Hamiləlik əlamətləri

07 Oktyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 1583
Hamiləlik əlamətləri şəkil
Rate this post

Hamiləlik adətən arzuolunan dövr sayılsa da, onun bir sıra xoşagəlməz əlamətləri vardır.

Halsızlıq və yuxululuq

Bir sıra qadınlar hamiləlik dövründə heç bir narahatlıq, halsızlıq hiss etmədiklərini iddia edirlər. Bu o deməkdir ki, bəzi hamiləlik əlamətləri fərdi xarakter daşıyır. Depressiv vəziyyət, yuxululuq, əzginlik hamiləlik müddətindən asılı olub, əksərən ilk və son trimestrdə (3 aylıq) müşahidə edilir.

Hamiləlik əlamətləri – ürəkbulanma və qusma

Hamilə qadınların bir çoxunda ürəkbulanma baş verir. Bəzən bu simptom qusma ilə yanaşı təzahür edir. Ancaq qusma hamilələrin 50%-nə xasdır. Ürəkbulanma ilkin olaraq 3-cü hamiləlik həftəsində meydana çıxır və 4-cu aya qədər ara-sıra davam edir. Ən çox səhər saatlarında ürəkbulanma müşahidə olunur.

Hamiləlik əlamətləri şəkil 1

Hamiləlik əlamətləri – ağız suyunun çoxalması

Hamilələrdə tüpürcək vəzilərinin aktiv fəaliyyəti ağız suyunun artmasına səbəb olur. Bəzən sutkada 1 litr tüpürcək ifraz olunur. Bu isə artıq xəstəlik kimi dəyərləndirilir – ptializm adlanır. Ağız suyunun çoxalması qadının rahatlığını pozur. O, mütəmadi şəkildə tüpürcəyini udmaq və ya kənara tüpürmək məcburiyyətində qalır. Xoşbəxtlikdən ptializm ürəkbulanma ilə müayisədə daha az rast gəlinən simptomdur. Bu əlamət hamiləliyin 5-ci ayında itir.

Qastroezofageal reflüks

Hamilələrdə həzm traktının əzələlərində tonus azalır, mədə ilə qida borusu arasındakı sfinkter tam qapanmır. Mədə möhtəviyyatı geri qayıdır, turşuluq qida borusuna sıçrayır və həzm prosesində önəmli rol oynayan vəzilərin funksiyasında dəyişikliklər yaranır. Nəticədə qidanın həzmi ləngiyir və ya çətinləşir. Qarında ağrılar, gəyirmə, mədə yanması, diskomfort formalaşır.

Hamiləlik əlamətləri – qəbizlik

Öncədən bağırsaqla bağlı problemləri olmayan qadınlar da hamilə qaldıqlarında mütləq qəbizlik yaşayır.

Hamiləlik əlamətləri foto 1

Babasil

Anal nahiyə və düz bağırsağın venoz damarlarının varikoz genişlənməsi nəticəsində düyünlərin əmələ gəlməsi babasil adlanır. Bu düyünlər ağrılı olub, qanaxma törədir. Babasil – hamiləlik əlamətləri arasında ən xoşagəlməzidir.

Hamiləlik əlamətləri – ayaqda varikoz genişlənmələr

Hamilələrdə aşağı ətrafın venoz damarlarının genişlənməsi, qan dövranında durğunluq nəticəsində 2-ci trimestrdə varikoz yaranır. Ayaqlarda ağrı, ağırlıq, yanma, ödem (şişkinlik) xəstəliyin əsas simptomlarıdır. Bir də estetik olaraq dəridə ulduzşəkilli venalar –teleangioektaziyalar qeyd edilir.

Sidik yollarının funksiyasının pozulması

Normada hamilələrdə böyrəklərin fəaliyyətində heç bir dəyişiklik yaranmır. Ancaq dölün ölçülərinin iri olması sidik ifrazının tezləşməsinə, bəzən də hidronefroza (böyrəklərdə sidiyin ləngiməsi ilə əlaqədar kasa-ləyən sisteminin genişlənməsi) gətirib çıxarır.

Hamiləlik əlamətləri – dəri çatları

Hamiləliyin 5-ci ayında qarın, süd vəziləri və bud hissənin dərisində çəhrayı rəngli zolaqlar əmələ gəlir. Doğuşdan sonra onların rəngi solur, bəyazlaşır. Bu zolaqlar dəri liflərinin elastikliyinin pozulması fonunda formalaşır.

Hamiləlik əlamətləri foto 3

Qaşınma

Hamilələr adətən 8-ci ayda qaşınmadan şikayət edirlər. Bəzən qaşınma bütün bədənə yayılır. Ancaq ən çox qarın səviyyəsində yaranır. Bir qayda olaraq, səpkilərlə müşayiət edilir.

Başgicəllənmə və bayılma

Hamilələrdə qan dövranı dəyişir, cift damar şəbəkəsinin formalaşması nəticəsində sirkulyasiya edən qanın ümumi həcmi çoxalır, ürək döyüntüləri artır. Qadının ürək-damar sistemində patologiya yoxdursa, bu intensiv fəaliyyət simptomsuz keçir. Əgər öncədən ürək ritmlərinin pozulmaları və ya yüngül dərəcəli kardioloji problemlər olubsa, hamilə qaldıqdan sonra başgicəllənmə, huşun itməsi halları müşahidə edilə bilər.

Təngnəfəslik

III trimestrdə qadınlar təngnəfəslikdən şikayətlənirlər. Uşaqlıq böyüdükcə qarın boşluğu orqanlarına təzyiq edir və döş qəfəsinin həcmi azalır. Nəticədə ağciyərlərə daha az hava gedir, boğulmaya bənzər hissiyat yaranır. Doğuşa yaxın döl kiçik çanağa endikdə bu əlamət zəifləyir.

Hamiləlik əlamətləri – ağrılar

Uşaqlıq genişləndikcə qarnın aşağı hissəsində ağrılar, dartılmalar orqanizmin hamiləliyə uyğunlaşma əlamətidir.

Hamiləlik əlamətləri foto 5

Ayaqlarda ağrılar

5-ci aydan etibarən ayaqlarda gecə qıcolmaları və ağrı müşahidə olunur. Bu, əksər hallarda vitamin çatışmazlığı ilə əlaqəlidir.

Bel ağrıları   

Qarnın böyüməsi və dölün vəziyyəti qadının qamətini dəyişir. Axşam saatlarında güclənən ağrılar əsasən bel-oma nahiyəsində toplanır. Bu zaman hamiləlik bandajı qadının köməyinə gəlir.

Yuxu pozğunluqları

İlk trimestrdə davamlı olaraq yuxululuq, II və III trimestrdə isə əksinə, yuxusuzluq qeydə alınır.

Əhval-ruhiyyənin dəyişməsi

Hamiləlik belirtileri arasında ən tez nəzərə çarpan və ətrafdakıların diqqətini çəkən hal qadının əhvalının ani və kəskin dəyişməsidir. Emosionallıq aqressivliklə, qıcıqlanmalar depressiv hallarla əvəz olunur.

Sadalanan hamiləlik əlamətləri bütün qadınlarda az və ya çox dərəcədə təzahür edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post