Hamiləlik analizi

22 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 24097
Hamiləlik analizi şəkil
4.4/5 - (10 votes)

Demək olar ki, hər bir qadın hamiləlikdən şübhələndikdə məsələni dəqiqləşdirmək məqsədilə aptekdən test alır. Bu, ən sadə və ucuz üsuldur. Ancaq statistik göstəricilərə görə testin nəticəsi 100%-liklə dəqiq olmur. Ginekologiyada ən doğru metod hamiləlik analizi hesab edilir.

Hamiləlik analizi – XQ

Qanda xorionik qonadotropin analizi hamiləliyi inkar və ya təsdiq etməyə imkan verir. Xorionik qonadropin hamiləlik hormonu hesab olunur. Bu analizin nəticələri tam etibarlılığı ilə seçilir.

Hamiləlik analizi – XQ metodun mahiyyəti nədən ibarətdir?

Xorionik qonadotropin mayalanma anından etibarən 6-8 gün ərzində embrionun uşaqlıq divarına implantasiyasından sonra sintez olunur. XQ ciftin aktiv inkişafını təmin edir.

İnsan xorionik qonadotropin hormonu

XQ – 2 hissəcikdən (subvahid) ibarətdir: alfa və beta. Analiz zamanı beta-XQ əsas rol oynayır. Mayalanmadan 2 həftə sonra hamiləlik üçün qan analizi, yəni beta-XQ səviyyəsinin yoxlanması bu faktı təsdiq edə bilər.

Hamiləlik analizi şəkil 1

Hamiləlik hormonu sayılan xorionik qonadotropinin funksiyaları

  • estrogen və progesteron sintezini təmin edir;
  • qadın orqanizmini dölün daşınmasına hazırlayır;
  • sarı cismi aktiv vəziyyətdə saxlayır;
  • döl orqanizmində böyrəküstü və cinsiyyət vəzilərinin fəaliyətini idarə edir;
  • kişi cinsli embrionlarda testosteron hormonunun sintezinə cavab verən Leydiq hüceyrələrini stimulyasiya edir.

Hamiləlik analizi – sidik vasitəsilə

Xorionik qonadotropin sidikdə də təyin olunur. Lakin qan ilə müqayisədə sidikdə onun konsentrasiyası bir qədər ləng yüksəlir. Bu səbəbdən hamiləlik testlərinin istehsalçıları təxmin olunan növbəti menstruasiya tarixinə 1-2 gün qalmış onlardan istifadə etməyi məsləhət görürlər. Əks təqdirdə test yalnış olaraq, neqativ nəticə göstərə bilər.

Analiz qabağı hazırlıq

Bioloji materialın götürülməsi səhər saatlarına təsadüf edir. Hamiləlik üçün qan analizi mütləq acqarına verilməlidir. Analizdən 10 saat əvvəl qida qəbul edilməməlidir. Analiz öncəsi yağlı və zülali qidalardan imtina olunmalıdır. Əks halda götürülmüş qan vaxtından əvvəl laxtalanır və hamiləlik analizi üçün yararsız hala düşür. Qadın hər hansı dərmandan istifadə edirsə, bu haqda mütləq həkimə məlumat verməlidir.

Hamiləlik analizi necə götürülür?

Bu, standart üsulla yerinə yetirilir. Dirsək venasından venoz qan götürülür, sınaq borusuna (probirka) tökülür və xəstənin məlumatları qeydə alınır. Daha sonra sınaq borusu laboratoriyaya göndərilir.

Hamiləlik analizi şəkil 2

Hamiləlik analizinin nəticəsi nə zaman hazır olur?

Qan analizi İFA (immunoferment analiz) metodu ilə aparılır. Hər tibbi müəssisənin özünə məxsus qaydaları vardır. Ümumilikdə, bu analiz 1 gün ərzində yerinə yetirilir.

Hamiləlik üçün qan analizi – nəticələrin oxunması

Hər insan orqanizmində XQ hormonu kiçik konsentrasiyada mövcuddur. XQ hormonunun insan orqanizmində səviyyəsi barədə bəzi normativlər mövcuddur. Belə ki:

  • sağlam və hamilə olmayan qadınlarda 0-5 mVahid/ml arasında dəyişir;
  • mayalanma baş verdikdə hormonun səviyyəsi daim dəyişir. Hamiləliyin ilk həftəsində minimum 20, maksimum 150 mVahid/ml olur;
  • 2-3-cü həftədə göstərici sürətlə artır: 100-4 870 mVahid/ml;
  • 4-cü həftədə XQ hormonu 2500-82 000 mVahid/ml olur;
  • 5-ci həftədə XQ 151 000 mVahid/ml-ə çatır;
  • 6 həftədə XQ səviyyəsi maksimumdur: 233 000 mVahid/ml.

Beləliklə, erkən həftələrdə XQ analizi çox informativ sayılır. Onun köməkliyi ilə hamiləliyin müddəti təyin olunur. Bundan başqa hamiləlik analizi nəticələri ginekoloqa ana orqanizmi və ya döldə müxtəlif patologiyaları aşkar etmə imkanı verir.

Hamiləlik analizi şəkil 5

Hamiləlik analizi – normadan yüksək nəticə

Erkən həftələrdə qan analizi çox yüksək nəticə göstərirsə, bu aşağıdakı hallardan xəbər verir:

  • şəkərli diabet;
  • toksikoz;
  • uşaqlıqda birdən çox döl kisəsinin olması (çoxdöllülük, əkizlər);
  • döldə xromosom anomaliyalarının olması.

Həmçinin progesteron çatışmazlığı ilə əlaqədar hormonal preparatlar qəbul edən hamilələrdə XQ göstəriciləri norma həddində olmaya bilər.

Hamiləlik analizi – normadan aşağı nəticə

XQ göstəricisinin normal sərhədlərdən 2 dəfə aşağı olması bir sıra patologiyaların əlamətidir:

  • dölün inkişafdan qalması;
  • uşaqlıqdan kənar hamiləlik;
  • dölün tələf olması;
  • plasentar çatışmazlıq.

Sonda qeyd edək ki, hamilə olub-olmadıgınızı test ilə dəqiqləşdirsəniz belə daha dolğun məlumat əldə etmək üçün XQ analizi verməyiniz məsləhətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.4/5 - (10 votes)