Hamiləlik testi səhv göstərə bilərmi? 

20 Sentyabr 2019 Kateqoriya: Hamiləlik testi Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 17816
Hamiləlik testi səhv göstərə bilərmi şəkil
2.8/5 - (13 votes)

Davamlı və müntəzəm menstruasiya tsikli olan qadınlarda aybaşı gecikirsə və bəzi hamiləlk əlamətləri müşahidə edilirsə, o zaman hamiləlik testi köməyə gəlir. Bu çox sadə və eyni zamanda funksional metoddur. Ancaq testlərin yalnış nəticə göstərmə ehtimalı hər zaman mövcuddur. Araşdırmalara əsasən bu ehtimal 3%-ə bərabərdir.   

Bəzi testlərdə nəticə xətt deyil, işarələrlə göstərilir. «+» pozitiv, «─» neqativ nəticə mənasını verir. 

Hamiləlik testi səhv göstərə bilərmi – doğuşdan sonrakı period (zahılıq dövrü)

Xorionik qonadotropin (XQ) normada qadın orqanizmində mövcud olan və hamiləlik zamanı qanda, eləcə də sidikdə kəskin yüksələn hormondur. Embrionun uşaqlıqda inkişafı etdiyi gündən qan dövranında və sidikdə XQ-nin titri yüksəlir, 7-11-ci hamiləlik həftəsində maksimuma çatır.

Daha sonrakı aylarda hormonun səviyyəsi tədricən azalır. Bütün hamiləlik dövründə və hətta doğuşdan sonra 3 həftə ərzində xorionik qonadotropinin miqdarı qan və sidikdə normadan yüksək olur. Buna müvafiq olaraq hamiləlik testi pozitiv göstərə bilər.

O üzdən belə bir vəziyyətlə rastlaşdıqda həyəcanlamağa gərək yoxdur. Çünki bu, təbii haldır. 1 ay gözlədikdən sonra təkrarən test etmək məsləhətdir. Eyni zamanda doğuşdan sonrakı periodda hamiləlik əleyhinə dərman, yəni kontraseptiv vasitələrdən istifadə etmək tövsiyə olunur. 

Hamiləlik testi səhv göstərə bilərmi şəkil 1

Düşük və ya abort sonrası hamiləlik testi səhv göstərə bilərmi? 

Düşük və ya planlaşdırılmış abortdan sonra qanda XQ səviyyəsi bir müddət yüksək qalır. Bu period 9-35 gün, orta hesabla 3 həftə davam edir. Həmin zaman intervalında test müsbət nəticə göstərir. 

Hamiləlik testi səhv göstərə bilərmi – molar hamiləlik

Molar hamiləlik haqqında çox az qadının məlumatı vardır. Həkimlər isə bu patologiyadan çox ehtiyat edirlər. Xəstəlik yalançı hamiləlik də adlanır. Əksər hallarda cavan qadınlarda rast gəlinir. Döl kisəsində embrion olmadan, köpükvari və ya üzüm salxımına bənzər kisəciklərin əmələ gəlməsi ilə xarakterizə edilir.

Molar hamiləlik keçirən qadınların qanında XQ səviyyəsi yüksəlir və test müsbət göstərir. Hətta qadında hormonal fon da dəyişə bilər. Molar hamiləlik xəstənin həyatı üçün təhlükəli sayılır. Yeganə müalicə üsulu cərrahi yolla onun uşaqlıqdan çıxarılması və orqanın qaşınmasından ibarətdir.

Hamiləlik testi səhv göstərə bilərmi şəkil 2

Xoriokarsinoma zamanı hamiləlik testi səhv göstərə bilərmi? 

Xoriokarsinoma ciftin bədxassəli şişidir. Hamiləlikdə və doğuşdan sonrakı dövrdə müşahidə olunur. Sürətlə inkişaf edən xəstəlikdir. Şiş qısa zaman ərzində yayılaraq, daxili orqanlara metastaz verir. Onun əsas toxuması yüksək miqdarda XQ sintez edən trofoblastlar olduğundan test edildikdə pozitiv cavab alınır. Xəstəlik ölümlə nəticələnə bilər. 

Süni mayalanmadan əvvəl hamiləlik testi səhv göstərə bilərmi? 

Hər ay yumurtalıqların birində yalnız 1 ədəd follikul böyüyür və maksimal ölçüyə çatdıqda partlayır. Onun daxilindəki yumurtahüceyrə uşaqlıq borusuna atılır. Bu, ovulyasiyanın mexanizmidir. 

Suni mayalanmaya hazırlıq dövründə yumurtalıqların stimulyasiyası ilə əlaqədar superovulyasiya üçün çoxlu miqdarda XQ sintez olunur. Bu zaman edilən test müsbət nəticə göstərə bilər. Belə halın mümkünlüyü barədə həkim qadını əvvələcədən məlumatlandırmalıdır. 

Stimulyasiya – hormonal preparatlarla yumurtalıqlarda süni olaraq bir neçə dominant follikul, yumurtahüceyrənin yetişdirilmə prosesidir. Superovulyasiya isə eyni zamanda birdən çox yumurtahüceyrənin toplanmasıdır. 

Hamiləlik testi səhv göstərə bilərmi şəkil 4

Düzgün istifadə etmədikdə hamiləlik testi səhv göstərə bilərmi? 

Apteklərdə müxtəlif firmaların istehsal etdiyi növbənöv testlər satılır. Onların istifadə qaydası demək olar ki, eynidir. Testi etdikdən sonra gözləmə müddəti çox önəmlidir. Bu vaxt adətən 3-5 dəqiqədir. Yaxşı olar ki dəqiqəölçənlə vaxta nəzarət edilsin. Çünki test uzun müddət qaldıqda yalnış olaraq, müsbət nəticə alına bilər.

Hər bir test üçün kontrol xətti mövcuddur və o dəyişmir. Çubuq üzərində kontrol xətti bildirən “C” və testin nəticəsini göstərən “T” hərfi işarə edilmişdir. İstifadədən sonra kontrol xəttin rəngi dəyişmirsə, bu, testin yararsızlığını təsdiqləyir.

Bu səbəbdən hamiləlik zamanı tək xətt, yəni səhv olaraq mənfi nəticə göstərə bilər. Əslində çubuğun T işarəli hissəsində xətt əmələ gəlir, sadəcə kontrol xətt olmadığına görə nəticə qadın tərəfindən yalnışlıqla mənfi kimi dəyərləndirilir. Hamiləlik testi edərkən bu nüanslara diqqət yetirmək lazımdır.  

Bəzi qadınlar üçün test çubuğundakı iki xətt sevindirici hal, digərlərinə isə gözlənilməz ola bilər. Hər bir halda hamiləlik testi pozitiv göstərirsə, dəqiq diaqnostika üçün ginekoloqa müraciət edilməlidir.    

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
2.8/5 - (13 votes)