Aybaşı pozğunluğu üçün dərman

10 Oktyabr 2019 Kateqoriya: Aybaşı pozğunluğu Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 5678
Aybaşı pozğunluğu üçün dərman foto
4.6/5 - (14 votes)

Aybaşı pozğunluğu onu törədən səbəbdən asılı olaraq, medikamentoz (dərman preparatları) və ya qeyri-medikamentoz yolla müalicə edilir. Menstruasiya tsiklinin normallaşması əslində uzun vaxt tələb edir.

Müalicə aşağıdakı yollarla aparılır:

  • Düzgün qidalanma;
  • Aybaşı pozğunluğu üçün dərman;
  • Cərrahi müdaxilə;
  • Xalq təbabəti reseptləri;
  • Fiziki idman hərəkətləri.

Aybaşı pozğunluğu üçün vitaminlər  

Qızlarda cinsi yetişkənlik dövrünün başlanğıcında amenoreyaya (6 aydan uzun müddətdə aybaşının olmaması) tez-tez rast gəlinir. Buna səbəb yumurtalıqların hormon ifrazının zəif olmasıdır. Bu halda tsikli normallaşdırmaq məqsədilə vitamin preparatları təyin edilir.

  • Tsiklin 1-ci fazasında B1, B6 və ya bütün B qrup dərman kompleksi
  • 2-ci fazada Aevit, C vitamini və fol turşusu

Aybaşı pozğuluğu səbəblərindən biri ağır pəhrizlərdir. Aclıq zamanı orqanizm stress keçirir və bütün vitamin deposu sərf olunur. Bu çox vaxt anemiya, avitaminoz və həddindən artıq prolaktin sintezi ilə nəticələnir. Belə vəziyyətlərdə tərkibində E, C, B vitaminləri, maqnezium, yod, selen, sink, L-arqinin mineralları daxil olan vitamin-mineral kompleksləri faydalı sayılır.

Aybaşı pozğunluğu üçün dərman foto 1

Aybaşı pozğunluğu üçün dərman neçə seçilir?

Xəstənin tam müayinəsindən sonra ginekoloq aybaşı pozğunluğunun səbəbini üzə çıxarır. Yaxın zamanda hamiləlik planlama yoxdursa, qadına kontraseptiv preparatlar yazılır. Bu vasitələr stress, iqlim dəyişikliyi və bir çox xarici faktorlardan tsiklin pozğunluğu zamanı təyin edilir. Onlar müayinənin nəticələrinə əsasən fərdi qaydada seçilir.

Klimaks dövrü yaxınlaşarkən qadın orqanizmində hormonal fonun yenidən qurulması ilə əlaqədar aybaşı tədricən azalır. Axıntılar kəsildikdə qadının ümumi vəziyyəti pisləşir. Klimaksın əlamətlərini aradan qaldırmaq üçün əvəzedici hormonal terapiya tətbiq olunur.

İnfeksion səbəblərdən baş verən aybaşı pozğunluğu üçün dərman

Menstruasiyanın zökəm və ya hər hansı infeksion patologiyadan pozulması zamanı antibiotiklər və ya virus əleyhinə preparatlar məsləhət görülür. Onların qəbulundan və xəstəliyin müalicəsindən sonra aybaşı tsikli bərpa olunur.

Cinsi orqanların şiş xəstəlikləri zamanı tsikl pozğunluğu

Mioma, yumurtalığın kistası zamanı menstruasiyanı bərpa etmək, cinsi orqanların funksiyasını tədricən tənzimləmək üçün hormonal preparatlardan istifadə olunur. Əgər 3 kurs müalicə müsbət nəticə verməzsə, cərrahi müdaxiləyə ehtiyac yaranır.

Aybaşı pozğunluğu üçün dərman foto 2

Aybaşı pozğunluğu üçün dərman növləri                          

  • Dvigel, Proginova, Estrofem, Follikulin – bu qrup dərman preparatlarının tərkibinə amenoreyaya səbəb olan estrogen çatışmazlığının bərpası üçün hormon daxildir.
  • Menofiks – aktiv maddəsi fitoestrogenlərdir. Süni hormonlardan daha yumşaq təsirlidir. Tərkibinə əlavə olaraq antioksidantlar, mikroelementlər, vitaminlər daxildir.
  • Dyufaston, Norkolut, Pregnin, Utrojestan – qadın reproduktiv sisteminin normal fəaliyyəti üçün zəruri olan progestin tərkibli hormonal preparatlardır.
  • Klomifen, Menogon, Klostilbegit – aybaşı tsiklini normallaşdırır, ovulyasiya prosesini stimulə edir.

Klimofen həm də aybaşı pozulmasının yaratdığı sonsuzluq və onun müalicəsində effektiv dərman vasitəsi hesab olunur.

Sonda onu vurğulayaq ki, özbaşına aparılan müalicə ağır fəsadlar törədə bilər. Bu səbəbdən istər hormonal, istərsə də qeyri-hormonal dərman vasitələri yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (14 votes)