Mioma

20 Sentyabr 2019 Kateqoriya: Qadın xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 6227
Mioma şəkil
Rate this post

Uşaqlığın mioması qadın cinsiyyət orqanı xəstəliklərinın 12-25%-ni təşkil edir. Bu xoşxassəli törəməyə reproduktiv dövrün sonunda və ya klimaksdan əvvəl təsadüf olunur. Xəstəlik bəzən ultrasəs müayinəsində təsadüfən aşkarlanır, digər hallarda isə qanaxma və ağrı ilə özünü büruzə verir.

Mioma nədir?

Uşaqlığın mioması (digər adı leyomioma) uşaqlığın əzələ qatı miometriumdan yaranır. Miomatoz düyün – həlqəvari saya əzələ liflərinin xaotik şəkildə bir-birinə ilişərək, yumaq əmələ gətirməsi ilə xarakterizə edilir.

Düyünlərin ölçüsü 1 neçə mm-dən 1 neçə sm-ə qədər olur. Nadir hallarda çox böyük ölçü və çəkiyə malik düyünlər aşkarlanır. Tibb ədəbiyyatlarında qeydə alınan ən böyük düyün 63 kq ağırlığındadır. 

Miomanın yaranma səbəbləri 

Bu xəstəliyin inkişaf amilləri müxtəlifdir. Onun səbəb və risk faktorlarından bir neçəsinə nəzər salaq: 

  • hormonal disbalans;
  • ilkin menstruasiyanın gec başlanması; 
  • abortlar; 
  • hipodinamiya, stress və piylənmə və s.

Mioma şəkil 1

Mioma haqqında – inkişaf mexanizmi 

Hər bir düyün saya əzələ hüceyrəsinin düzgün bölünməməsi nəticəsində əmələ gəlir. Uşaqlığın mioması hormondanasılı şişdir. Bu aşağıdakı faktlarla sübut olunur: 

  • şişdə cinsi hormonlara həssas reseptorların yerləşməsi; 
  • mioma estrogen səviyyəsinin ən yüksək olduğu yaşlarda, reproduktiv dövrdə əmələ gəlir; 
  • klimaks mərhələsində, yəni estrogenlərin səviyyəsi minimuma çatdıqda mioma geriyə edərək, kiçilir;
  • klimaks dövründə olan bəzi qadınların estrogen preparatları qəbul etməsi ilə əlaqədar mioma yaranması; 

Mioma haqqında – təsnifat 

Düyünlərin sayına görə: 

  • təkdüyünlü 
  • çoxdüyünlü   

Düyünlərin yerləşməsinə görə:  

  • selikaltı qatda yerləşən (submukoz) düyünlər). Bu törəmələr uşaqlıq boşluğuna yaxın yerləşir. Digər formalara nisbətən az rast gəlinir. Bəzən nazik ayaqcığa malik olub, uşaqlıq boynuna və ya yoluna enir. Bu halda ona “doğulmuş mioma” deyilir.      
  • əzələarası düyünlər (intestisial, intramural). Uşaqlıq divarının əzələ qatında formalaşır.
  • subseroz düyünlər. Uşaqlığın xarici qatı sayılan seroz qişada yaranır. Düyünün kiçik əsası ola bilər, belə halda ona “ayaqcıqlı düyün” deyilir. 
  • uşaqlığın bağarası düyünləri (intraliqamentar mioma)     
  • uşaqlıq boynunda mioma. 

Dünya üzrə qadınların 50-61%-də interstisial, 26-35%-də intramural, 13%-də isə submukoz mioma aşkarlanır. 

Miomanın əlamətləri 

Tipik miomanın əlamətləri aşağıdakılardır:

  • menorragiya – aybaşı zamanı qanın normadan artıq gəlməsi; 
  • qarnın aşağısında təzyiq hissi; 
  • çanaq və qarın nahiyəsində ağırlıq; 
  • ağrılı aybaşılar.  

Mioma şəkil 4

Mioma – diaqnostikası 

Uşaqlığın xoşxassəli törəməsi USM vasitəsilə təyin edilir. Bəzən düyünlər qarışıq quruluşa malik olur. Belə vəziyyətlərdə yumurtalıq xərçənginin uşaqlığa metastazı ilə differensial diaqnostika məqsədilə MRT (maqnit rezonans tomoqrafiya) aparılır. 

Miomanın müalicəsi

Müalicə sxemi xəstəliyin əlamətlərinin kəskinləşmə dərəcəsindən, düyünün ölçüsündən asılıdır. 

Konservativ (dərmanla) müalicə 

  • Traneksam turşusu. Menorragiyalar zamanı effektiv vasitə hesab olunur. Bu maddə endometrial plazminogeni blokada edərək, tromblaşmanın qarşısını alır. Klinik araşdırmalara əsasən dərmanın istifadəsindən sonra menstrual qanaxmanın miqdarı 1/3 ölçüdə azalır.
  • Qonadotropin relizinq hormonunun antoqonistləri. Hipofizdə qonadotrop hormonların sintezini zəiflədir, estrogen əleyhinə təsir göstərərək, düyünün ölçüsünü kiçildir.  

Mioma əməliyyatı         

Son zamanlara qədər histeroektomiya (uşaqlığın xaric edilməsi) miomanın müalicəsində yeganə cərrahi üsul sayılırdı. Hazırda bu metod daha az istifadə olunur. Onun əvəzinə yüksək effektivliyi və minimal zədələnmə riski ilə seçilən üsullar tətbiq edilir. Subseroz mioma laparoskopiya, submukoz düyünlər isə histeroskopiya vasitəsilə kəsilib götürülür. 

Mioma şəkil 6

Uşaqlıq arteriyalarının embolizasiyası 

Bu metodla mioma əməliyyatı uşaqlıq arteriyalarında qan axınını dayandırılmaqla, düyünün qidalanmasının qarşısını alır. Nəticədə mioma düyünləri birləşdirici toxuma ilə əvəzlənir. Əməliyyat minimal invaziv, yəni az travmatik metodlara aiddir: qadının bud arteriyasından kateter yeridilir, uşaqlıq arteriyasına çatdıqda embolizasiya materialı ilə axın dayandırılır. Xəstə 1 gün hospitalizasiyadan sonra evə yazılır. 

Fokuslanmış ablasiya 

Müalicənin mahiyyəti yüksək intensivlikli fokuslanmış ultrasəs dalğalarla mioma toxumalarının yandırılmasından ibarətdir. Bu zaman toxumalarda termiki nekroz və destruksiya (dağılma) baş verir. Müdaxilə MRT aparatının nəzarəti altında qarnın ön divarından aparılır. MRT dalğaların lokalizasiyasını və temperaturunu tənzimləyir. 

Mioma və hamiləlik                     

Mioma ilə ciftin təması nəticəsində ciddi ağırlaşmalar baş verə bilər. Bundan başqa düyünlərin ölçüsü böyük əhəmiyyət kəsb edir. Kiçik ölçülü mioma düyünləri hamiləlik zamanı adətən heç bir fəsad vermir. İri düyünlər isə düşüklə nəticələnə bilər.

Mioma nəticəsində düşüklərin baş vermə səbəbləri: 

  • uşaqlıq yığılmalarının güclənməsi. Mioma düyünləri xüsusi maddə – prostaqlandin sintez etməklə, uşaqlıq əzələlərinin yığılmasını sürətləndirir.  
  • uşaqlıqda qan dövranının pozulması 
  • neyroendokrin pozğunluqlar 
  • xroniki infeksion xəstəliklər        
  • endometriumun hiperplaziyası  

Mioma şəkil 7

Mioma və hamiləlik – II və III trimestr   

İri ölçülü düyünlər böyüyən dölə təzyiq göstərə bilər. Bu zaman vaxtından əvvəl doğuş, dölün ölümü müşahidə edilə bilər. 

Mioma dölə təzyiq etdiyindən bəzən kəllə deformasiyası ilə əyri boyunlu uşaqlar doğulur. Bundan başqa iri mioması olan qadınların dünyaya gətirdiyi uşaqlarda çəki defisiti qeydə alınır. Onların çəkisi normadan az olur. 

Əgər Sizdə də uşaqlığın mioması varsa, hamiləlik planlamadan öncə müalicə olunmağınız məsləhətdir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post