Uşaqlıq yolunun daralması

26 Sentyabr 2019 Kateqoriya: Qadın xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 17856
Uşaqlıq yolunun daralması şəkil
4.1/5 - (13 votes)

Son zamanlarda plastik-estetik cərrahiyyənin ən çox tələb olunan sahələrindən biri intim plastikadır. Bu üsulla cinsiyyət orqanlarının estetik, o cümlədən funksional qüsurları aradan qalxır. Uşaqlıq yolunun daralması, yəni vaginoplastika ölkəmizdə də uğurla tətbiq edilir.

Uşaqlıq yolunun daralması – vaginanın quruluşu barədə

Uşaqlıq yolu (vagina) qadınların daxili cinsiyyət orqanlarından biridir. Onun rolu cinsi aktda və doğuşda iştirak etməkdən ibarətdir. Normada vagina dar boru şəklində olub, divarları demək olar ki, bir birinə toxunur. Doğuşdan sonra və ya yaş irəlilədikcə uşaqlıq yolu genişlənir, cinsi əlaqənin keyfiyyəti aşağı düşür.

Uşaqlıq yolunun daralması proseduru – vaginoplastika nədir?  

Vaginanın yuxarı qatlarında aparılan və onun cinsi orqan kimi fəaliyyətinin bərpasına yönəldilən cərrahi əməliyyatdır.

Uşaqlıq yolunun daralması foto 11

Uşaqlıq yolunun daralması proseduru nə üçündür?

Uşaqlıq yolunun genişlənməsinin əsas səbəbi doğuşdur. Körpənin cinsi yollardan keçməsi üçün təbii olaraq çanaq sümükləri aralanır və uşaqlıq yolu normadan 10 dəfə artıq genişlənir. Doğuşdan sonra isə vagina əvvəlki vəziyyətinə qayıdır. Ancaq bəzən doğuş zamanı qazanılan çapıqlar nəticəsində vaginanın əzələ liflərinin elastiklyi zəifləyir.

Nəticədə uşaqlıq yolu əvvəlki forma və ölçüsünü bərpa edə bilmir. Bu da qadında zamanla intim həyatın korlanması və yanaşı olaraq, psixoloji problemlərin yaranması ilə sonlanır. Həmçinin bu hal enurez (sidik qaçırma), uşaqlıq yolunun sallanması kimi ağırlaşmalara da səbəb olur.

Uşaqlıq yolunun daralması – əməliyyata göstərişlər

  • Vaginanın anadangəlmə quruluş anomaliyaları;
  • Doğuşdan sonra genişlənmə;
  • Uşaqlıq yolunun divarlarının sallanması;
  • Vaginanın daxili divarlarının cırılması;
  • Doğuş əsnasında yaranan cırılmaların yerində formalaşan çapıqlarla əlaqədar cinsi əlaqənin ağrılı olması;
  • Hormonal pozğunluq və ya yaş dəyişiklikləri fonunda vaginanın genişlənməsi;
  • Uşaqlığın sallanması;
  • Sidik-cinsiyyət sistemində pozğunluqlar (enurez, qarnın aşağı hissəsində ağrılar);
  • Cinsi əlaqənin keyfiyyətsizliyi ilə bağlı psixoloji problemlər.

Uşaqlıq yolunun daralması şəkil 2

Uşaqlıq yolunun daralması – əməliyyata hazırlıq

Vaginoplastika əməliyyatından öncə aşağıdakı kompleks müayinələr aparılır:

  • Sidiyin ümumi analizi;
  • Qanın biokimyəvi və kliniki analizi;
  • Qanda SPİD (HİV), sifilis, hepatit B və C testləri;
  • Uşaqlıq yolundan götürülən yaxmanın mikroskopik analizi;
  • Koaquloqramma (laxtalanmanın təyini);
  • EKQ;
  • Ağciyərlərin rentgen müalinəsi;
  • Kiçik çanaq və qarın boşluğu orqanlarının ultrasəs müayinəsi;
  • Aşağı ətraf venalarının doppler müayinəsi.

Həkim xəstədə bu əməliyyata əks-göstəriş olmadığını dəqiqləşdirdikdən sonra ona vaginoplastika haqqında məlumat verir.

Uşaqlıq yolunun daralması – əməliyyata əks-göstərişlər

  • Ürək-damar patologiyaları;
  • Kəskin formalı tromboflebit;
  • Cinsi orqanların zöhrəvi və iltihabi xəstəlikləri
  • Daxili orqanların xroniki xəstəliklərinin kəskinləşməsi;
  • Çanaq orqanlarının inkişaf anomaliyaları;
  • Şəkərli diabet;
  • Qanın laxtalanmasının pozulması;
  • Çanaq orqanlarının sallanması;
  • Onkoloji xəstəliklər;
  • Psixi pozğunluqlar.

Uşaqlıq yolunun daralması şəkil 3

Uşaqlıq yolunun daralması – əməliyyatın gedişi                  

Vaginoplastika əməliyyatı ümumi narkoz altında aparılır. Təxminən 1 saat davam edir. Ehtiyac yarandıqda vaginoplastikadan əvvəl əzələlərin maksimum boşalması üçün miorelaksant qəbul edilir.

Əməliyyatın mahiyyəti vaginanın doğuşdan sonra genişlənmiş üst qatlarının kəsilməsi və selikli qişa toxumalarının tikilməsindən ibarətdir. Divarların daraldılması kolpoqrafiya ilə həyata keçirilir.

Kolpoqrafiya (ön və arxa) – uşaqlıq yolunun yuxarı səthinin daraldılmasıdır. Ön və arxa divarın selikli qişası konusvari kəsilərək, xaric edilir. Kənarlar dartılaraq kosmetik tikişlə tikilir. Onunla əlaqədar uşaqlıq yolunun həcmi kiçilir.

Bu prosedur epidural anesteziya ilə yerinə yetirilir. Əməliyyatın nəticəsində uşaqlıq yolu divarlarının əzələ tonusu artır, elastiklik normallaşır və çapıq qalmır.

Uşaqlıq yolunun daralması şəkil 5

Uşaqlıq yolunun daralması – əməliyyat sonrası bərpa dövrü

Hər bir cərrahi müdaxilə kimi vaginoplastika da reabilitasiya tələb edir. Əməliyyatdan sonra 2-3 gün nəzarət altında qalan xəstələr daha sonra evə yazılır. Onlara yataq rejimi təyin edilir. Əməliyyat zamanı sorulan cərrahi saplarla tikiş qoyulduğundan onların sökülməsinə ehtiyac yaranmır.

Reabilitasiya dövründə aşağıdakı qaydalara əməl etmək vacibdir:

  • Müntəzəm şəkildə antiseptiklərlə yuyunmaq;
  • Həkimin məsləhət gördüyü pəhrizə əməl etmək;
  • Ginekoloqun təyin etdiyi ağrıkəsici və antibiotikləri içmək;
  • Prosedurdan sonra 1-2 həftə ərzində oturmamaq (çünki tikişlər açıla bilər);
  • 2 ay müddətində cinsi əlaqədən imtina etmək;
  • 4 ay ərzində fiziki məşqlər, idmanla məşğul olmamaq;
  • Mütəmadi formada ginekoloq baxışından keçmək.

Uşaqlıq yolunun daralması – Lazer üsulu

Lazer metodu ilə vaginanın daraldılması son zamanların ən məhşur müdaxilələrindən sayılır. Bu əməliyyat üçün göstərişlər və hazırlıq vaginoplastikada olduğu kimidir.

Aparılma qaydası

Prosedur fraksion karbon qazlı lazer texnologiyası ilə icra olunur. O, intim nahiyyələr üçün istehsal edilmişdir. Xüsusi başlıqlara malikdir. Prosedur əsnasında fraksion lazer şüalarını problemli nahiyəyə yönləndirərək, epidermisin üst qatı kəsilir.

Lazer üsulu ilə müalicə ambulator şəraitdə aparılır. 10-15 dəqiqə davam edir. 1-1,5 aydan bir seansı təkrarlamaq lazım gəlir. Bu prosedur ümumilikdə 2-5 seansdan ibarətdir.

Vaginoplastikadan fərqli olaraq, nəticə dərhal deyil, bir neçə aydan sonra bilinir. Müdaxilədən sonra 5 gün ərzində cinsi əlaqə, sauna, vanna qəbulu, tampon istifadəsi və idman qadağandır.

Uşaqlıq yolunun daralması foto 7

Lazer üsuluna əks göstərişlər

  • Cinsi orqanların şiş xəstəlikləri;
  • Şəkərli diabet;
  • Qanın laxtalanmasını pozulması;
  • Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri.

Uşaqlıq yolunun daralması – lazer metodunun effektivliyi

Lazer üsulu regenerasiya (bərpa) prosesini aktivləşdirir – kollagen sintezi stimulə olunur. Hüceyrələr cavan və sağlam formalarla əvəzlənir. Bundan əlavə:

  • İntim zonadakı toxumaların elastikliyi yüksəlir;
  • Sallanma aradan qalxır;
  • Vaginanın əzələləri əvvəlki tonusuna qayıdır. Cinsi əlaqə əsnasındakı ağrılar yox olur;
  • Vaginanın selikli qişasında qaşınma yaranmır. İntim zonanın dərisindəki qaralmalar ağarır;
  • Libido (cinsi həvəs) artır;
  • Enurez (sidik saxlamazlıq) aradan qalxır.

Sonda onu da qeyd edək ki, hazırda dərman bazarında uşaqlıq yolunun daralması üçün müxtəlif şamlar satılır. Lakin araşdırmalara əsasən bu şamların effektivliyi sadaladığımız üsullarla müqayisə edilməyəcək dərəcədə zəifdir.

Həmçinin şamlardan istifadə edən qadınlarda qaşınma, quruluq, göynəmə, cinsi akt zamanı hissiyyatın olmaması kimi əlavə mənfi təsirlər qeydə alınmışdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (13 votes)