Uşaqlıq yolunun qaşınması

22 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 3495
Uşaqlıq yolunun qaşınması şəkil
5/5 - (1 vote)

Uşaqlıq yolunun qaşınması və vaginada yaranan diskomfortun ən geniş yayılmış səbəbi həmin nahiyənin selikli qişasının iltihabıdır. Onun elmi adı vaginitdir. Reproduktiv yaşda olan 3 qadından biri bu problem ilə rastlaşır.

Uşaqlıq yolunun qaşınması ilə müşayiət olunan vaginitin əlamətləri

Vaginit cinsiyyət sisteminin infeksion və qeyri-infeksion mənşəli patologiyaları fonunda inkişaf edir. Onun əlamətlərinə aşağıdakılar aiddir:

  • uşaqlıq yolu və cinsiyyət dodaqlarının qaşınması, aralığın göynəməsi;
  • xoşagəlməz qoxuya malik çoxlu miqdarda vaginal axıntı;
  • cinsiyyət dodaqları və aralıq nahiyyəsində şişkinlik, qızartı;
  • sidik ifrazı zamanı ağrı və göynəmə;
  • dispareuniya (cinsi əlaqə zamanı ağrı).

Uşaqlıq yolunun qaşınması şəkil 1

Uşaqlıq yolunun qaşınması ilə nəticələnən vaginitin əsas səbəbləri

  • vaginal mikrofloranın disbalansı

Normal vaginal mikroflora əsasən Lactobacillus cinsindən olan laktobakteriyalardan ibarətdir. Bu mikroorqanizmlər uşaqlıq yoluna mikrobların daxil olmasının və inkişafının qarşısını alan süd turşusu, eləcə də hidrogen peroksid sintez edir. Mikrofloranın tərkibində laktobakteriyalarla yanaşı, həm də şərti-patogen mikroorqanizmlər: mikoplazma, qardnerella, bağırsaq çöpü, streptokokk və stafilokokka rast gəlinir.

Müəyyən səbəblərdən (soyuqlama, gigiyena qaydalarına əməl olunması, antibiotiklərdən qeyri-düzgün istifadə və s.) laktobakteriyaların miqdarı azaldıqda bu mikroorqanizmlər çoxalaraq, yayılmağa başlayır. Nəticədə iltihabi proses inkişaf edir. Qadınlarda vaginit, vaginoz və ya göbələk xəstəliyi (kandidoz) meydana çıxır. Sonuncu variantda uşaqlıq yolunun qaşınması, göynəməsi ilə bərabər kəsmiyəbənzər ifrazat əmələ gəlir.

  • xəstəlik törədən mikroorqanizmin kənardan vaginaya düşməsi

Normal vaginal mikrofloraya aid olmayan bir çox mikroorqanizmlər mövcuddur. Onlar orqanizmə düşdükdə iltihab törədir. Bu da uşaqlıq yolunun qaşınması, qızartı, ağrı hissiyatı, patoloji axıntı ilə müşayiət olunur. Həmin mikroorqanizmlərə cinsi yolla keçən infeksiyaların (xlamidioz, qonoreya, herpes,trixomoniaz  və s.) törədiciləri aiddir.

Uşaqlıq yolunun qaşınması şəkil 1

  • qeyri-infeksion vəziyyət

Vaginitin inkişafına şərait yaradan qeyri-infeksion amillər aşağıdakılardır.

  • estrogen çatışmazlığı səbəbindən uşaqlıq yolunun qan dövranının pozulması. Qadınlar adətən bu vəziyyətlə klimaks dövründə və ya yumurtalıqların cərrahi yolla xaric edilməsindən sonra rastlaşırlar.
  • intim gigiyena vasitələrinə qarşı allergiya. Buna allergik vaginit də deyilir.
  • yad cismin (tampon və ya prezervativ) uşaqlıq yolunda uzunmüddət qalması
  • uşaqlıq yolunun sallanması
  • vaginanın selikli qişasının travmaları

Sonda məsləhətimiz ondan ibarətdir ki, vaginada qaşınma olduqda kor-koranə dərman axtarışı etməyin. Belə hallarda ginekoloqun müayinəsindən keçin ki, qaşınmanı törədən səbəb araşdırılsın. Əsas xəstəlik müalicə olunduqda qaşınma da onunla birgə aradan qalxacaq.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)