Fibroma nədir?
Fibroma əsasən 35-50 yaş arası qadınlarda təsadüf edilən ginekoloji xəstəlikdir. Bəs fibroma nədir? Hansı mənanı daşıyır? Fibroma sözü “fibra” latınca lif, “oma” isə yunanca şiş mənasını verir. O, lifli birləşdirici toxumadan təşkil olunan xoşxassəli törəmədir.
Fibroma çox vaxt digər toxumalarla kombinəolunmuş formada inkişaf edir. Məsələn, əzələ toxuması (fibromioma), qan-damar (angiofibroma), vəzi toxuması ilə (fibroadenoma) dəridə, selikli qişada, süd vəzilərində və uşaqlıqda formalaşır. Xəstəlik əksər hallarda simptomsuz keçir. Ancaq düyünün lokalizasiya və növündən asılı olaraq, xarakterik əlamətlər müşahidə oluna bilər.
Uşaqlığın fibroması nədir?
Qadın cinsiyyət orqanı xəstəlikləri sırasına daxil olan, uşaqlığın selikli qişası və ya divarlarında inkişaf edən solitar (tək) və ya bir neçə düyün şəklində toplanmış xoşxassəli törəmədir.
Fibroma nədir – yaranma səbəbləri
Uşaqlığın fibroması aşağıdakı amillərin təsirindən inkişaf edir:
- Hormonal pozğunluq;
- Genetik meyllik;
- Hormonal kontraseptivlərin kontrolsuz qəbulu;
- Çoxsaylı abort və düşüklər;
- Uşaqlığın selikli qişasını zədələyən cərrahi manipulyasiyalar.
Fibromanın əlamətləri nədir?
Xəstəlik simptomatik olaraq aşağıdakı kimi təzahür edir:
- Aybaşı qanaxması;
- Uzun müddətli menstruasiya;
- Bel-oma və qarnın aşağı 1/3 hissəsində dartılan ağrılar;
- Tezləşmiş sidik ifrazı;
- Mədə-bağırsaq traktının fəaliyyətində pozğunluqlar (qəbizlik,ishal);
- Cinsi əlaqədən sonra ağrı hissi;
- Meteorizm (köp);
- Sonsuzluq;
- Spontan abort (özbaşına düşük).
Fibroma nədir – diaqnostika
Diaqnozu təsdiqləmək məqsədilə ilk növbədə anamnez (xəstəlik barədə məlumat) toplanılır. Ginekoloji stolda müayinədən sonra transvaginal (uşaqlıq yolundan) USM vasitəsilə uşaqlıq və onun artımlarına (yumurtalıq, uşaqlıq boruları) ətraflı baxış keçirilir. Ehtiyac yarandıqda kiçik çanağın MRT-si aparılır.
Fibroma nədir – müalicə üsulları
Fibroma 2 istiqamətdə müalicə olunur: konservativ və ya cərrahi. Konservativ müalicədə hormonal, iltihabəleyhinə preparatlar, immunostimulyatorlar təyin edilir.
Cərrahi müalicə kəskin və şiddətli ağrılar yarandıqda, mioma uşaqlığın daxili qişasına – endometriuma təzyiq edərək, qanaxma törətdikdə və ya hamiləliyin baş verməsinə maneə olduqda həyata keçirilir.
Fibroma və hamiləlik – spontan abort
Fibroma olan xəstələrdə hamiləliyin ilk yarısında düşük riski 42-58%-dir. Vaxtından əvvəl doğuş ehtimalı isə 12-25% təşkil edir. Hamiləlikdə fibromanın təhlükəsı uşaqlığın tonusunun yüksəlməsi, düyünün sürətlə böyüyərək döl kisəsini sıxması, plasentar və istmiko-servikal çatışmazlığa, progesteron hormonunun defistinə səbəb olması ilə əlaqəlidir.
Fibroma və hamiləlik – necə saxlanmalı?
Fibroma böyük ölçüyə malik olduqda və döl kisəsinə yaxın yerləşdikdə hamiləliyi saxlamaq məqsədəuyğun deyil. Belə ki, törəmə dölün normal inkişafına mənfi təsir göstərərək, anadangəlmə anomaliyalara gətirib çıxara bilər.
Fibroma nədir – istmikoservikal çatışmazlıq
Fibromatoz düyünün çox aşağıda yerləşməsi zamanı uşaqlıq boynunun daxili dəliyinin normadan tez açılması və ya tam qapanmaması baş verir. Bu da düşük və ya vaxtından əvvə doğuş, dölün asfiksiyası (boğulması) kimi ağırlaşmalar yarada bilər. Normada istmikoservikal çatışmazlıq uşaqlıq yoluna tikiş atılması ilə aradan qaldırılır. Ancaq fibromioma zamanı bu üsulun tətbiqi əks-göstərişdir. Çünki düyünün nekrozlaşması vəziyyətin ağırlaşması ilə nəticələnir.
Fibroma əməliyyatı
Xəstəliyin müalicəsinin klassik metodu cərrahi yolla düyünün kəsilməsidir. Fibroma əməliyyatı ümumi narkoz və ya epidural anesteziya altında aparılır. Cərrahi müdaxilə laparoskopik, açıq yolla və minimal invaziv (az travmatik) metodlarla yerinə yetirilir.
Açıq fibroma əməliyyatı nədir?
Qarnın aşağı hissəsinə 8-10 sm uzunluğunda kəsik atılaraq ya uşaqlıq tam xaric edilir, ya da əgər fibroma subseroz yerləşibsə və ayaqcıqlıdırsa sadəcə düyün kəsilib götürülür. Hal-hazırda belə tip əməliyyatlar öz yerini minimal invaziv metodlara vermişdir.
Fibroma nədir – laparoskopiya əməliyyatı
Qarnın ön divarında kiçik dəliklər açılır. Bu dəlikdən xüsusi alət salınır. Neştərlə düyün kəsilib, kiçik hissələrə bölünərək çıxarılır.
Fibroma nədir – histeroskopiya əməliyyatı
Həkim uşaqlıq yolundan xüsusi aləti – rezektoskopu yeridərək, onun ucundakı lazerlə düyünü parçalayır. Xırdalanmış hissəciklər qlükoza məhlulu ilə uşaqlıqdan yuyularaq xaric edilir. Əməliyyatdan sonra residiv (xəstəliyin təkrar yaranması) riski mövcuddur.
Uşaqlıq arteriyalarının embolizasiyası nədir?
Bu metodun mahiiyyəti şişi qidalandıran damarı bağlamaqdır. Nəticədə fibromanın qidalanması pozulur, tədricən ölçüləri kiçilir.
Həkim qasıq nahiyəsini yerli keyidərək, bud arteriyasına kateter yeridir. Ordan da uşaqlıq arteriyasına keçərək, qan dövranını pozmaq üçün nəzərdə tutulan xüsusi preparat yeridir.
Fibromanın təbii yolla müalicəsi nədir?
Xalq təbabətində fibromanın təbii yolla müalicəsi üçün müxtəlif reseptlər mövcuddur:
- 1 stəkan qaynar suya 1 xörək qaşığı qazayağı otu (rezaka) əlavə edilir. 15-20 dəqiqə saxlanılır. Fibromanın ilkin mərhələrində gündə 2-3 dəfə içilir.
- 5 qram xırdalanmış arpıtrağı kökü 2 stəkan qaynar su ilə qarışdırılıb, 12 saat termosda saxlanılır. Soyuduqdan sonra gündə 100 ml olmaqla 1 ay ərzində içilir. 10 gün fasilə ilə kursu yenidən təkrarlamaq mümkündür.
- 375 qram aloe ət maşınında çəkilir. Bitkinin 3-5 illik olması çox vacibdir. İstifadə etməzdən 5 gün əvvəl ona su verməyin. 675 qram təbii bal və 675 millilitr qırmızı şərab yaxşıca qarışdırılır. Soyuducuda 5 gün saxlanılır. Yeməkdən 1 saat əvvəl 1 çay qaşığı olmaqla 2-3 həftə ərzində gündə 1 dəfə qəbul edilir.
- Hərəsindən 25 qram olmaqla boymadərən və gicitkan otları qarışdırılır. Onlardan 1 xörək qaşığı götürüb, 1 stəkan qaynar suya əlavə edilir. 1.5-2 saat saxlanılır. Yeməkdən sonra gündə 100 ml içilir.
- Qoz qabıqları və içindəki pərdələrin üzərinə 0,5 litr araq əlavə edib, 10 gün gözlənilir. Yeməkdən sonra gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.
- Qırmızı kələmin yarpaqlarını qaynadıb, üzərinə 1 çay qaşığı bal əlavə edlir. Yarpağı büküb gecə uşaqlıq yoluna daxil etmək də olar.
Lakin bu üsulları özbaşına etmək olmaz. Hər bir halda ginekoloqla məsləhətləşmək lazımdır.
Xülasə
Əksər qadınlarda klimaks dövründə fibroma artıq inkişafdan qalır. Ancaq cavan qadınlarda törəmənin ölçülərinin böyüməsi, düyünlərin çoxalması qanaxmaya səbəb ola bilər. Bu kimi hallara yol verməmək üçün vaxtaşırı ginekoloqun müayinəsindən keçməyiniz tövsiyə edilir.