Aybaşı olmaq üçün nə etməli?
Önəmli və əhəmiyyətli günlərdə menstruasiyanın başlaması bir çox qadın üçün arzuolunmazdır. Hətta aybaşı ağrıları səbəbindən mühüm bir tədbirə getməkdən imtina edən və ya tədbiri yarıda qoyub evə tələsən qadınlar da az deyil.
Əslində aybaşı idarə oluna bilər. Məsələn, menstruasiya hesablama təqviminə görə aybaşı sözü gedən tədbirlə üst-üstə düşürsə, həmin vaxtı bir qədər qabağa çəkmək olar.
Lakin bu üsullarla hər zaman təcrübə etmək təhlükəlidir. Bəs belə metodlar hansıdır? Aybaşı olmaq üçün nə etməli olduğunuzu öyrənməzdən öncə onu vaxtından əvvəl başlatmağın niyə təhlükəli sayıldığını aydınlaşdıraq.
Vaxtından əvvəl aybaşı stimulyasiyası niyə təhlükəlidir?
Bunu anlamaq üçün aybaşı mexanizminə baxaq. Qadın orqanizmi ovulyasiya keçirtdiyi əsnada uşaqlıq mayalanmış yumurtahüceyrənin qəbuluna və onun sonrakı inkişafı üçün rahat şəraitin yaradılmasına hazırlaşır. Progesteron və estrogen hormonlarının təsiri altında uşaqlığın daxili qatı – endometrium qalınlaşır. Bu da döl yumurtasının yapışmasını asanlaşdırır.
Mayalanma baş tutduqda, embrion uşaqlığa birləşir və inkişaf edir. Mayalanma olmadıqda yumurtahüceyrə məhv olur. Qalınlaşmış endometriuma artıq gərək qalmadığından orqanizm ondan qurtulmağa çalışır. Əvvəlcə progesteron səviyyəsi kəskin enir, endometriumu uşaqlığa birləşdirən kiçik kapilyarlar nazikləşir və partlayır – aybaşı başlayır.
Endometriumun qalınlaşmış qatı soyularaq, qanla xaricə atılır. Bu dövrdə estrogen səviyyəsi yüksələrək, uşaqlıq yığılmalarını artırır ki, soyulma asan olsun.
Burdan anlaşılır ki, menstruasiyanın baş verməsi üçün 2 istiqamət var:
- Hormonal. Aybaşı olmaq üçün dərman qəbul edib, selikli qişanın qopmasını süni şəkildə stimulyasiya etmək;
- Fiziki. Yəni, endometriumu uşaqlıqla birləşdirən kapilyarların partlaması üçün şərait yaratmaq.
Nə birinci, nə də ikinci üsul təhlükəsiz deyildir. 1-ci üsulda hormonal fona zərbə vurulduğundan nəticələri proqnozlaşdırmaq çətindir. 2-ci üsulda isə selikli qişanın itələnməsinə təkan verməklə böyük damarların zədələnmə riski ortaya çıxır. Bu da kütləvi uşaqlıq qanaxmalarına gətirib çıxara bilər.
Aybaşı olmaq üçün nə etməli – hormonal yol
Hər hansı vacib tədbiriniz olduqda bir neçə ay əvvəldən hormonal tərkibli hamiləlik əleyhinə dərman içməyə başlaya bilərsiniz. Təbii ki, bu dərmanları ginekoloq məsləhət görməlidir.
Preparatlar fərdi qaydada seçilməlidir. Çünki hormonal fona özbaşına müdaxilə ağır fəsadlar törədə bilər. Menstruasiya başlanmasını düşündüyünüz tarixdən 2-3 gün əvvəl preparatın istifadəsi kəsilməlidir.
Aybaşı olmaq üçün nə etməli – fiziki yol
Hamiləlik testi pozitiv göstərdikdə, əgər bu arzuolunmaz haldırsa heç bir dərman içmədən ginekoloqa gedin.
Əgər hamiləlik yoxdursa, amma gecikmə müşahidə edilirsə, o zaman həyəcanlanmayın. Bunun bir çox səbəbləri ola bilər: stress, pəhriz, yorğunluq və s. Belə vəziyyətlərdə bir neçə gün gözlədikdən sonra tədbir görmək olar.
Ancaq nəzərinizə çatıdırırıq ki, aşağıda sadalayacağımız fiziki metodlardan heç biri elmi cəhətdən təsdiq olunmuş effektə malik deyildir:
- Aybaşı olmaq üçün nə etməli – portağal yeyin
Sitrus meyvələri ilə yanaşı tərkibində bol miqdarda C vitamini olan ispanaq, brokkoli, qara qarağat, brussel kələminin progesteron səviyyəsini azaldıb, estrogenləri yüksəltməsi haqqında müəyyən fikirlər vardır. Bu zaman uşaqlıq yığılır, endometrium soyulur – aybaşı başlayır.
- Aybaşı olmaq üçün nə etməli – zəncəfilli çay və ya cəfəri suyu için
Doğranmış zəncəfil kökünü 1 stəkan suda 5-7 dəqiqə qaynadın. Soyuduqdan sonra bal və ya şəkər qatıb için.
Xırda doğranmış 2 xörək qaşığı cəfərinin üzərinə 1 stəkan qaynar sud tökün. Bir qədər saxladıqdan sonra için.
Hər iki çay (içki) yüngül dərəcəli uşaqlıq yığılmalarına səbəb olur. Onların aybaşı olmaq üçün kifayət edəcəyi düşünülür.
- İsti vanna qəbul edin
İsti su kiçik çanaq orqanlarında qan dövranını yaxşılaşdırır. Bu da uşaqlıq yığılmalarını artıraraq, menstruasiya ilə nəticələnir.
- Aybaşı olmaq üçün nə etməli – istirahət edin
Aybaşı olmaq üçün nə etməli sualının cavabı bəzən o qədər bəsitdir ki: istirahət. Məsələn, stress və gərgin iş rejimi menstruasiya gecikməsinə səbəb ola billər. 2-3 günlük istirahət götürüb, psixoemosional gərginliyinizi azaldaraq, tsiklin bərpasına köməklik göstərə bilərsiniz.
- Aybaşı olmaq üçün nə etməli – bir qədər idmanla məşğul olun
Çanaqda qan dövranını artıran hərəkətlərə üstünlük vermək menstruasiyanın başlanması üçün şərait yaradır.
Əgər aybaşı ifrazatı həddindən çoxdursa, bezdə iri ölçülü qan laxtaları görünürsə, menstruasiyanın intensivliyi azalmırsa, mütləq ginekoloqa müraciət edin.