Yumurtalığın kistası
Yumurtalığın kistası – daxilində maye olan boşluqlu, xoşxassəli törəmədir. Yumurtalığın kistası hüceyrə sayının patoloji artması ilə müşayiət olunur. Əksər hallarda kista simptomsuz gedir. Müalicə metodikası törəmənin növündən asılıdır.
Yumurtalığın kistasının əmələ gəlmə səbəbləri
Yumurtalıq kistası qadın orqanizmində hormonal dəyişikliklər, eləcə də bəzi preparatların qeyri-düzgün qəbulu nəticəsində əmələ gəlir. Digər səbəb isə müxtəlif xəstəliklərin fonunda baş verən iltihabi proseslərdir.
Yumurtalığın kistası təhlükəlidirmi?
Belə törəmələr bəzən öz-özünə sorulur. Ağırlaşma zamanı isə cərrahi müdaxilə zəruridir. Kistanın partlaması, burulması qarın boşluğunda qanaxma və peritonitə səbəb olur.
Yumurtalığın kistasının əlamətləri
Kista adətən gizli gedişə malik olur, digər xəstəliklər səbəbindən və ya profilaktik müayinələr zamanı təsadüfən aşkarlanır. Ağır gedişli yumurtalıq kistası zamanı aşağıdakı əlamətlər müşahidə oluna bilər:
- Menstruasiya ilə əlaqəli olmayan uşaqlıq qanaxmaları;
- Aybaşı tsiklinin pozulması;
- Qarnın aşağı hissəsində ağrılar;
- Zəiflik, ürəkbulanma;
- Süd vəzilərinin bərkiməsi;
- Qarnın böyüməsi (kistanın ölçüsü böyük olduqda).
Yumurtalığın kistası – təsnifat
Funksional kista (follikulyar və lütein) – ən çox rast gəlinən formadır. Ovulyasiyanın pozulması ilə əlaqədar əmələ gəlir. Əksəriyyəti müalicəsiz sorulur. Bəziləri isə müalicə tələb edir. Ağırlaşma hallarında kistanın partlaması və ya kapsul daxilinə qansızma baş verir.
Paraovarial kista – yumurtalıq artımlarından inkişaf edən törəmədir. Embriogenezin pozulması nəticəsində formalaşır. Təkkameralıdır. Simptomsuz keçir. Ağır hallarda dizuriya (sidik ifrazının pozulması) və çanaqda ağrılar ola bilər.
Yumurtalığın dermoid kistası – qalın kapsullu, daxili möhtəviyyatı müxtəlif toxumalardan və selikə bənzər mayedən ibarət xoşxassəli törəmədir. Kistanın daxilində: epidermis, piy toxuması, piy vəziləri, tüklər, sümük və ya diş ola bilər. Kista yalnız iri ölçülərə çatdıqda özünü biruzə verir. Bu zaman qarnın aşağı hissəsi və beldə ağrılar, dizuriya, bağırsaq peristaltikasının pozulması qeydə alınır. Yumurtalığın dermoid kistası ağırlaşma zamanı iltihablaşa, onun ayaqcığı isə burula bilər.
Yumurtalığın kistası – diaqnostika
- Ginekoloji kresloda müayinə;
- Transvaginal ultrasəs müayinəsi;
- Kistanın cırılmasına şübhə yarandıqda laparoskopik diaqnostika;
- Kompüter tomoqrafiya;
- Qan və sidiyin ümumi analizi, CA-125 onkoloji marker (bədxassələşmə ehtimalını inkar etmək məqsədilə).
Yumurtalığın kistası – müalicə
Müalicə 3 istiqamətdə aparılır. Konservativ, cərrahi və laparoskopik. Müalicə metodunun seçilməsi xəstəliyin ağırlıq dərəcəsindən və kistanın növündən asılıdır.
- Konservativ müalicə. İltihabəleyhinə və hormonal preparatlar təyin olunur, kista nəzarət altına alınır.
- Cərrahi müalicə. Dərman müalicəsinin qeyri-effektiv olduğu halda, eləcə də kistanın partlaması və qanaxma zamanı tətbiq edilir.
- Laparoskopik müalicə. Son zamanlarda geniş şəkildə tətbiq olunur. Qadının reproduktiv funksiyasının qorunması və toxumaların minimal zədələnməsi baxımından ən effektiv metoddur.
Profilaktik müayinələrdə yumurtalığın kistası aşkarlandıqda, ağırlaşmalara yol verməmək üçün müalicəni gecikdirməmək tövsiyə olunur.