Aşılama nədir?

01 Oktyabr 2019 Kateqoriya: Sonsuzluq Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 282
Aşılama nədir? şəkil

Aşılama – hamiləliyin baş vermə şansını artıran metodlardan biridir. Mahiyyət etibarı ilə təbii mayalanmaya yaxındır.

Aşılama nədir – metodun prinsipi 

Aşılama elmi dildə uşaqlıqdaxili inseminasiya adlanır. İnseminasiya zamanı mayalanmaya uyğun vaxtda öncədən hazırlanmış sperma xüsusi kateterlə uşaqlığa yeridilir. Uşaqlığa keçən spermatozoidlər boruya tərəf hərəkət edərək, burada yumurtahüceyrəni mayalandırır.

Aşılama nədir – kimlərə göstərişdir?

İnseminasiya sonsuzluqdan əziyyət çəkən cütlüklərdə aparılır. Sonsuzluğun səbəbləri aşağıdakılar olduqda, aşılama müsbət nəticələr verir:

  • spermanın qatılaşması;
  • kişilərdə ereksiyanın (sperma ifrazı) pozulması;
  • qadın orqanizminin spermaya qarşı allergik reaksiyası.

Aşılama nədir? şəkil 1

Aşılama nədir – tipləri

İnseminasiyanın 2 növü mövcuddur:

1) təbii menstrual tsikl fonunda icra olunan

2) stimulyasiya edilmiş tsikldə aparılan

Təbii menstrual tsikldə inseminasiyaya hazırlıq aybaşının 3-7-ci günündən başlanır. 2 həftə ərzində ultrasəs müayinələri, qan analizləri yerinə yetirilir. İnseminasiya ovulyasiya zamanı həyata keçirilir. Həkim tərəfindən təyin olunmuş gündə kişidən sperma götürülür, laboratoriyada işlənilir. 1 saat sonra aşılama edilir. Bəzi hallarda sperma öncədən götürülür və dondurulur. Həmin gün kriokonservləşdirilmiş spermadan istifadə olunur. Belə tip spermanın nəticəyə mənfi təsiri yoxdur. Aşılamadan 1-1.5 saat sonra qadın klinikanı tərk edir.

Stimulyasiya olunmuş tsikldə inseminasiya proqramı follikul yetişməsi üçün gündəlik inyeksiya və həblərin qəbulu ilə seçilir. Əksər qadınlar aşılamanın bu tipinə üstünlük verir. Çünki stimulyasiya nəticəsində bir neçə yumurtahüceyrə inkişaf edir. İnseminasiyadan sonra hamilə qalma şansı daha yüksək olur.

Aşılama nədir? şəkil 2

Aşılama nədir – hamiləlik testi nə vaxt edilir?

Prosedurun nəticəsi 14 gün sonra yoxlanılır. Bunu aptekdən aldığınız test ilə evdə özünüz və ya klinikada hamiləlik analizi üçün qan verərək, müəyyən edə bilərsiniz.

Aşılama nədir – inseminasiya öncəki hazırlıq

İnseminasiyadan əvvəl bir sıra instrumental və laborator müayinələrdən keçmək lazımdır:

  • Ginekoloji orqanların, qalxanabənzər və süd vəzilərinin USM;
  • Histerosalpinqoqrafiya (uşaqlıq borularının keçiriciliyinin kontrastlaşdırılmış rentgen müayinəsi);
  • Tiroid hormonları (T3, T4, TSH), cinsi hormonların (progesteron, prolaktin, estriol, DHEA, testosteron) analizi;
  • Qan və sidiyin ümumi analizi.

Əksər qadınları aşılamanın qiyməti maraqlandırdığından, sonda bu sualı da cavablandıraq. Bakıda yerləşən tibb müəssisələrində aparılan aşılamanın qiyməti orta hesabla 400-600 manat arasında dəyişir.

Xülasə

Bəzi hallarda prosedur qeyri-effektiv olur – hamiləlik baş vermir. Bu halda ginekoloq süni mayalanma və ya təkrari inseminasiya metodunu təklif edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: