Uşaqlığın polipləri

21 Sentyabr 2019 Kateqoriya: Qadın xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1829
Uşaqlığın polipləri şəkil
4.2/5 - (6 votes)

Uşaqlığın polipləri – bu orqanın daxili qişası sayılan endometriumda yaranan xoşxassəli törəmələrdir. Onlar tibbi ədəbiyyatda endometrial polip kimi də qeydə alınır. Polip cisim və ayaqcıqdan ibarət olub, adətən hormonal proseslərin təsirindən formalaşır. Ağırlaşmış hallarda uşaqlığın polipləri bədxassəli şişə çevrilə bilər. Bu səbəbdən onlara etinasız yanaşmaq düzgün deyil. 

Uşaqlığın polipləri – yaranma səbəbləri

Uşaqlığın polipləri müxtəlif səbəblərdən əmələ gələ bilər. Bunlara aşağıdakılar aiddir: 

  • hormonal fonun pozulması; 
  • abort və cərrahi müdaxilədən sonra; 
  • 40-50 yaşarası dövr; 
  • uşaqlıq boynunun eroziyasının ağırlaşması;
  • endometriumun xroniki iltihabı;
  • şəkərli diabet; 
  • irsi meyllik;
  • uşaqlığın mioma.

Xəstəlik əksər hallarda klimaks dövründə müşahidə edilir. Lakin son zamanlarda uşaqlığın polipləri reproduktiv yaşda olan qadınlarda da tez-tez rast gəlinir. 

Uşaqlığın polipləri şəkil 1

Uşaqlığın polipləri – əlamətlər

  • menstrual tsiklin pozulması – qeyri-müntəzəmliyi, axıntıların normadan az və ya çox olması; 
  • cinsi əlaqə zamanı ağrı və diskomfort hissi;
  • kiçik çanaq nahiyəsində dartılan ağrılar; 
  • bəzi hallarda cinsi əlaqədan sonra qanaxma; 
  • uğursuz hamiləlik cəhdləri.

Uşaqlığın polipləri – təsnifat 

Bu törəmələr 2 göstəriş üzrə təsnif olunur:

  1. Yerləşməsinə görə: enteroservikal (uşaqlıq boynunun polipi) və endoservikal (uşaqlıq kanalının polipləri)
  2. Morfoloji quruluşa əsasən: 
  • adenomatoz (vəzili) – endometriumun vəzili epitelində formalaşır; 
  • fibroz – selikli qişa və birləşdirici toxuma hüceyrələrindən yaranır;
  • fibroz-adenomatoz – az sayda vəzili və birləşdirici toxumadan inkişaf edir. 

Uşaqlığın polipləri şəkil 3

Uşaqlığın polipləri – diaqnostika 

Polipləri ultrasəs müayinəsinin köməyilə təyin etmək mümkündür. Bu məqsədlə USM aybaşı tskilinin 2-4-cü günündə aparılmalıdır. Digər günlərdə endometrium qalınlaşdığından polipin aşkarlanması çətinləşir. 

Uşaqlığın polipləri – müalicəsi

Polipin müalicəsi yalnız cərrahi yolla həyata keçirilir. Medikamentoz (dərman) üsul xəstəliyin ağırlaşmasının qarşısını alsa da, problemi təəssüf ki, kökündən həll etmir. 

Cərrahi müdaxilə necə həyata keçirilir?  

Ən uyğun metod histeroskopiyadır. Cərrah xüsusi alət vasitəsilə polipin ayaqcığından tutaraq, onu ehtiyatla uşaqlıq boynu dəliyindən xaricə çıxarır. Bu müasir üsul kəsiksiz, qansız və az travmatikdir.

Əməliyyat adətən yerli keyitmə altında icra edilir. Polipin ölçüləri çox böyük olduqda ümumi narkoz tətbiq edilə bilər. Bəzən polipin ağırlaşmalarında uşaqlığın amputasiyasına (çıxarılmasına) ehtiyac yaranır. Ənənəvi cərrahi üsulda uşaqlıq qaşınır, polip xaric edilir. Lakin belə hallar qan itkisi ilə müşahidə olunur. 

Uşaqlığın polipləri şəkil 5

Uşaqlıq boynunun polipi

Uşaqlıq boynu (servikal) kanalının divarlarını zədələyən xoşxassəli törəmədir. Uşaqlıq boynunun polipi yaranma səbəbləri, əlamətlərinə görə endometrial polip ilə eynidir. Onun diaqnostikasında ümumi ginekoloji müayinə, kolposkopiya, servikoskopiya, histeroskopiyadan istifadə edilir. Müalicə cərrahi yolla polipin rezeksiyasından (kəsilməsi) ibarətdir.

Yuxarıda qeyd etdiyimiz kimi polip bədxassələşmə riski ilə müşayiət olunan törəmədir. Bu səbəbdən əgər Sizdə polip aşkarlanıbsa, tez bir zamanda həkimə müraciət edib, ondan azad olmağınız məsləhətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.2/5 - (6 votes)