Aybaşı ağrıları
Əksər hallarda aybaşı ağrıları birincili dismenoreya ilə əlaqəli olur. Yəni ağrı hissiyatı xəstəlik səbəbindən deyil, özbaşına təzahür edir. Başqa sözlə desək, sağlam insanda aybaşı ağrıları baş verirsə, bunun “günahkarı” prostaqlandinlərdir.
Prostaqlandinlər – ağrı reseptorlarının həssaslığını artıran maddələrdir. Onlar menstruasiya vaxtı uşaqlıq tərəfindən sintez olunur. Prostaqlandinlərin funksiyası uşaqlıq yığılmalarını təmin etməkdir.
Aybaşı ağrıları – yaranma mexanizmi
Prostaqlandinlərin miqdarı çox olduqda, uşaqlıq yığılmaları güclənir. Qarnın aşağı hissəsində qıcolmanı xatırladan ağrılar meydana gəlir. Bəzən bu hissiyata bel nahiyəsində spazmlar da əlavə olunur.
Prostaqlandinlər həmçinin mədə-bağırsaq traktının əzələlərinin yığılmasına təsir göstərir. Bununla bağlı bəzən aybaşı zamanı ürəkbulanma və diareya (ishal) yaranır.
Aybaşı ağrıları nədən xəbər verir?
Əgər ağrılar anidən başlayırsa, sidik-cinsiyyət sistemi orqanlarını müayinə etmək zəruridir. Qəfil ağrıları aşağıdakı patologiyalar törədə bilər:
- Endometrioz;
- Sistit (sidik kisəsinin iltihablaşması);
- Mioma, fibroma və uşaqlığın digər şişləri;
- Kiçik çanaq orqanlarının iltihabı;
- Bağırsaq xəstəlikləri.
Aybaşı ağrıları zamanı xəstəliyi askara çıxarmaq üçün ilk növbədə ginekoloqun müayinəsindən keçmək tələb olunur. Eyni vaxtda həkim yaxma analizi götürə bilər. Daha sonra kiçik çanaq orqanlarının ultrasəs müayinəsi aparılır.
Aybaşı ağrısını nə kəsir?
- Qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏP). Bu qrupa daxil olan preparatlar ağrını kəsməklə yanaşı, prostaqlandinlərin sintezini azaldır. Ağrıya qarşı mürəkkəb tərkibli dərman almağa gərək yoxdur. Adi İbuprofen, Ketoprofen də belə vəziyyətlərdə kömək edir. Bütün dərmanlarda olduğu kimi bu preparatların da əks-göstərişləri var. Qastrit və mədə xorasından əziyyət çəkən qadınlar onlardan ehtiyatla istifadə etməlidir.
- Spazmolitiklər. Onlar QSİƏP-lə müqayisədə daha az effektivdir.
- Hamiləlik əleyhinə dərman. Oral kontraseptivlər hormonal təsirlə süni menstrual tsikl yaradır. Uşaqlığın daxili qişası – endometrium nazikləşir və mayalanmış yumurtahüceyrə onun üzərinə yapışaraq, inkişaf edə bilmir. Endometriumun nazik olması prostaqlandinlərin az miqdarda sintez edilməsi anlamına gəlir. Prostaqlandinlərin azlığı da aybaşı ağrılarının olmaması deməkdir. Beləliklə, bu qrup dərmanlar birbaşa deyil, dolayı yolla təsir göstərir.
Aybaşı ağrıları – birdəfəlik qurtulmaq mümkündür?
Menstruasiya boyu çətin ki, bu problem birdəfəlik həll olunsun. Uşaqlıq sinirlərini məhv edən bəzi cərrahi müdaxilələr mövcud olsa da, onlar çox riskli və ağırlaşmalarla müşayiət edilən manipulyasiyalardır.
Aybaşı ağrıları doğuşdan sonra azalır?
Bəzi həkimlər doğuşdan sonra ağrıların zəifləməsini iddia edir. Lakin tibbdə buna heç bir zəmanət yoxdur.
Aybaşı ağrıları təhlükəlidirmi?
Ağrı hər hansı bir xəstəlik səbəbindən baş vermirsə, təhlükə kəsb etmir. Sadəcə ginekoloqla məsləhətləşib, uyğun ağrıkəsici qəbul etmək məsləhət görülür.
Aybaşı zamanı ağrılar 3 gündən artıq davam etdikdə və tədricən gücləndikdə xəstəxanaya getmək tələb olunur.