Sonsuzluq nədir?
Sonsuzluq – 1 il ərzində qorunmadan müntəzəm intim yaxınlıq yaşanmasına baxmayaraq, hamiləliyin baş verməməsidir. Sterillik – sonsuzluq sözünün sinonimidir. Bunun əsasında spermatozoidin yumurtahüceyrəni mayalandıra bilməməsi dayanır.
Sonsuzluq nədir – araşdırmaların nəticəsi
Aparılan araşdırmalara əsasən il ərzində cütlüklərin 30%-də ilk 3 ay, 60%-də 7 ayda, 10%-də isə 11-12 ay sonra hamiləlik müşahidə edilir. Beləliklə, 1 il cütlüyün fertillik (sağlam övlad dünyaya gətirmə) qabiliyyətini dəyərləndirmək üçün yetərli zamandır.
Sonsuzluq nədir – bu barədə daha ətraflı
Sterillik qadın və kişidə müxtəlif şəkildə təzahür edir. Qadınlarda sonsuzluq aşağıdakı formalarda olur:
- Tubal-peritoneal sonsuzluq nədir? Uşaqlıq borularının mənfəzinin spaykalarla (bitişmələrlə) qapanmasıdır. Keçiriciliyin pozulmasının əsas səbəbləri cinsi yolla keçən infeksiyalar, abortlar, kiçik çanaq orqanlarının cərrahi manipulyasiyalarıdır.
- Endokrin sonsuzluq nədir? Yumurtahüceyrənin inkişaf və yetişmə prosesinin pozulmasıdır. Əsasən polikistoz sindrom, bəzən isə böyrəküstü, qalxanvari vəzin və hipofizin patologiyaları nəticəsində yaranır.
- Endometrioz fonunda sonsuzluq
- Uşaqlıq patologiyaları – anomaliyalar, xroniki iltihabi xəstəliklər, şişlərlə əlaqəli sonsuzluq
- Servikal sonsuzluq nədir? Uşaqlıq boynu seliyinin keyfiyyətinin dəyişməsi nəticəsində spermatozoidlərin məhv olması və ya uşaqlığa doğru hərəkət etmək qabiliyyətinin itməsidir.
Sonsuzluq nədir – diaqnostika
Müayinə standartlaşdırılmış bir neçə diaqnostika üsulundan ibarətdir. Tərəflərin hər ikisi müayinədə iştirak etməlidir.
- Ginekoloji orqanların ultrasəs müayinəsi, uşaqlıq borularının kontrastlı rentgeni (histerosalpinqorafiya), kişilərdə skrotal doppler və prostat vəzi müayinəsi;
- Hər iki tərəfin qan analizləri, hormon spektri;
- Kişidə spermoqramma, qadında uşaqlıq yolundan yaxma analizi;
- Qadında antispermal antigen;
- Histeroskopiya (qadında);
- Cinsi infeksiyaların təyini.
Sonsuzluq nədir – diaqnostika üsulları barədə daha ətraflı
ULTRASƏS MÜAYİNƏSİ VƏ DOPPLER
- Ginekoloji orqanların müayinəsində: uşaqlıq və yumurtalıqların ölçüləri, forma, vəziyyəti, uşaqlıqdaxili mioma, endometrioz, polip, yumurtalıqlarda polikistoz, follikulyar və ya hemorragik kistanın olub-olmaması haqqında məlumat alınır.
- Prostat vəzi və skrotal dopplerdə: prostat vəzinin ölçüləri, forması, parenximası, adenoma, xayaların ölçü və forması, toxumasının vəziyyəti, damar patologiyaları (varikosele), şiş və ya kistalar, xaya artımı haqqında geniş informasiya toplanılır.
RENTGENOLOJİ MÜAYİNƏ
- Histerosalpinqoqrafiya: aybaşının 7-11-ci günlərində uşaqlıq boynundan kateter vasitəsilə uşaqlığa xüsusi kontrast maddə yeridilərək, uşaqlıq və borular izlənilir.
LABORATOR ANALİZLƏR
- Hər iki tərəfin ümumi qan analizləri;
- Cinsi hormonların yoxlanılması (qadında: progesteron, prolaktin, sərbəst estriol, DHEA, estradiol, 17 OH-progesteron, testesteron, LH, FSH. Kişidə: testosteron, sərbəst testosteron);
- Qalxanabənzər vəzin hormonları (T3, T4, TSH, FT3, FT4);
- Spermoqramma;
- Uşaqlıq yolundan yaxmanın müayinəsi;
- Antispermal antigen və ya Şuvarski sınağı. Cinsi əlaqədən 2 saat sonra qadının uşaqlıq yolundan götürülən material müayinə olunur. Mikroskop altında hərəkətli spermatozoidlərin sayına baxılır. Antispermal antigenin müsbət nəticəsi qadının vaginal mühitinin və seliyin tərkibində spermatozoidləri məhv edən hissəciklərin olmasıdır;
- Tərəflərin hər ikisində xlamidiya, ureaplazma, mikoplazma PZR və İFA ilə, sifilis ekspess-test ilə yoxlanılır.
HİSTEROSKOPİYA
Müayinə prosesində uşaqlıq boşluğuna nazik optik instrument – histeroskop, minivideokamera daxil edilərək ekranda monitorlaşdırılır. Bu prosedur uşaqlığın bütün qişalarını ətraflı şəkildə müayinə etməyə və gərəkli olduqda biopsiya götürməyə imkan yaradır.
Sonsuzluq nədir – müalicə üsulları
Sonsuzluğun müalicəsi onu yaradan faktorların aradan qaldırılmasına əsaslanır:
– hər iki borunun tam tutulması zamanı cərrahi əməliyyat;
– 1 və ya hər iki borunun hissəvi bağlanmasında boruların yuyulması və bununla yanaşı medikamentoz müalicə, sonra isə təkrar HSQ (histerosalpinqoqrafiya);
– kiçik miomalar, follikulyar və ya hemorragik (qansızmalı) kistalardə dərman müalicəsi;
– iri ölçülü miomalar, endometrial poliplərdə cərrahi yol;
– yumurtalığın polikistozunda hormonal müalicə;
– cinsi infeksiyalar aşkarlandıqda, müvafiq dərmanların tətbiqi;
– kişilərdə varikosele olduqda cərrahi əməliyyat;
– prostat vəzinin konservativ (dərmanla) müalicəsi, adenoma varsa kəsilməsi.
Sonsuzluq nədir – müalicə qeyri-effektiv olduqda nə etməli?
- aşılama;
- süni mayalanma.
Bir çox insan bu üsulları sonsuzluq müalicəsi kimi başa düşür. Ancaq bu metodlar müalicəvi deyil, alternativ variantlardır. Müalicə üsullarını isə yuxarıda izah etmişik.
Aşılamanın aparılması üçün uşaqlıq borularının fəaliyyəti normal olmalıdır. Süni mayalanmada isə borunun keçiriciliyi vacib deyil.
Hər iki prosedur yumurtalıqların follikulyar stimulyasiyasından başlayır. Ancaq süni mayalanmada yumurtahüceyrələrin sayı çox olmalıdır, buna görə də superstimulyasiya edilir.
Aşılama zamanı təyin olunan vaxtda kişidən alınmış sperma laboratoriyada hazırlanaraq, kateterlə qadının uşaqlıq boşluğuna yeridilir.
Süni mayalanmada isə yetişmiş yumurtahüceyrələr cərrahi müdaxilə ilə götürülür. Spermatozoidlər xüsusi üsulla seçilir və ən keyfiyyətli yumurtahüceyrələrlə xüsusi mühitdə mayalandırılır. Bütün bunlar laboratoriya şəraitində yerinə yetirilir. Növbəti mərhələdə embrionlar seçilir və cərrahi yolla uşaqlığa köçürülür.
Süni mayalanmada donor variantı da mövcuddur. Bu, yumurtahüceyrə və spermatozoid donorluğu olmaqla 2 tipə bölünür.
Sonsuzluq nədir – surroqat ana
Cinsiyyət orqanlarının anomaliyası nəticəsində yaranan sterillik müxtəlif olur. Onlardan bəzilərini kompensə etmək mümkündür. Məsələn, uşaqlıq boruları anadangəlmə inkişaf etməyən və ya cərrahi müdaxilədən sonra çıxarılan qadın süni mayalanma ilə hamilə qala bilər. Ancaq uşaqlığı olmayan qadın surroqat ana xidmətindən istifadə etməlidir. Surroqat ana – cütlüyün hüceyrələrindən əmələ gəlmiş embrionun başqa bir qadının uşaqlığına köçürülməsidir.
Sonsuzluq nədir – orqan köçürülməsi
Orqan transplantasiyasının sürətli inkişafı sonsuzluqdan əziyyət çəkən insanlarda ümid yaradır. 2016-cı ildə San-Paulo şəhərində uşaqlığı olmayan qadına ölü donordan 10 saat ərzində uşaqlığın köçürülməsi əməliyyatı uğurla həyata keçirilmişdir. Həmin qadın 3 ildən sonra Qeysəriyyə əməliyyatı ilə övlad sahibi olmuşdur.
Beləliklə, əgər Sizə sonsuzluq diaqnozu qoyulubsa, bu heç də hökm deyildir. Problemin həlli üçün müasir tibbdə hər gün yeni metodlar, dərmanlar və üsullar icad olunur.