Hamiləlik – ilk həftə
Gələcək analar bilməlidir ki, hamiləlik müddəti 2 üsulla hesablanılır: mamalıq və embrional. Mamalıq həftələri son aybaşının ilk günündən sayılır. Embrional üsula görə ilk həftə mayalanma anından başlanılır. Ginekoloqlar adətən mamalıq həftəsini əsas götürürlər. Lakin qadınları yumurtahüceyrənin spermatozoidlə birləşməsindən sonrakı ilk həftə maraqlandırdığından bu məqalədə məhz həmin dövrün xüsusiyyətlərini izah edəcəyik.
Hamiləlik – ilk həftə barədə geniş məlumat
İlk həftə başlayan kimi qadın orqanizmində mayalanma ilə əlaqədar dəyişikliklər baş verir. Hamiləlik əlamətləri demək olar ki, müşahidə edilmir. Bəzi qadınlar mayalanmadan sonra ilk həftə ərzində hamiləlikdən şübhələnməyə başlayırlar. Lakin belə şəxslərə nadir hallarda rast gəlinir. Çox həssas qadınlarda əhval ruhiyyə və dad hissiyyatı pozula bilər.
Hamiləlik – ilk həftə: qadının bədən quruluşunda dəyişiklik baş verirmi?
İlk həftə müddətində embrion hələ çox kiçik olduğundan ananın qarnı böyümür, yəni nəzərə çarpmır. Mayalanmış yumurtahüceyrə sürətlə bölünür: 2, 4, 8 və 32 hüceyrəyə qədər. Buna müvafiq olaraq, ilk həftə üçün qarnın formasında gözlə görünən dəyişiklik yaranmır.
Hamiləliyin ilk həftəsində gələcək körpə embrion adlanır. Yalnız 6-cı həftədə onu döl kimi qiymətləndirirlər. Bu müddət ərzində embrionun ölçüsü təxminən 0,1–0,2 mm olur. Ona görə də qadının qarnına baxdıqda heç kim onun hamilə olduğundan şübhələnmir.
Hamiləlik – ilk həftə: qadının keçirdiyi hisslər
Hamiləlik dövründə ilk həftə müddətində qadın özünü qənaətbəxş hiss edir. Orqanizmində mayalanmanın getməsindən xəbərsiz olur. Bəzi qadınlarda əvvəllər xoşlamadıqları ərzaqlara qarşı istək yaranır və ya əksinə sevdikləri qidalara ikrah hissi peyda olur. Bu hal əsasən çox həssas hamilələrdə müşahidə edilir. Bir sıra qadınlar qarnın aşağı hissəsində aybaşı ağrılarını xatırladan xarakterik hisslərdən şikayət edirlər. Onlarda süd vəziləri həssas və ağrılı olur. Bir sıra hamilələrdə döş gilələrinin piqmentasiyası artır, çillər əmələ gəlir.
Hamiləlik – ilk həftə: aybaşı gecikməsi olurmu?
Yumurtahüceyrənin spermatozoidlə birləşməsi aybaşı tsiklinin 13-14-cü gününə təsadüf etdiyindən 28 günlük standart tsikl zamanı qadınlar hamilə qaldıqlarını təxmin etmirlər. Aybaşının baş verəcəyini düşünürlər. Mayalanmadan sonrakı ilk həftə tsiklin 21-25-ci günündə qurtardığından aybaşı gecikməsi barədə fikirləşməyə əsas yaranmır. Menstruasiyanın vaxtı gəlib çatarkən qanlı axıntılar izlənilmədikdə artıq hamiləlik barəsində düşünülür.
Hamiləlik – ilk həftə: qarında ağrılar
Hamiləliyin ilkin mərhələlərində bu aldadıcı əlamət sayılır. Əksər qadınlar aybaşıdan öncə ağrı ilə rastlaşdığından siklin axırlarında, yəni ilk hamiləlik həftəsinin sonunda bu simptomun təkrarlanmasına fikir vermirlər.
Lakin qeyd etmək lazımdır ki, ağrı bağırsağın fəaliyyətinin pozulması ilə də bağlı ola bilər. Ginekoloqların məlumatlarına əsasən kiçik çanaqda ağrılar çox zaman onurğa problemləri, osteoxondroz və ya cinsiyyət orqanlarında keçirilən əməliyatlardan sonra formalaşan bitişmələrlə (spaykalar) əlaqəli olur.
Ümumilikdə hamiləliyin ilk həftəsində ağrı hissi yaranmaya da bilər. Bu tip hisslər adətən embrion böyüdükdə, yəni 3-4-cü həftələrdə meydana çıxır.
Hamiləlik – ilk həftə: test etmək olar?
İlk həftə ərzində edilən hamiləlik testi düzgün nəticə vermir. Mayalanma anından çox az vaxt keçdiyindən aptekdə satılan adi test, hətta hamiləlik analizi (XQ) neqativ göstərəcək. Çünki bu dövrdə qanda və sidikdə xorionik qonadotropinin səviyyəsi çox cüzi olur. Ona gorə analiz verdikdə nəticənin doğruluğu şübhə doğurur. Bununla əlaqədar gələcək ana hamiləlik müddətinin ən azı 10 günə çatmasını gözləməlidir.
Hamiləlik – ilk həftə: ultrasəs müayinəsi
İlk həftə ultrasəs müayinəsindən keçməyə tələsməyin. Çünki ən müasir USM aparati belə embrionu görə bilməyəcəkdir. Bu zaman ərzində mayalanmış yumurtahüceyrə hələ uşaqlıq borusunda yerləşdiyindən USM-i təxirə salmaq məsləhətdir. Embrion uşaqlığın divarına yapışdıqdan sonra (təxminən 2-3-cü həftədə) ultrasəs müayinəsi aparıla bilər.
Hamiləlik – ilk həftə: hamilə olduğunu düşünən qadınlara məsləhətlər
- ilk növbədə həyəcan və stresslərdən uzaq olun.
- antibiotik, isti vanna qəbulu, ağır yüklərin qaldırılması, siqaret çəkən insanlarla eyni məkanı paylaşmaq icazəli deyil.
- sağlamlığınızın qayğısına qalın. Erkən hamiləlik dövrlərində soyuqlamaq arzuolunmazdır.
- təmiz havada çox vaxt keçirməyə çalışın.
- immunitetinizi möhkəmləndirin.
- sizə xoş əhval-ruhiyyə bəxş edən işlərlə məşğul olun.
Hamiləlik təsdiqləndikdə yuxarıda qeyd olunan məsləhətlərlə yanaşı, ginekoloqun təyinanatlarına riayət edin ki, körpənizin sağlam doğulmasına kömək edə biləsiniz.