Qadınlarda göbələk xəstəliyi

22 Sentyabr 2019 Kateqoriya: Qadın xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 10829
Qadınlarda göbələk xəstəliyi şəkil 8
4.9/5 - (8 votes)

Göbələk xəstəliyi (kandidoz) – Candida cinsindən olan maya göbələkləri tərəfindən dəri və selikli qişaların zədələnməsi ilə müşahidə edilən infeksion patologiyadır.

Göbələk xəstəliyi qadınlarda nədən yaranır?

Kandidoz yalnız xarici deyil, həm də daxili cinsiyyət orqanlarında iltihab törədir. Onun inkişafına aşağıdakı amillər şərait yaradır:

  • soyuqlama;
  • stress halları;
  • hamiləlik dövründə hormonal fonun dəyişməsi;
  • antibiotiklərin həddindən artıq qəbulu. Bu zaman uşaqlıq yolundakı patogen (xəstəlik yaradan) mikroorqanizmlərlə yanaşı, laktobakteriyalar (faydalı mikroorqanizmlər) da məhv olur. Nəticədə qadınlarda göbələk xəstəliyi əmələ gəlir;
  • immunitetin zəifləməsi ilə gedən xəstəliklər (cinsi yolla keçən infeksiyalar və s.);
  • endokrin patologiyalar (şəkərli diabet, piylənmə, qalxanabənzər vəzin fəaliyyətinin pozulması);
  • isti iqlim;
  • sintetik materialdan hazırlanmış dar alt paltarı və s.

Qadınlarda göbələk xəstəliyi şəkil

Qadınlarda göbələk xəstəliyinin formaları

İnfeksiyanın mənşəyi çox vaxt insanın özü olur. Yəni qadın orqanizmində immunitetin zəifləməsi, vaginal mikroflorada turşuluğun dəyişməsi nəticəsində uşaqlıq yolunda öncədən mövcud olan Candida göbəliyi çoxalaraq, yayılmağa başlayır.

Qadınlarda göbələk xəstəliyi bir neçə formada aşkarlanır:

  • daşıyıcılıq. Bu halda insan törədicinin sadəcə daşıyıcısıdır. Xəstəliyin əlamətlərinə rast gəlinmədiyindən müalicəyə ehtiyac yaranmır.
  • kəskin. Uşaqlıq yolunun qaşınması, cinsiyyət orqanlarında səpki, göynəmə müşahidə edilir. Kompleks müalicə tələb olunur.
  • xroniki. Əlamətlərin vaxtaşırı sönərək, bir müddətdən sonra qayıtması ilə xarakterizə olunur. Bu forma adətən antibiotiklər və hamiləlik əleyhinə dərmanlarla uzunmüddətli müalicə nəticəsində meydana çıxır.

 Qadınlarda göbələk xəstəliyinin əlamətləri

  • cinsiyyət orqanlarının qaşınması;
  • dəri və selikli qişalarda səpkilərin formalaşması;
  • cinsi dəlikdən kəsmiyi xatırladan ifrazatın axması;
  • ağımtıl ərpşəkilli ocaqların yaranması.

Qadınlarda göbələk xəstəliyi şəkil 7

Qadınlarda göbələk xəstəliyi – diaqnostikası

  • ginekoloji baxış. Müayinə zamanı selikli qişada ağımtıl ərplə örtülü ocaqlar aşkarlanır.
  • laborator diaqnostika. Selikli qişadan götürülmüş yaxma mikroskop altında yoxlanılır. PZR son zamanların məhşur diaqnostika metodu olsa da, kandidoz üçün yararsız sayılır.

Laborator üsullara əsasən aşağıdakılar daxildir:

  • ifrazatın (yaxmanın) mikroskopiyası;
  • uşaqlıq yolundan götürülmüş yaxmanın əkilməsi (bakteroloji müayinə);
  • immuno-ferment analiz (İFA).

Qadınlarda göbələk xəstəliyinin müalicəsi

Kandidozun müalicəsi onu törədən faktorların aradan qaldırılmasına əsaslanır. Cinsiyyət orqanlarının dərisi zədələndikdə göbələk əleyhinə mazlarla yerli müalicə aparılır.

Ginekoloq tərəfindən həmçinin sistem şəklində dərman preparatları təyin edilir. Qadınlarda göbələk xəstəliyi yalnız göbələk əleyhinə preparatlarla deyil, həmçinin kandidozu yaradan əsas xəstəliyin aradan qaldırılması ilə tam müalicə oluna bilər. Bu səbəbdən müalicə hər xəstəliyə uyğun spesifik xarakter daşıyır.

Xülasə    

Qadınlarda göbələk xəstəliyi xroniki gedişli infeksion prosesdir. Müalicədən sonra digər xəstəliklə bağlı antibiotik qəbul etdikdə yanaşı olaraq, göbələkəleyhinə dərman istifadə etməyiniz məsləhətdir. Bundan əlavə özünüzü soyuqdan qorumağınız, təbii materialdan hazırlanmış, rahat alt geyimlərinə üstünlük verməyiniz tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.9/5 - (8 votes)