Uşaqlıq boynunun eroziyası

20 Sentyabr 2019 Kateqoriya: Qadın xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2312
Uşaqlıq boynunun eroziyası şəkil
Rate this post

Uşaqlıq boynunun eroziyası – bu nahiyənin selikli qişasının normal çoxqatlı yastı epitelinin silindrik epitellə əvəz olunması nəticəsində yaranır. Onu tibbi ədəbiyyatlarda uşaqlıq boynunun ektopiyası, psevdoeroziyası, endoservikoz kimi də qeydə alırlar. “Ektopiya” termini – əvəzlənmə mənasını daşıyır. 

Uşaqlıq boynunun eroziyası qadın cinsiyyət orqanı xəstəlikləri arasında geniş yayılmışdır. Ektopiyaya adətən reproduktiv yaşda, yəni qadınnı uşaq dünyaya gətirə biləcəyi dövrlərdə rast gəlinir. 45 yaşdan yuxarı qadınlarda isə demək olar ki, müşahidə edilmir. 

Uşaqlıq boynunun eroziyası necə yaranır? 

Qadın cinsiyyət orqanlarının bətndaxili inkişafı zamanı silindrik epitel ilk əvvəl uşaqlığın və uşaqlıq yolunun bütün daxili səthini örtür. Daha sonralar silindrik epitelin hormonlara həssaslığı ilə əlaqədar o, yastı epitellə əvəzlənir. Bu, normal inkişaf hesab olunur. Ektopiya zamanı yastı epitel deyil, atipik silindrik epitel müşahidə edilir.  

Uşaqlıq boynunun eroziyası şəkil 1

Eroziyanın yaranma səbəbləri: 

  • Sidik-cinsiyyət orqanlarının iltihabi-infeksion xəstəlikləri;
  • Uşaqlıq boynunun doğuş və abort zamanı travmaları; 
  • Kimyəvi tərkibli kontraseptivlərin uzunmüddətli istifadəsi; 
  • Hormonal pozğunluq; 
  • İmmunitetin zəifləməsi; 
  • İrsi meyllik.

Uşaqlıq boynunun eroziyasının əlamətləri

Əksər hallarda bu xəstəlik simptomsuz gedir. Qadında yanaşı olaraq, servisit (uşaqlıq boynunun iltihabi xəstəliyi) inkişaf etdikdə vaginal axıntılar meydana çıxır. Bəzən eroziya cinsi əlaqə zamanı ağrı, intim yaxınlıqdan sonra qanaxma ilə özünü büruzə verir. 

Uşaqlıq boynunun eroziyası şəkil 2

Eroziyanın diaqnostikası 

Əksər hallarda eroziya ginekoloji müayinə zamanı təsadüfən aşkar edilir. Belə vəziyyətlərdə diaqnozun dəqiqləşdirilməsi üçün kolposkopiyadan istifadə edilir. 

Uşaqlıq boynunun eroziyası necə müalicə olunur?

Heç bir narahatlığa səbəb olmayan eroziya çox vaxt müalicə tələb etmir. Ağırlaşmalar yarandıqda cərrahi müalicə metodları göstəriş sayılır. Bu üsullara aşağıdakılar aiddir: 

Kriodestruksiya

Krioterapiyanın mahiyyəti aşağı dərəcəli temperatur (donma) vasitəsilə toxumalara təsir göstərməklə, onların quruluş və funksiyasının bərpa edilməsindən ibarətdir. Kriodestruksiya zamanı müalicənin effektivliyi 82-97%-ə bərabərdir.  

Üstünlükləri 

  • Qan itkisi olmur;
  • Ağrısız üsuldur;
  • Ambulator şəraitdə aparılır.

Çatışmazlıqları 

  • Toxumaların kifayət qədər dondurulmaması nəticəsində bəzən bütün patoloji hüceyrələr məhv edilmir;
  • Regenerasiya (bərpa) dövrü uzun çəkir;
  • Uşaqlıq yolundan axıntı müşahidə edilir. 

Uşaqlıq boynunun eroziyası şəkil 6

Lazer destruksiya – karbon dioksid lazerinin tətbiqinə əsaslanır. Lazer şüasinın təsirindən patoloji toxumalar qızır və məhv olur. Bu üsul doğmayan qadınlarda uşaqlıq boynunun eroziyası zamanı geniş tətbiq edilir. Metodun effektivliyi 97%-dir. 

Lazer destruksiyasına əks göstərişlər: bədxassəli şişlər, cinsiyyət orqanlarının iltihabi xəstəlikləri və s.

Üsulun üstunlüklərindən biri yara səthinin tez bərpa olunmasıdır. Ağırlaşmalar çox nadir hallarda qeydə alınır. 

Radioterapiya – yüksək keyfiyyətli elektromaqnit sahəsinin regenerasiyaedici, iltihabəleyhinə və destruktiv təsirlərinə əsaslanır. Bu metod effektiv olsa da, bir qədər bahalıdır.   

Uşaqlıq boynunun eroziyası əksər hallarda simptomsuz getdiyindən bütün qadınlara ildə 2 dəfə ginekoloji müayinədən keçmək tövsiyə edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post