Sonsuzluğun səbəbləri

Təxminən 10 il bundan əvvəl hər hansı gənc ailə 3 və ya 4 il övlad sahibi olmadıqda belə hallar sonsuzluq hesab edilirdi. Müasir dövrdə isə bu interval 2 ildir. Evliliyin 2 ili ərzində hamiləlik baş tutmursa, artıq bu fakt həkimlər tərəfindən ciddi qəbul olunur.
Təəssüf ki, sonsuzluğun yaşı get-gedə cavanlaşır. Son zamanlarda 20-28 yaşarası gənc qadın və kişilərdə müxtəlif etiologiyalı sonsuzluq müşahidə edilir.
Sonsuzluqla bağlı statistik göstəricilər
Hər il 4.5 milyon ailə bu problemlə qarşılaşır. Araşdırmalara görə sonsuzluğun səbəbləri əsasən 5 kateqoriyada cəmlənmişdir.
Sonsuzluğun səbəbləri №1 – kişi sonsuzluğu
Təcrübələr göstərir ki, mayalanmanın baş verməməsi həm də spermatozoidlərin aktivliyi, hərəkətliliyi və həyat qabiliyyətinin pozulması ilə əlaqəlidir. Belə vəziyyətlərdə ilk növbədə spermaqramma analizi verilməlidir.
Analiz spermatozidlərin miqdarını və aktivliyini təyin edir. Əgər aktiv hüceyrələr spermada 30%-dən azdırsa, bu, sonsuzluğa şübhə doğurur və həkim xəstəni əlavə müayinələrə yönləndirir.
Spermada çox miqdarda leykosit aşkar olunduqda, androloq spermanın bakteroloji əkilməsini məsləhət görür. Anomal spermatozoidlərin sayca çoxluğu spermanın morfoloji analizinin aparılmasına əsas verir.
Sonsuzluğun səbəbləri №2 – anovulyator tsikl (ovulyasiyanın olmaması)
Sonsuzluğun səbəbləri arasında 2-ci yerdə yumurtahüceyrənin yetişməsinin və ovulyasiya prosesinin pozulması dayanır. Ginekoloqların fikrincə ovulyasiyanın olmaması stress, hormonal disbalans, infeksiyalar, polikistoz yumurtalıqlar sindromu ilə əlaqədardır.
Əksər hallarda anovulyator tsikl menstruasiya gecikməsi ilə müşayiət edilir. Anovulyator tsiklin təyinində hormonal fonun analizi, ultrasəs müayinəsi mühüm rol oynayır.
Sonsuzluğun səbəbləri №3 – uşaqlıq borularının keçiriciliyinin pozulması
Uşaqlıq borularının keçiriciliyinin hissəvi və ya tam pozulması iltihabi proseslər, xlamidioz, endometrioz, abortlar fonunda yaranır. Sadaladığımız patologiyalar boru mənfəzində və divarlarında bitişmələr (spayka) yaradır.
Uşaqlıq borusu mayalanma prosesində iştirak edən önəmli orqandır. Belə ki, yumurtalıqdan çıxan və çanaq boşluğuna atılan yumurtahüceyrə boruların kirpikcikləri tərəfindən tutulduqdan sonra, borunun çıxacağından orta hissəsinə doğru irəliləyir.
O, eyni zamanda uşaqlıqdan boruya keçən spermatozoidlə birləşir. Mayalanmış yumurtahüceyrə bir müddət boruda qaldıqdan sonra uşaqlığa düşür və orada inkişaf etməyə başlayır.
Sonsuzluğun səbəbləri №4 – uşaqlıq patologiyaları
Uşaqlığın anadangəlmə inkişaf anomaliyaları, daxili qatı – endometriumun iltihabi dəyişiklikləri, fibroma, mioma, uşaqlığın polipləri, abort və əməliyyat sonrası çapıqlar sonsuzluq səbəbləri sırasındadır.
Uşaqlığın vəziyyətini təyin etmək üçün ultrasəs müayinəsi və histerskopiyadan istifadə olunur. Histeroskopiya – uşaqlıq boşluğuna xüsusi cihaz daxil etməklə müayinə prosedir. Prosedur zamanı polip, miomatoz düyün, şiş aşkarlandıqda bu törəmələrin cərrahi yolla xaric olunması məsləhət görülür.
Sonsuzluğun səbəbləri №5 – immunoloji uyğunsuzluq
Sonsuzluqdan əziyyət çəkən cütlüklərin 15%-də immunoloji uyğunsuzluq aşkarlanır. Belə hallarda qadının immun sistemi cinsi partnyorun spermatozoidlərinə, spermasına qarşı aktiv reaksiya verir. Uşaqlıq yoluna düşən spermatozoidlərə qarşı spesifik anticisimlər sintez olunur.
Bu maddələr uşaqlıq boynundakı seliyin tərkibini dəyişir. Nəticədə spermatozoidlər hərəkətliliyini itirir. İmmunoloji uyğunsuzluq şübhəsi olduqda antispermal anticisim analizi (Şvarski sınağı) verilir. Bu kimi vəziyyətlərdə sperma mayesinin kateter və zondla uşaqlığa birbaşa yeridilməsi – aşılama tövsiyə edilir.
Sonda qeyd etmək istərdik ki, əgər 2 il ərzində aktiv cinsi həyatınız olduğu halda hamiləlik baş verməyibsə, mütləq ginekoloqa getməlisiniz. Sonsuzluğun səbəbləri vaxtında aşkarlandıqda müalicə qısa müddətə və asan başa gəlir.