Aybaşının vaxtından keçibsə, dərhal hamiləlikdən şübhələnib, aptekə üz tutursunuz? Lakin burada bir vacib məqamı vurğulamaq lazımdır: bəzi sadə qaydalara əməl etmədikdə ən ideal hamiləlik testi səhv göstərə bilər.
Testin iş prinsipi
Bütün hamiləlik testləri sidikdə xüsusi hormon – xorionik qonadotropini təyin etmək məqsədilə istehsal edilmişdir. Bu hormonun qısaldılmış adı XQ-dir. Xorionik qonadotropin mayalanmış yumurtahüceyrənin uşaqlıq divarına yapışdığı andan sintez edilir.
Xorionik qonadotropin
Adətən yumurtahüceyrə mayalanmadan 6 gün sonra uşaqlıq divarına birləşir. Bu müddət ərzində test etmək mənasızdır. Çünki nəticə yanlış olacaq. Zaman keçdikcə isə XQ-nin səviyyəsi sürətlə artmağa başlayır.
Hamiləlik testini nə zaman edə bilərəm?
Ovulyasiyadan 8 gün sonra yumurtahüceyrə spermatozoidlə qarşılaşdıqda laborator şəraitdə hamiləliyi təsdiqləmək mümkündür. Bu dövrdə qanda XQ-nin səviyyəsi kifayət qədər olur. Bir neçə gün sonra, yəni mayalanmanın 10-12-ci sutkasında adi testlər vasitəsilə nəticəni görmək mümkündür.
Ginekoloqların xəbərdarlığı
Hamiləlik testi instruksiyasında dəqiq nəticə alacağınız yazılsa da, həkimlər tələsməməyi tövsiyə edir. Belə ki:
Ovulyasiya aybaşı siklinin 10-14-cü günlərində baş veribsə, mayalanma anından yeni siklə qədər minimum 13 sutka keçməlidir. Bu müddətdə aparılan hamiləlik testi 2 xətt göstərəcəkdir.
Xatırlatmaq lazımdır ki, bəzi hallarda ovulyasiya müxtəlif səbəblərdən ləngiyə bilər. Məsələn, ovulyasiya siklin 22-ci günündə baş veribsə, növbəti aybaşı vaxtından minimum 7 sutka gecikmə olmadan heç bir hamiləlik testi düzgün nəticə verməyəcək. Belə hallarda hamiləlik testi tək cizgi göstərəcək.
Aybaşı sikli 28 gündən çox və ya az olduqda qarışıqlıq yaranır.
Bu səbəbdən düzgün nəticə əldə etmək üçün aybaşı gecikməsi zamanı ya həkimə müraciət olunmalı, ya da minimum 7 gün gözlədikdən sonra hamiləlik testi aparılmalıdır.