Cinsi infeksiyaların əlamətləri

01 Oktyabr 2019 Kateqoriya: Cinsi infeksiyalar Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1622
Cinsi infeksiyaların əlamətləri şəkil
5/5 - (2 votes)

Cinsi infeksiyaların 30-dan çox növü vardır. Onlar bir-birlərindən törədicilərinə və əlamətlərinə görə fərqlənirlər. İnfeksiyaların əksəriyyəti müalicəyə tabe olur. Bəzilərinin isə (HİV, yəni SPİD) sağalma metodları hələ ki, tapılmamışdır. Cinsi infeksiyaların əlamətləri ilə qarşılaşdıqda vaxt itirmədən müalicə almaq lazımdır.

Cinsi infeksiyaların 7 əsas əlaməti

  • İntim zonada qaşınma və göynəmə;
  • Cinsi orqanlar və anal nahiyədə qızartı, səpki, xora və suluqlar;
  • Cinsi orqanlardan axan xoşagəlməz qoxulu ifrazat;
  • Tezləşmiş və ağrılı sidik ifrazı;
  • Qasıq limfa düyünlərinin böyüməsi;
  • Qarnın aşağı hissəsində ağrılar;
  • Cinsi akt zamanı diskomfort.

Cinsi infeksiyaların əlamətləri – xlamidioz

İnfeksiyaya yoluxduqdan 1-4 həftə sonra qadınlarda irinli axıntı, ağrılı sidik ifrazı, qarnın aşağısında və bel-oma nahiyəsində ağrılar, aybaşıarası qanaxma müşahidə edilir.

Təhlükəliyi nədən ibarətdir? Müalicə olunmadıqda uşaqlıq boruları və boynunun iltihabı, hamiləlik patologiyaları, dalaq və qaraciyərin funksional pozğunluqlarına gətirib çıxarır.

Cinsi infeksiyaların əlamətləri şəkil 1

Cinsi infeksiyaların əlamətləri – trixomoniaz

Xəstəliyin əlamətləri yoluxmadan 4-21 gün sonra meydana çıxır. Trixomoniaz üçün ağ və ya sarımtıl-yaşıl rəngli kəskin qoxulu, köpüklü axıntı, uşaqlıq yolunun qaşınması, cinsi orqanların qıcıqlanması, sidik ifrazı zamanı diskomfort hissi, ağrı, göynəmə xarakterikdir. Nadir hallarda xəstəlik simptomsuz keçir.

Təhlükəsi nədir? Törədici uşaqlıq boynu, endometrium, uşaqlıq boruları, sidik yolları və yumurtalıqları zədələyir. İnfeksiya hətta peritonitə də səbəb ola bilər.

Mikoplazmoz, ureaplazmoz

Simptomlar infeksiyaya yoluxduqdan 3 gün, 2 həftə və ya 1 ay sonra təzahür edir. Hər 2 xəstəliyin əlamətləri oxşardır. Cinsi orqanlarda qaşınma, az miqdarda selikli axıntı, ağrılı sidik ifrazı qeyd edilir.

Bu infeksiyaların təhlükəliliyi sidik-cinsiyyət orqanlarının iltihablaşması ilə bağlıdır.

Cinsi infeksiyaların əlamətləri – qonoreya

Yoluxduqdan 3-7 gün sonra sarımtıl yaşıl axıntı, ağrılı sidik ifrazı, qarnın aşağı hissəsində ağrılar, bəzən də uşaqlıq yolundan qanlı ifrazat müşahidə olunur.

Təhlükəsi nədir? İnfeksiya sidik sistemi, uşaqlıq yolu, anal kanal, uşaqlıq, yumurtalıq və boruları zədələyir. Müalicə aparılmadıqda sonsuzluqla nəticələnir.

Cinsi infeksiyaların əlamətləri şəkil 2

Cinsi infeksiyaların əlamətləri – sifilis

Xəstəliyin inkubasiya dövrü 3-6 həftədir. Sifilisin ilkin əlaməti oval formalı xoradır (bərk şankr). Xora cinsiyyət dodaqları və uşaqlıq yolunun selikli qişasında əmələ gəlir, ağrı ilə müşayiət olunmur. 1-2 həftə sonra onun yaxınlığında yerləşən limfa düyünü böyüyür. Əllə yoxladıqda ağrılı olur. Bu xəstəliyin 1-ci fazasıdır.

2-4 aydan sonra 2-ci faza başlayır. Bədəndə səpkilər, yüksək temperatur, baş ağrıları, əksər limfa düyünlərinin böyüməsi bu fazanın əsas əlamətlərindəndir.

Təhlükəsi nədən ibarətdir? Sifilisi ləng ölüm adlandırırlar: müalicə gecikdirildikdə sümük-əzələ sistemi və daxili orqanlarda ciddi patologiyalar inkişaf edir.

Xəstəliyin sinir sisteminə yayılması 3-cü faza hesab olunur. Sifilisə yoluxan insanların 25%-i məhz bu xəstəlikdən ölür.

Xülasə

Cinsi yolla keçən infeksiyalar sonsuzluq törətdiyindən ilkin əlamətlər müşahidə edildikdə mütləq ginekoloji müayinədən keçməyiniz məsləhətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (2 votes)