifadə edən qadınlarda vaxtından qabaq aybaşı olmaq normal hal sayılır. Xaricdən qəbul edilən hormonlar orqanizmdə zərbə effekti yaradır. Gur ifrazat və laxtalanma bu effektin nəticəsidir. Lakin zaman keçdikcə orqanizm yeni hormonal fona alışır və növbəti ay tsikl bərpa olunur.
- Yaş dövrü
Yeniyetmə qızlarda tsiklin qeyri-stabilliyi fizioloji hal və 1-2 il ərzində normallaşır. 45-50 yaşlarda isə yaxınlaşan klimaks əlaməti kimi vaxtından qabaq aybaşı olmaq mümkündür.
- Ölkə və iqlim dəyişikliyi
İqlim və saat (GMT) dəyişikliyi tsikldə bəzi pozulmalara səbəb ola bilər. Buna görə də xarici ölkələrə ayda maksimum 1 dəfə səyahət etmək tövsiyə edilir.
Cinsi xəstəliklər əksər hallarda vaxtından əvvəl aybaşı ilə müşayiət edilir. Bu da iltihabi proseslərin orqanizmdə müxtəlif xarakterli dəyişikliklər törətməsi ilə izah olunur.
- Uşaqlığın xoşxassəli şişləri
Miomalı qadınlarda aybaşı ilə əlaqəli aşağıdakı şikayətlər yaranır:
- qarnın aşağı hissəsində ağrılar;
- laxtaların olması;
- qəhvəyi axıntı;
- vaxtından əvvəl aybaşı olmaq;
- iki aybaşıarası qanaxma.
- uşaqlıq yolu və boynunun travmaları
Uşaqlıq yolu və boynunun mexaniki zədələnməsi nəticəsində qısamüddətli qanaxma ola bilər. Kobud intim yaxınlıq və ya kontraseptiv vasitənin düzgün taxılmaması uşaqlıq yolunu zədələyir. Qanlı axıntı qısa müddətli olduqda narahatlığa əsas yoxdur.
- Soyuqlama və iltihabi proseslər
İltihabi proseslər orqanizmdə vaxtından əvvəl aybaşı ilə nəticələnir. Çox zaman laqeyd yanaşdığımız qrip kimi kəskin respirator virus infeksiyaları reproduktiv sistemdə funskional disbalans və hormonal pozğunluq yaradır.
- Ağır fiziki məşqlər
İdmanla məşğul olmağa qərar verən qadınlara məşqlərin intensivliyini dərhal deyil, tədricən artırmaq məsləhətdir.
- Balanslaşdırılmamış qidalanma (pəhriz, aclıq)
Orqanizmə kifayət miqdarda yağ və karbohidrat daxil olmadıqda cinsi hormonların sintezi azalır. Anovulyator tsikl (ovulyasiyanın olmaması) baş verir.
Vaxtından əvvəl aybaşı hansı əlamətlərlə müşahidə olunur?
– menstruasiyanın gedişatı onun yaranma səbəbindən asılıdır. Stresslə əlaqəli aybaşı zamanı baş ağrıları, zəiflik, yuxusuzluq meydana çıxır.
– qadınlarda hormonal pozğunluq olduqda axıntı normadan çox və laxtalar şəklində gəlir.
– infeksion xəstəliklər fonunda qarnın aşağı hissəsi və beldə ağrılar baş verir.
– embrionun implantasiyası nəticəsində qanaxma az miqdarda və qısamüddətli olur.
Vaxtından əvvəl aybaşı olmaq hamiləliklə səhv salına bilərmi?
İmplantasiya qanaxması adi aybaşı qanaxmasından bəzi xarakterik xüsusiyyətlərlə fərqlənir:
- axıntının miqdarı çox az olub, damcı şəklindədir;
- qanlı ifrazat 1 neçə saatdan maksimum 2 günə qədər davam edir;
- qan duru konsistensiyaya, çəhrayı rəngə malik olur;
- hamiləlik testi pozitiv göstərir.
Vaxtından əvvəl aybaşı olmaq – həkimə nə zaman müraciət etməli?
- qızdırma;
- qarında şiddətli və kəskin ağrı;
- cinsi orqanlarda qaşınma;
- tünd rəngli və ya laxtalarla bol axıntı
- bayılma
Yuxarıda sadalanan əlamətlər müşahidə edildikdə vaxt itirmədən həkim-ginekoloqla əlaqə saxlamaq lazımdır.