Hamiləlik testi necə edilir?
Reproduktiv yaşda olan və aktiv cinsi həyat keçirən hər bir qadında menstruasiya gecikməsi hamiləliyə şübhə yaradır. Bu halda ən sadə çıxış yolu test etməkdir. Hamiləlik testi ilə bağlı bəzi qaydaları nəzərinizə çatdıraq:
- bağlamanı əvvəlcədən deyil, diaqnostikadan öncə açın.
- bağlaması zədələnmiş testdən istifadə etməyin. Çünki nəticə yalnış ola bilər.
- istifadə tarixi bitmiş testi almayın.
- testi optimal vaxtda: səhər saatlarında yataqdan qalxdıqdan sonra edin.
- test şprisli deyilsə, sidiyi yığmaq üçün götürülən qabın təmizliyinə fikir verin.
- sidiyə getməzdən əvvəl cinsi orqanlarınızı təmiz yuyun.
- testin istifadə qaydasına ciddi şəkildə əməl edin.
Hamiləlik testi necə edilir – testlərin növləri
Ekspress testlərin müxtəlif tipləri mövcuddur. Onların hər birinin istifadə qaydası bağlamanın üzərində qeyd edilir. Əgər testi gecikmənin ilk günlərində yoxlayın yazılıbsa, bu onun tərkibindəki reagentin həssaslığının yüksək olmasına işarədir.
Testin qiyməti nə qədər ucuzdursa, tərkibindəki kimyəvi reagent bir o qədər keyfiyyətsiz olur. Belə hallarda yalnış olaraq hamiləlik testi pozitiv göstərə bilər.
Hazırda apteklərdə 4 tip test satılır. Bəzi istehsalçılar eyni brend altında bir neçə tip istehsal edir. Bu üzdən aptekdən test alarkən onun tipinə diqqət edin.
Strip formalı hamiləlik testi necə edilir?
Strip-test hamiləliyin ev şəraitində diaqnostikasında ön sıralarda durur. Onun ən geniş yayılmış və ucuz forması Itest plus sayılır. Bu forma daxili qatı reagentlə hopdurulmuş plastik-kağız zolaqlardan ibarətdir. Sidiklə təmasda olarkən I zolaq testin işlək vəziyyətdə olduğunu, II zolaq isə hamiləliyi təsdiqləyir.
İstifadə qaydası: səhər sidiyini təmiz qaba yığıb, test çubuğundaki sərhədə qədər sidiyə batırın. 20-30 saniyə saxladıqdan sonra çubuğu sidikdən çıxarıb, quru salfetin üzərinə qoyun və gözləyin. XQ hormonunun konsentrasiyasından asılı olaraq, nəticə 1-10 dəqiqəyə bilinir. Zolağın daha açıq rəngli olması hamiləlik həftəsinin kiçik olmasından xəbər verir.
Planşet tipli hamiləlik testi necə edilir?
Planşet tipli testlərin iş prinsipi strip testdəki kimidir. Sidiklə təmas anında reagentdə kimyəvi reaksiyalar gedir, rəng dəyişir.
İnstruksiyaya əsasən sidik təmiz qaba yığılır, daha sonra pipetka ilə 4 damcı sidik götürülüb, planşetin pəncərəsinə damızdırılır. Orada 2 xətt və ya + – işarələr ola bilər.
Şırınqalı hamiləlik testi necə edilir?
Bu tip testlər daha həssas və dəqiq sayılır. Test edərkən əlavə manipulyasiya və qablara ehtiyac olmur. Zolaq sidiyin altında 10 saniyə müddətində tutulur. 1-4 dəqiqədən sonra nəticəyə baxılır. Yuxarıda qeyd edilən formalardan fərqli olaraq, bu testlər gözlənilən menstruasiya tarıxindən 5 gün əvvəl nəticə verir.
Rəqəmsal hamiləlik testi necə edilir?
Adi variantların elektron modifikasiyasıdır. Test sidiyə salınır, nəticə elektron mini lövhədə və ya USB port vasitəsilə qoşulduğu kompüterin ekranında əks olunur. Bu variantın həssaslığı digər testlərlə eynidir. Gözlənilən aybaşıya 3-4 gün qalmış istifadə olunduqda hamiləlik faktını təsdiq və ya inkar etmək mümkündür.