Hamiləlik bandajı
Ana olmağa hazırlaşan qadınların əksəriyyəti bu dövrdə dəstəkləyici kəmər – hamiləlik bandajı ilə maraqlanırlar. Onlar bu mövzuda ətraflı məlumat almağa çalışırlar.
Hamiləlik bandajı nədir?
Bandaj hamilələr üçün xilasedici funksiya daşıyır. Bu kəmər gələcək analara hamiləliyi rahat keçirtməyə kömək edir. Onu da qeyd etmək lazımdır ki, bel-oma səviyyəsində ağrıları olmayan qadınların bandaj taxmasına ehtiyac yoxdur.
Hamilələr üçün bandajın istifadəsinə göstərişlər
- Aktiv həyat tərzi – hamilə qadın alışdığı həyat tərzini dəyişdirmədən aktiv şəkildə idmanla məşğul olarsa, gərgin iş fəaliyyətini davam etdirərsə, 1 neçə saat ərzində ayaqda qalarsa, mütləq bandajdan istifadə etməlidir.
- Beldə şiddətli ağrılar
- Osteoxondroz
- Ayaq damarlarının varikoz genişlənməsi
- Qarında çatların profilaktikası. Qarın nahiyəsində dəri dartılmasının yaranmasını istəməyən qadınlar hamiləlik bandajı taxmalıdır. Bu kəmər qarın nahiyəsinə dəstək verir və çatların formalaşmasını məhdudlaşdırır.
- Çoxdöllü hamiləlik. Belə vəziyyətlərdə bandaj hamiləliyin daşınmasını yüngülləşdirir.
- Vaxtındən əvvəl doğuş təhlükəsi. 22-ci hamiləlik həftəsi və sonrakı müddətdə qadınlar qarnın sürətlə böyüməsindən əziyyət çəkirlər. Bandaj bu hallarda əzələ gərginliyini azaldır və böyümüş qarnı dəstəkləyir.
Hamiləlik bandajı dünən və bugün
Müasir dövrdə bandaj minlərlə hamilə qadının əvəzedilməz atributudur. Bu kəmərin dizayn tarixi 30 il əvvələ təsadüf edir. İlk hamiləlik bandajı korset ilə anologiya təşkil edirdi və onu taxıb-çıxartmaq çətinlik törədirdi. Məhz bu səbəbdən bir çox hamilə qadın bandaj taxmaqdan imtina edirdi.
Zamanla bandaj dizaynı təkmilləşdi, istifadə qaydası asanlaşdı. Hazırda bu qayda kəmərin qutusunda izahlı şəkildə qeyd edilir. Baş verən dəyişikliklər hamiləlik dövründə qadınların kəmərə tələbatının artmasına səbəb oldu.
Hamiləlik bandajı – müxtəlif növləri və xüsusiyyətləri
- Kəmər. Bandajın klassik variantıdır. O, möhkəmliyi ilə fərqlənir.
- Alt paltarı şəklində olan bandaj. Ön hissədə dəstəkləyici elastiki əlavənin olması ilə fərqlənir. Üstünlükləri çox olsa da, kəmərlə müqayisədə daha tez-tez yuyulması lazım gəlir.
- Kombinəolunmuş. Rezin asqılara malik kəmər formasındadır. Onu doğuşdan sonra da taxmaq mümkündür.
Hamiləlik bandajını əldə etməzdən əvvəl onu bir neçə dəfə taxıb yoxlamaq lazımdır. Diskomfort hiss etdikdə, digər model geyinilməlidir.
Hamiləlik bandajı – istifadə qaydası
Bandajı taxmaq üçün arxası üstə uzanıb, ombanın altına yastıq qoyub, bandajı düymələmək məsləhət görülür. Qadın rahat pozisiyada olduqda, döl qarnın aşağı hissəsinə sıxılmadan vəziyyətini dəyişdirir. Bununla da sidik kisəsi və əzələlərə təzyiq azalır. Bandajı geyindikdən sonra tələsmədən astaca ayağa qalxmaq tövsiyə olunur.
Bəs bandajı ayaqüstə taxmaq olarmı? Olar. Ancaq bu o qədər də rahat başa gəlmir.
Daha çox verilən suallardan biri də budur: kəməri neçə saat taxmaq lazımdır? Həkimlər bandajı 3 saat gəzdirdikdən sonra çıxartmağı məsləhət bilirlər.
Unutmayaq ki, düzgün seçilmiş bandaj hər bir hamilə qadının qarderobunda əvəzedilməz və faydalı geyimə çevrilir.