Cinsi infeksiyalar dedikdə intim yaxınlıq zamanı yoluxan xəstəliklər nəzərdə tutulur. Onlar virus, bakterial və zoo-infeksiyalar olmaqla bir neçə qrupa bölünür.
Cinsi infeksiyalar haqqında bəzi faktlar
Dünyada hər gün 1 milyondan çox cinsi infeksiyalara yoluxma halı baş verir;
İllik hesabatlara əsasən 376 milyon yoluxma halları arasında ən sıx rast gəlinənlər – xlamidiya, qonoreya, sifilis, trixomoniazdır;
Statistik məlumatlara görə 500 milyondan çox insan sadə herpes virusunun törətdiyi genital herpesin daşıyıcısıdır;
Dünya üzrə 290 milyondan çox qadında papilloma virusu aşkarlanmışdır;
Əksər cinsi infeksiyalar simptomsuz gedişata malikdir. Onlardan bəziləri bir neçə simptomla təzahür edir. Bu səbəbdən erkən mərhələlərdə xəstə infeksiyaya yoluxmasından xəbərsiz olur;
2-ci tip herpes virusu və sifilis kimi cinsi infeksiyalar HİV (insan immunoçatışmazlıq virusu, xalq arasında SPİD adı ilə tanınır) ilə yoluxma riskini artırır;
Hələ 2016-cı ildə sifilisə yoluxmuş 298 000 hamilə qadında düşük, ölü doğuş, yenidoğulmuşun bir neçə gün sonra tələf olması halları qeydə alınmışdır;
Bəzi hallarda cinsi infeksiyalar reproduktiv (cinsi) sistemə ciddi zərər verir. Bunlara hamiləlikdə infeksiyanın anadan uşağa ötürülməsi, sonsuzluğun inkişafını misal göstərmək olar.
Cinsi infeksiyalar haqqında daha ətraflı
Məlumdur ki, 30-dan çox bakteriya, virus və parazit növü cinsi yolla ötürülə bilər. Onlardan 8-nə daha çox rast gəlinir:
bakterial və parazit mənşəli: sifilis, qonoreya, xlamidiya və trixomonad;
virus mənşəli: hepatit B, HİV (insan immunodefisit virusu), sadə herpes və insan papilloma virusu.
Müasir dövrdə insan papilloma virusunun, sadə herpesin çətinliklə də olsa müalicəsi mümkündür. Hepatit B-nin müalicəsi üçün son bir neçə ildə alimlər tərəfindən xüsusi preparatlar kəşf edilmişdir. Lakin bu dərman vasitələri digərlərinə nisbətən baha olduğundan hər kəsin onları əldə etməyə imkanı çatmır. Hazırda hepatit B əleyhinə peyvənd də mövcuddur.
HİV isə ən təhlükəli infeksiya növüdür. Alimlərin çoxyönlü səylərinə baxmayaraq, bu virusa qarşı dəqiq bir müalicə sxemi və preparat hələlik hazırlanmamışdır.
Cinsi infeksiyalar yalnız intim əlaqə zamanı ötürülür?
Bu tip infeksiyalar ənənəvi və qeyri-ənənəvi (oral, anal yolla) cinsi əlaqə zamanı xəstə insandan partnyora keçir. Bundan başqa cinsi infeksiyalar qrupuna aid olmasına baxmayaraq, bəzi formalara qeyri-cinsi yolla da yoluxmaq mümkündür. Məsələn: qan vasitəsilə, yaxşı sterilizə edilməmiş cərrahi, stomatoloji, manikür və pedikür üçün alətlərlə, eləcə də hamiləlik dövründə anadan dölə (uşağa) ötürülmə baş verə bilər. Xlamidioz, sifilis, hepatit B, HİV bu tip cinsi infeksiyalar arasındadır.
Yoluxmadan necə xəbər tutmaq olar?
Cinsi infeksiyaların əlamətləri aşkar olmaya da bilər. Ən çox müşahidə edilən simptomlara uşaqlıq və sidik yollarından axıntı, kişilərdə sidik ifrazı zamanı yanğı, diskomfort hissi, cinsi orqanlarda yaralar, qarnın aşağı hissəsində ağrı aiddir. Yoluxmanı qan analizinin köməyilə asanlıqla aşkar etmək olur.
Yoluxma hallarının ölkəmizdə yayılmaması üçün hansı tədbirlər görülür?
Yuxarıda qeyd etdiyimiz göstəricilərə baxmayaraq, ölkədaxili statistikada bu xəstəliklərin bir çoxunun yayılma faizi aşağıdır. Sağlamlığa nəzarət məqsədilə bir çox iş yerlərində, qurumlarda və şirkətlərdə, eləcə də tibb müəssisələrində çalışan işçilər ildə 2 dəfə xüsusi müayinələrdən keçir.
Həmçinin könüllü şəxslər ödənişli şəkildə hepatit B virusuna qarşı peyvənd vurdururlar. Cinsi infeksiyalar artmasın deyə, əksər stomatoloji və cərrahi alətlər, o cümlədən manikür, pedikür ləvazimatları ciddi qaydada sterilizasiya olunur.
Lakin bütün ehtimalları nəzərə alaraq, hər 6 aydan bir yuxarıda sadalanan viruslara görə qan analizi məsləhət görülür. Bu yolla cinsi infeksiyanı ilkin mərhələdə aşkarlamaq, sağalma şansını artırmaq mümkündür.