Sonsuzluq və onun müalicəsi

01 Oktyabr 2019 Kateqoriya: Sonsuzluq Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1167
Sonsuzluq və onun müalicəsi şəkil
5/5 - (1 vote)

Ana olmaq istəyən qadın üçün həkimin qoyduğu ən dəhşətli diaqnoz sonsuzluqdur. İllər ərzində hamiləlik cəhdləri uğursuzluqla nəticələndikdən sonra ginekoloqa müraciət edən qadınlar bu diaqnozla baş-başa qalırlar.

Sonsuzluq barədə bir qədər ətraflı

Sonsuzluq mütləq və nisbi olur. Mütləq forma cinsiyyət orqanlarının anatomik anomaliyaları – uşaqlıq, yumurtalıqların olmaması nəticəsində hamiləliyin baş verməməsidir. Nisbi sonsuzluq isə müalicə ilə keçib gedən patologiyadır. Bundan başqa birincili və ikincili sonsuzluq mövcuddur. Birincili forma qadının heç bir zaman hamiləlik keçirtməməsi ilə xarakterizə olunur. İkincili sonsuzluq ilk hamiləlik və ya doğuşdan sonra yaranır.

Sonsuzluq problemi – onun müalicəsi  necə aparılır?

Sonsuzluğun müalicəsi 2 metodla həyata keçirilir: konservativ (medikamentoz) və cərrahi.

Sonsuzluq və onun müalicəsi – medikamentoz müalicə

Endokrin pozğunluqlar fonunda yaranan sonsuzluq hormonal preparatlarla müalicə olunur. Belə vəziyyətlərdə hamiləliyin baş tutması üçün uşaqlıq borularının keçiriciliyinin pozulmaması əsas şərtdir.

Sonsuzluq və onun müalicəsi şəkil 1

Sonsuzluq və onun müalicəsi – dərman preparatları

Klomifen sitrat (klomid) – hipofiz tərəfindən follikulstimuləedici hormonun (FSH) ifrazını artıraraq, ovulyasiyaya şərait yaradır. Bu vasitə yumurtalıqların polikistozunda təyin edilir. Onun təsirindən yumurtalıqda bir neçə follikul və yumurtahüceyrə yetişir.

Sidik qonadotropinləri – hipofizin ön payından ifraz olunan hormonların (FSH, LH) sintezini gücləndirir. Preparatlar əsasən süni mayalanmada yumurtalıqların stimulyasiyası, yumurtahüceyrələrin keyfiyyət və kəmiyyətini artırmaq məqsədilə tətbiq edilir. Qonadotropinlərin bu növü birbaşa olaraq yumurtalıqlara təsir göstərir.

Rekombinə olunmuş qonadotropinlər – farmokoloji xüsusiyyətlərinə görə sidik qonadotropinlərinə bənzəyir. Onların tərkibi qatqısız FSH və LH-dan ibarətdir. Preparatlar yüksək bioloji aktivliyə və effektivliyə malikdir. Onlar sonsuzluğun müalicəsi zamanı yumurtalıqların stimulyasiyasını təmin edir.

Qadında iltihabi xəstəliklər aşkarlandıqda antibiotiklər: metronidazol, sefamandol, metrogil, siprofloksasin, pefloksasin məsləhət görülür.

İmmunoloji uyğunsuzluq zamanı kortikosteroidlər, antihistamin preparatlar tətbiq edilir. Müalicə kursu orta hesabla 2-3 ay davam edir.

Sonsuzluq və onun müalicəsi şəkil 2

Sonsuzluq və onun müalicəsi – cərrahi müdaxilə

Reproduktiv cərrahiyə minimal invaziv (az travmatik) metodların tətbiqinə əsaslanır. Laparoskopiya və histeroskopiya üsulları qarın və çanaq boşluqlarına daxil olaraq, həm müayinə, həm də müalicə imkanı yaradır.

Laparoskopiya – sonsuzluq yaradan patoloji prosesləri aradan qaldırmağa kömək edən üsuldur. Belə patologiyalara yumurtalıq və uşaqlıq borularında bitişmələr (spaykalar), hidrosalpinks (uşaqlıq borusunun maye ilə dolması), mioma, yumurtalığın kistası, endometrioz və s. aiddir. Cərrahi müdaxilə qarın divarında göbəyə yaxın nahiyədə bir neçə kiçik kəsikdən aparılır. Bərpa dövrü 3-5 gündür.

Histeroskopiya – uşaqlığın daxili divarlarının histeroskop vasitəsilə müayinə edilməsi və ehtiyac yarandıqda cərrahi müdaxilənin həyata keçirilməsi üçün istifadə olunur. Histeroskop uşaqlıq yolundan keçməklə, əvvəlcə uşaqlıq boynuna, oradan isə uşaqlıq boşluğuna yeridilir. Bu üsul uşaqlığın polipləri, arakəsmələr zamanı tətbiq edilir. Əməliyyat prosesində biopsiya üçün material da götürmək mümkündür. Manipulyasiyadan sonra xəstə evə yazılır.

Sonsuzluq və onun müalicəsi şəkil 4

Sonsuzluq və onun müalicəsi zamanı psixoterapiya

Qadın reproduktiv sisteminin fəaliyyətinə əksər hallarda psixoloji faktorlar: depressiya, ailə üzvləri və iş yoldaşları ilə mübahisəli vəziyyət, gərgin ailə həyatı və s. təsir edir. Sadalanan faktorlar xroniki stress yaradır. Bu fonda qadının hamilə qala bilməməsi psixoloji sonsuzluq adlanır. Belə hallarda psixoloq yardımı tövsiyə olunur.

Sonsuzluğun müalicəsi zamanı köməkçi metodlar

Yuxarıda qeyd edilən metodlar effektiv olmadıqda, reproduktiv texnologiyaya baş vurulur. Bunlara süni mayalanma və aşılama aiddir.

Sonsuzluq və onun müalicəsi – süni mayalanma, aşılama

Süni mayalanma prosesində spermatozoid və yumurtahüceyrə laborator şəraitdə mayalandırılır. Sonra xüsusi mühitdə yetişdirilir. Növbəti mərhələdə seçilmiş embrionlar qadının uşaqlığına köçürülür.

Aşılama (uşaqlıqdaxili inseminasiya) qadının cinsi partnyorundan alınmış spermatozoidlərin xüsusi kateter vasitəsilə uşaqlığa yeridilməsinə əsaslanır. Lakin uşaqlıq boruları bağlı olduqda, bu metod heç bir nəticə vermir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)