Uşaqlıq yolunun sallanması
Cinsiyyət orqanlarının prolapsı – qadınlarda daxili cinsiyyət orqanlarının (uşaqlıq yolu, uşaqlıq və artımlar) sallanması və hətta xaricə çıxması ilə müşahidə edilən patoloji prosesdir. Bu xəstəlik tədricən inkişaf edir. Əksər qadınlar ilkin mərhələlərdə əlamətlərə laqeyd yanaşırlar. Müalicə gecikdirildikdə prolaps ikincili xəstəliklərə səbəb olur, çanaq boşluğunda qan dövranı pozulur.
Risk faktorları
Uşaqlıq yolunun sallanması çox vaxt çətin doğuşdan sonra yaranır. Doğuşların sayı artdıqca uşaqlıq yolunun sallanması ehtimalı yüksəlir. Risk qrupuna 2 və daha çox uşaq dünyaya gətirmiş qadınlar daxildir. Bu patologiyanı törədən faktorlar aşağıdakılardır:
- hormonal disbalans;
- piylənmə;
- ağırlıq qaldırma;
- gərgin fiziki məşqlər;
- daxili cinsiyyət orqanlarının anomaliyaları;
- uşaqlıq və uşaqlıq yolunu fiksasiya edən bağların zəifliyi;
- ginekoloji əməliyyatlar;
- xroniki qəbizlik;
- çanaq dibi əzələlərinin anadangəlmə zəifliyi;
- irsi anomaliyalar;
- klimaks dövrü;
- bədən çəkisinin qısa müddətdə kəskin azalması;
- çətin doğuşlar və s.
Uşaqlıq yolunun sallanması başlanğıcda adətən simptomsuz gedir. Zamanla sidik ifrazında pozğunluqlar, cinsi əlaqə prosesində diskomfort, fiziki məşq zamanı və gülərkən sidik saxlamazlıq meydana çıxır.
Uşaqlıq yolunun divarlarının sallanmasının əlamətləri
- sidiyə getmə və defekasiya aktından (nəcis ifrazı) düz bağırsağın, sidik kisəsinin tam boşalmaması hissi;
- sidik ifrazının tezləşməsi;
- bel-oma səviyyəsində ağrılar;
- aralıqda ağırlıq və yad cisim hissi;
- cinsi akt, öskürək, asqırma, güldükdə sidik saxlamazlıq (enurez).
Doğuşdan sonra uşaqlıq yolunun sallanması
Əzələlərin həddindən artıq gərilməsi, aralığın cırılması və ya doğuş sonrası düzgün tikiş qoyulmaması prolapsa gətirib çıxara bilər. Bəzən birinci hamiləlik zamanı iri ölçülü dölün doğulması gələcəkdə cinsiyyət orqanlarının sallanması ilə nəticələnə bilər.
Uşaqlıq yolunun sallanması yalnız estetik problem deyil
Cinsiyyət orqanlarının sallanması sidik qaçırma və beldə ağrılardan başqa, həm də infeksion xəstəliklərin inkişafına səbəb olur. Uşaqlıq yolunun sallanması cinsi yolla keçən infeksiyalar üçün açıq qapı hesab olunur.
İltihabi-infeksion xəstəliklər immunitetin zəifləməsinə, uşaqlıq yolunun selikli qişasında patoloji dəyişikliklərin yaranmasına təkan verir. İnfeksiya qalxan yolla sidik kisəsinə, oradan da böyrəklərə yayılır. Bu isə qadının ümumi səhhətini və həyat keyfiyyətini kəskin dərəcədə pozur.
Uşaqlıq yolu sallanması necə müalicə olunur?
Prolaps tədricən inkişaf etdiyindən qadın vaxtında ginekoloqa müraciət edərsə, xəstəliyi müasir metodlarla asan şəkildə aradan qaldırmaq olar:
Vumbildinq
Xüsusi trenajorlar, vaginal şarlar və innovasiya metodları ilə aparılan kompleks hərəkətlərdir. Məşqlər davamlı olmalıdır. Ancaq bu şəkildə çanaq dibi əzələlərini gücləndirib, prolapsın artmasının qarşısını almaq mümkündür.
Erbiyev lazer əməliyyatı
- erbiyev lazeri ilə müalicə tam təhlükəsizdir. Qan itkisi və ağrı olmadan həyata keçir.
- prolapsın müalicəsində patentləşdirilmiş korreksiya metodları qısa zamanda qadının səhhətinin yaxşılaşmasını təmin edir.
- əməliyyat 20-30 dəqiqə davam edir, sonra xəstə evə buraxılır.
- uzunmüddətli reabilitasiya dövrü olmur.
- korreksiyadan sonra ağırlaşma və infeksiyalaşma ehtimalı minimaldır.
- lazer uşaqlıq yolunun divarılarını möhkəmləndirir, onların elastikliyini artırır.
- lazerdən sonra uşaqlıq boynunda çapıq qalmır.
Müalicə metodunun seçilməsi bir neçə faktordan asılıdır. Hər bir halda uşaqlıq yolunun sallanması olan xəstə ginekoloq baxışından və digər kompleks müayinələrdən keçməlidir. Lazer texnologiyasının üstün cəhəti isə ondan ibarətdir ki, bu üsul gənc qadınlarda da tətbiq edilir. Əgər Siz yuxarıda sadaladığımız əlamətlərdən bir və ya bir neçəsini özünüzdə müşahidə etmisinizsə, ginekoloqun qəbuluna yazılmağınız tövsiyə edilir.